Məhkəmə qərarları › İş №2-1(118)-749/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-749/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-749/2022 15.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “Səlimov Kamal Süleyman oğlunun, onun xüsusi mülkiyyəti olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 30 nömrəli evin, 43 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 30da yerləşən 43 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında onun adına dövlət qeydiyyatına alınmışdır. 2008-ci ilin dekabr ayında Rusiya vətəndaşı, 02.10.1058-ci il təvəllüdlü əmisi Səlimov Kamal Süleyman oğlunun xahişinə əsasən xüsusi mülkiyyətində olan mənzilinə pasport qeydiyyatına alınmışdır. Hüzrə gəlmiş Kamal Səlimov bir neçə gün Sumqayıt şəhərində qohum evində qonaqladıqdan sonra Rusiya Federasiyasına qayıtmışdır. Həmin vaxtdan sonra o, Azərbaycana gəlməmişdir. O, iddiaçının xüsusi mülkiyyətində olan mənzildə heç vaxt yaşamamışdır. Onun mənzili ilə heç bir əlaqəsi yoxdur. Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək Səlimov Kamal Süleyman oğlunun Sumqayıt şəhəri , 10-cu mikrorayon, ev 30, mənzil 43-dən pasport qeydiyyatından çıxarılmasını xahiş etmiş, lakin cavabdeh onu mənzildən pasport qeydiyyatından çıxarmamış və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cu şəxsin pasport qeydiyyatında olduqları mənzilə məhkəmə bildirişi göndərilmiş, lakin üçüncü şəxsə göndərilmiş məhkəmə bildirişi zərf ilə bərabər və zərfin üzərində “bu ünvandan köçüb” qeydi qoyulmaqla məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş 123-43592H-3221 nömrəli, 01 dekabr 2021-ci il tarixli imtina məktubu, Dövlət Tikinti İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 24741 inventar nömrəli Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış, MKTB-nin 16 saylı MKS-nin verdiyi 254 nömrəli, 15.02.2022-ci il tarixli arayış, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7879/2019 nömrəli, 08.11.2019-ci il tarixli qətnaməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-810/2020 nömrəli, 18.03.2020-ci il tarixli qətnaməsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Dövlət Tikinti İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 24741 inventar nömrəli Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 30 nömrəli evin, 43 saylı mənzil vəsiyyət üzrə vərəsəlik hüququ ilə Səlimova Yeganə Rəhman qızının adına rəsmiləşdirilmişdir. Səlimova (Hüseynova) Yeganə Rəhman qızının həmin mənzil üçün vəsiyyət üzrə vərəsi olduğu, iş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7879/2019 nömrəli, 08.11.2019-ci il tarixli qətnaməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-810/2020 nömrəli, 18.03.2020-ci il tarixli qətnaməsi ilə də təsdiq olunur. İddiaçının əmisi 3-cü şəxs Səlimov Kamal Süleyman oğlu faktiki başqa ünvanda yaşayır və formal olaraq iddiaçının mənzilinə pasport qeydiyyatına düşmüşdür. Göründüyü kimi, iddiaçı Səlimova (Hüseynova) Yeganə Rəhman qızı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 30 nömrəli evin, 43 saylı mənzili vəsiyyət üzrə vərəsəlik hüququ əsasında almışdır və hal-hazırda həmin mənzilin mülkiyyətçisidir. İddia tələbi üzrə 3-cü şəxs Səlimov Kamal Süleyman oğlu qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır və faktiki olaraq başqa ünvanda yaşayır. Ona görə də, məhkəmə hesab edir ki, 3-cü şəxs Səlimov Kamal Süleyman oğlu Sumqayıt şəhəri, 10-cu mikrorayon, 30 nömrəli evin, 43 saylı mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Səlimov Kamal Süleyman oğlunun İddiaçı məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, 30 nömrəli evin, 43 saylı mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar