Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-7470/2025 19.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “yaşayış binada liftin quraşdırılması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. “Çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazırlıq barədə” 24 dekabr 2019-cu il tarixli, 0304 nömrəli ünvan 3 ünvanda yerləşən 2 ədəd, bir girişli, 12 mərtəbəli yaşayış binasına dair “R+R” MTK-nın adına verilmiş rəy.
2. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 27 iyul 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0675 ha torpaq sahəsi “R+R” MTK-nın xüsusi mülkiyyətindədir.
3. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 17 mart 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir.
MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:
İddia ərizəsinin dəlilləri
4. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “R+R” MTK-nın inşa etdiyi Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 130 ünvanındakı 12 mərtəbəli binada ikinci liftin qoyulması və lift sisteminin standartlara uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
6. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
7. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, liftin qoyulması iddia edilən binada həm sakin, həm komendant olduğunu, liftin qoyulması ilə əlaqədar digər sakinlərin də razı olduğunu, lakin buna dair hər hansı sənədin mövcud olmadığını, həmin binanın bir liftlə istismarına razılığın verilməsinin əsassız olduğunu bildirmiş, binada ikinci liftin quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi iddia tələbinin mümkün hesab edilməməsini xahiş edərək bildirmişdir ki, hazırkı iddia tələbi cavabdeh orqanın səlahiyyətlərinə aid deyil, eyni zamanda, qeyd edilən binanın 2007-ci ildə tikildiyini, 2015-ci ildə ekspertizadan keçdiyini, 10 il müddətdə binanın bir liftlə istifadə olunduğunu, hər hansı şikayətin mövcud olmadığını qeyd etmiş, bundan əlavə, liftin quraşdırılması məsələsi binanı inşa etmiş MTK-nın özünə aid olduğunu, MTK-nın təşəbbüsü mövcud olmadıqda isə binanın sakinlərinin birgə müraciəti əsasında həll olunduğunu bildirmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
10. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.
11. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
12. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
13. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
14. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
15. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
17. İddiaçının hazırkı iddia tələbi yaşadığı və mülkiyyətində olduğu mənzilin yerləşdiyi binada ikinci liftin quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə əlaqədardır.
18. İş materiallarına əlavə edilmiş sənədlərdən, həmçinin iddiaçının verdiyi izahatlarından müəyyən edilir ki, qeyd edilən bina “R+R” MTK tərəfindən inşa edilmişdir.
19. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: - öz hərəkətlərinə hüquqi ixtiyar; - başqa (borclu) şəxslərdən tələb etmək hüququ; - müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 225/2024 saylı qərarında qeyd olunmuşdur ki, “31. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. 32. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.”
21. Məhkəmə işin müəyyən edilmiş hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, qeyd edilən bina iddiaçının xüsusi mülkiyyətində olmadığından, onunla bərabər digər sakinlərin olduğundan, onların hazırkı iddia tələbinə dair razılıqlarına, və ya iddiaçının həmin şəxləri təmsil edərək, hazırkı iddianın onların maraqları nəzərə alınmaqla qaldırıldığına dair hər hansı sübut məhkəməyə təqdim edilməmil, bu səbəbdən də iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyildir.
22. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə tərəfindən cavabdehin hazırkı iddiaya cavab verməli olan orqan olmadığı, yəni MTK tərəfindən inşa edilmiş binada liftin quraşdırılması cavabdeh orqanın səlahiyyətlərinə aid olmaması, tərəfindən yalnız binada inşa edilmiş liftlərin istismarına dair icazənin (rəy) verilməsi müəyyən edilmişdir.
23. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququn müəyyən olunmaması, həmçinin iddiaya cavabdehin cavab verməli orqan olmaması əsasları ilə mümkün sayılmamalıdır.
24. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
25. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova