Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-751/2024 16.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********496000 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********496000 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixli **********496000 qərarla cəmiyyətdən 340,07 manat əsas, 149,60 manat faiz, 100 manat maliyvə sanksiyası olmaqla ümumilikdə 589,67 manat borc tələb etmiş və icra orqanlarına məcburi icra ilə əlaqədar müraciət etmişdir. İddiaçı icra barədə olan bu qərarın surətini xx.xx.2023-cü il tarixdə Sumqayıt İcra şöbəsindən əldə etmişdir. Sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, hesablanmış borc və faizlər 2020-ci il və ondan əvvəlki illər üçün hesablanmışdır. Əvvəlki illər üçün hesablanmasına baxmayaraq (müddətin keçməsinə baxmayaraq) borc tələb edilmiş, ona faiz hesablanmış və maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikasının 56.1-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Buna görə də əvvəlki illər üçün hesablanmış məsuliyyət tədbirləri ləğv edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 31 oktyabr 2017-ci il tarixli qanunla edilmiş dəyişiklikdən sonra cəmiyyətəsas qazancından məhrum edilmişdir. Belə ki, həmin dəyişiklikdən sonra əsas qazanc mənbəyi olan məhkəmələrdə fiziki və hüquqi şəxslərin nümayəndəsi qismində hüquqlarının müdafiə olunması onlara qadağan edilmişdir.Nəticədə qazancı əlindən alınmış və onlar faktiki və rəsmi olaraq dövlət tərəfindən işsiz saxlanılmışlar. Buna baxmayaraq yenə onları vergi məsuliyyətinə cəlb edirlər.Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən İddiaçı direktoru Seyran Dadaşov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, nümayəndə Seyran Dadaşova məhkəmə tərəfindən hüquqi yardım edilərək, iddia tələbində göstərdiyi qərarın inzibati akt hesab edilməməsi ona bildirilmiş, lakin iddiaçının nümayəndəsi tələbə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli, **********496000 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərarda qeyd olunmuşdur ki, vergi ödəyicisi İddiaçı xx.xx.2023-cü il tarixə 340,07 əsas, 149,60 manat faiz, 100 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 589,67 manat məbləğində vergi borcu mövcuddur. Vergi məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü və 93.1.1-ci maddələrinə əsasən qeyd olunan müddətin keçməsi ilə əlaqədar iddiaçının hazırda mübahisələndirdiyi vergi borcunun böyük bir qismi - 365,77 manat məbləğdə vergi borcunun silinməsi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixə iddiaçının şəxsi hesab vərəqəsi üzrə vergi borcu 123,83 manat təşkil edir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə əməl edilməmişdir. Belə ki, İddiaçı MMC tərəfindən vergi borcu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə borcun yaranmasına əsas olmuş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin 16.01,2023-cü il tarixli **********035600 nömrəli və 01,07.2021-cü il tarixli **********942600 nömrəli qərarları xx.xx.2023-cü il tarixli, **********496000 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərarı əsasında icraya yönəldilmişdir. Göründüyü kimi, iddiaçı “Tələbin icraya yönəldilməsi” barədə qərarın ləğv edilməsini xahiş etməklə prosesual pozuntuya yol vermişdir. Belə ki, borcu yaradan hüquqi sənədlər (borcun yaranmasına hüquqi əsas) 16.01,2023-cü il tarixli **********035600 nömrəli və xx.xx.2021-cü il tarixli **********942600 nömrəli qərarlar olmuşdur. Vergi ödəyicisinin xx.xx.2023-cü il tarixli, **********496000 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərarı mübahisələndirməsi mümkünsüzdür. Belə ki, “Tələbin icraya yönəldilməsi” barədə qərar icra xarakterli qərar olub iddiaçı üçün bilavasitə hər hansı hüquqi nəticə yaratmır, hüquqi nəticə yaradan qərarların icrası məqsədini daşıyır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Vergi orqanlarının qəbul etdiyi “Tələbin icraya yönəldilməsi haqqında” qərarla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, sözügedən qərarlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati akt hesab olunmur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Göründüyü kimi, “Tələbin icraya yönəldilməsi haqqında” qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur. Qeyd edilənlərə əsasən, xx.xx.2023cü il tarixli, **********496000 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil qaydada mübahisələndirilə bilməzlər. Beləliklə, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********496000 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-751/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-751/2024
16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver