Məhkəmə qərarları › İş №2-1(118)-75/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-75/2020

20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-75/2020 20.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulması”barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, iddiaçı narazı qalaraq, məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1993-cü il tarixdən xx xxxxxx 1994cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü üğrunda gedən döyüş əməliyyatlarında könüllü iştirak edib. Onun vətənimizin ərazi bütövlüyü üğrunda gedən döyüşlərdə könüllü iştirakı 1993-cü il noyabrın 2-də Ali Baş Komandanımız Ümummilli liderimiz Heydər Əliyevin çıxışının və özünün vətənpərvərlik hissinin nəticəsi olmuşdur. 1993-cü ildə Quba rayonunda Prokuror vəzifəsində işləyən Əli Eyvazov noyabr 1993-cü ildə Quba batalyonu təşkil etdi. Quba Batalyonunun komandiri o vaxtlar baş leytenant olan (hazırki polkovnik) Şahin Ələkbərov idi. Quba Batalyonunun təşkilatçısı prokuror Əli Eyvazov döyüş əməliyyatlarında da mühüm rol oynamışdır. O, xx.xx.1993-cü il tarixdən Vətənimizin ərazi bütövlüyü üğrunda gedən döyüşlərdə iştirak edib (ona məxsus H3 № ******* hərbi biletinin 6-cı və 7- ci səhifələrində qeyd olunub). xx.xx.1994-cü il tarixdə Füzuli rayonu ərazisində döyüş əməliyyatları zamanı yaralanıb (xx.xx.1994-cü il tarixli xəstəlik tarixindən çıxarış). Onun Vətənimizin ərazi bütövlüyü üğrunda gedən döyüşlərdə iştirak barədə qeydiyyat kitablarında soyadı, adı, ata adı qeyd olunub. Qeyd etmək istəyir ki, hazırda müharibə veteranı adının alınması ilə bağlı döyüşlərdə iştirak etməyindən böyük qürur hissi duyur, bir azərbaycanlı kimi o, bununla fəxr edir. X2 Bütövlüyü uğrunda gedən döyüşlərdə (Qarabağ Müharibəsində) iştirak etməyi ilə əlaqədar ona müharibə veteranı adının verilməsinin onun üçün mənəvi əhəmiyyəti də vardır. Onun döyüşlərdə iştirakını döyüş yoldaşların təsdiq edə bilərlər. Quba-Qusar batalyonuna həsr olunmuş “X3” kitabının 266-cı səhifəsində onun soyadı, adı, atasının adı sıra nömrəsi - 317 göstərilmişdir və döyüşlərdə iştirakı qeyd olunmuşdur. Hal-hazırda o, Dövlət və Müdafiə Nazirliyi tərəfindən verilən güzəşt və yardımlardan yararlana bilmir. Onun həmin illərdə hərbi hissədə qulluq etməyi, yaralanmağı barədə xx.xx.1994-cü il tarixli xəstəlik tarixindən çxarışı məhkəməyə təqdim edir. O, həmin illərdə evində isti yorğan-döşəkdə yatmayıb soyuq səngərə düşmənlərlə üz-üzə döyüşməyə, müharibəyə getmişdir. Ona məxsux H3 № ******* hərbi biletinin 6-ci və 7-ci səhifələrində onun xx.xx.1993cü il tarixdən vətənimizin ərazi bütövlüyü üğrunda gedən döyüşlərdə iştirak etdiyi qeyd olunduğundan və eləcə də xx.xx.1994-cü il tarixdə Füzuli rayonu ərazisində döyüş əməliyyatları zamanı yaralandığından o, yazılı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edib. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ona 1/281-9778 saylı, xx.xx.2018-ci il tarixli təkrar imtina məktubu göndərərək ona Müdafiə Nazirliyinin aparatı nəzdində ’’Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2017-ci il tarixli iclasında baxıldığı və barəsində müsbət qərar qəbul edilmədiyi cavabını verərək imtina etmişdir. İddiaçı məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Konkret olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yuxarıda qeyd edilən ərazilərdə aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddiaçı Azərbycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak emiş, hərbi vəzifəli kimi cəlb olunduğu hərbi xidmətdən qanuni əsaslarla ehtiyata və ya istefaya buraxılmışsa, həmin faktları təsdiq edən dəlillərə malikdirsə cavabdeh onun iddiasının təmin olunmasına etiraz etmir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Hazırki işdə də iş materiallarında olan sənədlərdə iddiaçının N saylı hərbi hissənin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı bu halların təkzibi, qanuni əsaslarla təxris olunması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının qanuni əsaslarla ordu sıralarından təxris olunmasının müəyyən olunması ilə bağlı müvafiq orqanlara sorğular göndərmiş, məhkəməyə iddiaçının qanuni əsaslarla təxris olunmasını müəyyən edən sübut daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar