Məhkəmə qərarları › İş №2-1(118)-751/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-751/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-751/2021 14.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “Quba rayonu Xucbala kəndində keçmiş sovxozun 0,75 ha əkinə yararlı torpaq sahəsinə X8, X9 və X1 torpağa mülkiyyət hüququna dair dövlət aktının, torpaq sahəsinin plan və ölçüsünü, çıxarışın verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X5, anası X6 və onun adına Quba rayonu Xucbala kəndində keçmiş sovxozun 0,75 ha əkinə yararlı torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli iclasının protokolu ilə ayrılmışdır. Həmin torpaq sahəsi onların istifadəsində olmuş, atası, anası rəhəmətə gedəndən sonra hazırda da həmin torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsi ilə əlaqədar torpağa mülkiyyət hüququna dair dövlət aktının arxiv məlumatlarının verilməsi ilə əlaqədar DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunmuşdur. 5 saylı Xaçmaz Ərazi İdarəsinin 05.02.2021-ci il tarixli cavab məktubu ilə bundan imtina olunmuşdur. Hesab edir ki, imtina məktubu qanunsuz və əsassızdır. Belə ki, Quba rayonu Digah-Xucbala Bələdyiyyəsinin 01 fevral 2021 -ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Quba rayonu Xucbala kəndində 1998-ci ildə Y.A.İ.K üzvülərinin iştirakı ilə mərhum X10, X9 və Baxışova (Şixəmmədova) Aytəkin Əhməd qızma Quba rayonu Xucbala kəndində keçmiş sovxozun 0,75 ha əkinə yararlı torpaq sahəsi verilmişdir və hazırda həmin torpaqdan Baxışova (Şixəmmədova) Aytəkin Əhməd qızı istifadə edir. X22 filalının 01 iyun 2020-ci il tarixli 555 saylı arxiv arayışına əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli iclasının protokoluna əsasən Aqrar İslahat Komissiyasının 25 oktyabr 1998-ci il tarixli 7 saylı protokolu əsas sayılmış cədvəllər və qoşma akt təsdiq edilmişdir. X22 filalının 01 iyun 2020-ci il tarixli 556 saylı arxiv arayışında qeyd edilmişdir ki, Xucbala kəndi üzrə torpaq payı almaq hüququ olan vətəndaşlar siyahısında sıra nömrəsi 112 olan X3, sıra nömrəsi 113 olan X9 və sıra nömrəsi 114 onan X1 adları qeyd edilmişdir. X22 filalının 08 fevral 2021-ci il tarixli 117 saylı arxiv arayışında qeyd olunmuşdur ki, Xucbala kəndi üzrə üzrə 1991-2000-ci illərə aid 8 N-li təsərrüfatbaşına kitabında xx.xx.1978-ci il tarixdə Xucbala kəndində anadan olmuş X1 Xucbala kənd sakini olub orada yaşaması qeyd edilmişdir. Həyat yoldaşı X11 ilə rəsmi nikaha daxil oduqdan sonra soyadı Baxışova olaraq dəyişdirilmişdir. Bu barədə nikah şəhadətnaməsinin surətini ərizəyə əlavə edir. Bundan əlavə Quba rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında mübahisə edilən torpaq sahəsinin yaxınlığında yerləşən torpağa dair X7 və başqalarına torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmiş və bunu əsasında çıxarış alınmışdır. Bundan da əlavə eyni qaydada mübahisə edilən torpaq sahəsinin yaxınlığıda yerləşən torpaq sahəsinə dair X12 da çıxarış verilmişdir. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 10-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Göstərilənlərə əsasən hesab edirlir ki, iddia tələbi əsaslıdır, qanunidir. Ona görə də hazırkı iddia ərizələri ilə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirlir ki, vətəndaş X13 mərhum X4, mərhum X2 və X1 adına torpağa mülkiyyət hüququna dair dövlət aktının surətinin verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 29.01.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizəyə 05.02.2021-ci il tarixli **********986 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatlarına əsasən Quba rayonu, Xucbala kəndində mərhum X4, mərhum X2 və X1 adına “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” nın arxiv nüsxəsi aşkar edilməmişdir”. Yuxarıda göründüyü kimi, 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş müraciət məktubu İddiaçı aid deyildir, o cümlədən ərizənin məzmunu daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi bağlıdır və Ərazi İdarəsi tərəfindən cavab məktubu hüquqların dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə deyildir. Torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş torpaq sahəsinin hüquqi statusunu müəyyən edən, hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçrilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmiş, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı məzmunda imtina cavabı verilməmişdir və bununlada inzibati akt mövcud deyildir. İPM-in 2.2, 2.2.1-2.2.4-cü maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul ediiməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 05.02.2021-ci il tarixli **********986 nömrəli imtina məktubu, **********2 saylı, 25 fevral 2021-ci il nömrəli etirazı, arayışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə - 14.2). Cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mərhum atasının, anasının və öz adına mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, arxiv məlumatlarında onların adına “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın arxiv nüsxəsi aşkar edilmədiyindən hüquqların dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının, onun anası X4 və atası X2 adına torpağa mülkiyyət hüququna dair dövlət aktı arxiv məlumatlarında olmadığına görə, hazırkı iddia tələbinin təmin edilməsi mümkün deyil. Belə ki, cavabdeh inzibati orqan hüquqları dövlət qeydiyyatına alarkən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin düzgün olub-olmamasına məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən X22 rayon filialının verdiyi 01 iyun 2020-ci il tarixli 556 saylı arxiv arayışında göstərilmiş qeyd, yəni hazırkı, iddia tələbi üzrə iddiaçının və onun valideyinlərinin Xucbala kəndi üzrə torpaq payı almaq hüququ olan vətəndaşların adlı siyahısında sıra nömrəsinin 112 olması həmin şəxslərə Quba rayon Aqrar İslahat Komissiyası tərəfindən torpaq sahəsinin ayrılmasına dəlalət edə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən lazimi hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından və ya məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Bu səbəbdən də cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin edilməməsində haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsirdən sonra yaranır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu Xucbala kəndində keçmiş sovxozun 0,75 ha əkinə yararlı torpaq sahəsinə X8, X9 və X1 torpağa mülkiyyət hüququna dair dövlət aktının, torpaq sahəsinin plan və ölçüsünü, çıxarışın verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu Xucbala kəndində keçmiş sovxozun 0,75 ha əkinə yararlı torpaq sahəsinə X8, X9 və X1 torpağa mülkiyyət hüququna dair dövlət aktının, torpaq sahəsinin plan və ölçüsünü, çıxarışın verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar