Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-753/2021 22.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdeh Xaçmaz rayon Xudat bələdiyyəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Xudat bələdiyyəsinə və X3 qarşı “cavabdeh X4 ilə Xudat bələdiyyəsi arasında daşınmaz əmlakın alqı-satqısına dair bağlanmış xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı müqavilənin, cavabdehin adına işlənmiş çıxarışın və Xudat bələdiyyəsinin adına işlənmiş xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Xudat bələdiyyəsinə və X3 qarşı iddia qaldıraraq “cavabdeh X4 ilə Xudat bələdiyyəsi arasında daşınmaz əmlakın alqı-satqısına dair bağlanmış xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı müqavilənin, cavabdehin adına işlənmiş çıxarışın və Xudat bələdiyyəsinin adına işlənmiş xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Xudat şəhəri, K.Zavod qəsəbəsi, yeni yaşayış massivi, T.İsmayılov küçəsində yaşadığı evində qarşısında əvvəllər boş olmuş və ərazidəki sakinlərin zibilxana kimi istifadə etdikləri 0,02 ha torpaq sahəsinin 1997- 1998-ci illərdə öz zəhməti və vəsaiti hesabına yararlı hala gətirərək, orada bağ salmış, uzaq məsafədən həmin əraziyə su xətti çəkmiş və dəmir torlarla hasara alaraq şəxsi bağı kimi istifadə etmişdir. Qeyd olunan torpaq sahəsi uzun müddət, yəni 1997-ci ildən etibarən istifadəsində olduğuna görə Xudat bələdiyyəsi yaradıldıqdan sonra dəfələrlə həmin torpaq sahəsini almaq üçün bələdiyyəyə müraciətlər etmişdir. Lakin bələdiyyədən bildirilmişdir ki, torpaq sahəsi hələlik bələdiyyənin mülkiyyətində deyil, torpaq sahəsi bələdiyyənin mülkiyyətinə rəsmiləşdiriləndən sonra ona satıla bilər. Təxminən 20 il ərzində heç bir etiraz, pretenziya və ya iddia qaldırılmamış, torpaqdan şəxsi əmlakı kimi istifadəsinə hər hansı bir orqan tərəfindən, o cümlədən Xudat bələdiyyəsi tərəfindən heç bir etiraz edilməmişdir. Nəhayət xx.xx.2017-ci il tarixli çıxarış əsasında Xudat bələdiyyəsi onun istifadəsində olan 0,02 ha torpaq sahəsinə və cavabdeh X2 qaynanası Nailə Məmmədovanın istifadəsində olan 0,02 ha torpaq sahəsinə bütövlükdə yəni 0,04 ha torpaq sahəsinə bələdiyyə mülkiyyəti kimi çıxarış almış və xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqavilə əsasında 0,04 ha torpaq sahəsini cavabdeh X1. Qeyd olunan torpaq sahəsinin cavabdehə satılması qanunsuz olduğuna görə həmin alqı-satqı müqaviləsi ləğv edilməlidir. Belə ki, Xudat bələdiyyəsindən ünvanına göndərilmiş xx.xx.2017-ci il tarixli 82 №-li bildiriş məktubundan görünür ki, bələdiyyə evinin qarşısında yerləşən istifadəsində olan 0,02 ha torpaq sahəsini bələdiyyəyə qaytarılmasını, əks halda müvafiq tədbir görüləcəyini bildirmişdir. Torpaq sahəsi tərəfindən bələdiyyəyə qaytarılmadığına görə və hazırda da istifadəsində olduğuna görə birinci növbədə bələdiyyə istifadəsində olan torpaq sahəsinin boşaldılaraq bələdiyyənin istifadəsinə qaytarılması barədə müvafiq iddia ilə müraciət etməli, yəni torpağı satış üçün boşaldılmasını təmin etməli, bundan sonra həmin torpağa bir neçə iddialı şəxs olduğuna görə hərraca çıxarmalı və hərrac vasitəsilə satmalı idi. Bələdiyyə cavabdehlə hansısa razılaşma əsasında onun xəbəri olmadan bütün bu işləri görmüş, nəticədə torpaq sahəsini qanunsuz olaraq cavabdehə satmışdır. Torpaq sahəsinin həqiqətən də uzun müddət onun istifadəsində olması Xudat şəhər İƏD-nin aparıcı mütəxəssisi Həmid Eldarovun qonşulardan İldırım Sədirovun və Munavər Yaqubovanın iştirakı ilə tərtib edilərək rəsmi qaydada təsdiqlənmiş xx.xx.2018-ci il tarixli rəsmi aktla, Xudat şəhər İƏD-nin nümayəndəsinin xx.xx.2018-ci il tarixli 1357 saylı rəsmi arayşı ilə tam təsdiqin tapır. Qeyd olunan sənədlərdə göstərilir ki, 0,02 ha torpaq sahəsi 1998-ci ildən bu günə qədər onun istifadəsindədir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən bələdiyyələr satışa çıxarılan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhalini mütəmadi məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olması barədə məlumat əldə edirlər, satışa çıxarılan torpaq sahələrinə tələb təklifi üstələdiyi hallarda satış hərrac və ya müsabiqə yolu ilə həyata keçirilir. İddiaçı məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh Xaçmaz rayonu, Xudat bələdiyyəsinin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, Xudat şəhəri, K.Zavod qəsəbəsi, T.İsmayılov küçəsində evi olan İddiaçı Məmmədrəsul oğlu həmin ünvanda qeydiyyatda deyildir. O, Quba rayonu Qırız kəndində qeydiyyatdadır. O, son beş ildə Xudat şəhərində qeydiyyatda olmadığı üçün “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında Əsasnamənin” 10-cu maddəsinə əsasən Xudat bələdiyyəsi torpaq sahəsini ona sata, icarəyə və istifadəyə verə bilməz. Ona görə də bələdiyyə tərəfindən onun həyətyanı torpaq sahəsinə bitişik olmayan, evinin qarşısındakı yolun o biri tərəfində zəbt etdiyi və kol-kosla çəpərlədiyi 200 m2 torpaq sahəsi ona alqı-satqı üçün təklif olunmamışdır. Ona yalnız torpağın zəbtdən azad olması barədə xəbərdarlıq məktubu göndərilmişdir. O, isə xəbərdarlıq məktubuna məhəl qoymamış və bələdiyyəyə hər hansı rəsmi cavab verməmişdir. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında Azərbaycan Respublikasının Qanunu”nun 16.3 maddəsinə əsasən bu qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin,qarajların,habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən, bələdiyyə torpaqlarının geri alınması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Lakin həmin torpaq sahəsinin üzərində ona aid heç bir tikili və hər hansı yüklülük olmadığı üçün torpaq sahəsi ona satılmamışdır. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin 22-ci maddəsinə əsasən yaşayış yeri üzrə son beş ildə Xudat şəhərində qeydiyyatda olmadığı üçün həmin torpaq sahəsi ona satılmamışdır. Həmin torpaq sahəsi Xudat şəhərində yaşayış yeri üzrə son beş ildə qeydiyyatda olan Cavabdeh2 satılmışdır. İddiaçı tələb edir ki, Cavabdeh2 aldığı 400m2 torpaq sahəsinin 200 m2 hissəsini, yəni zəbt etdiyi torpaq sahəsini ona qaytarsın. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanun”un 9.8-ci maddəsinə əsasən vətəndaş bələdiyyədən aldığı torpaq sahəsini 5 il müddətinə özgəninkiləşdirə bilməz. Ona görə də Cavabdeh2 aldığı torpaq sahəsinin 200 m2 hissəsini İddiaçı 5 il müddət tamam olanadək sata bilməz. İddiaçı tələb edir ki, Xudat bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış alıq-satqı müqaviləsi, Xudat bələdiyyəsinin adına hazırlanmış çıxarış ləğv edilsin. Bununla bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəmisində, Sumqayıt Apelyasiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasında, təkrarən Sumqayıt İnzibati məhkəməsində, Sumqayıt Apelyasiya məhkəməsində baxılmış və İddiaçı iddiası təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya qarşı etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq 2018-ci ildən hal-hazıra kimi müxtəlif məhkəmələrdə beş dəfə onun xeyrinə qərarlar qəbul edilməsinin nəzərə alınmasını və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi üç hissədən ibarətdir: -X4 ilə Xudat bələdiyyəsi arasında daşınmaz əmlakın alqı-satqısına dair bağlanmış xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı müqavilənin, - Cavabdehin adına işlənmiş çıxarışın, -Xudat bələdiyyəsinin adına işlənmiş xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi; Məhkəmə ilk növbədə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı bundan əvvəl hazırda ləğv edilməsini tələb etdiyi alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan Xaçmaz rayon Xudat bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 04 saylı qərarının ləğvi ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-688/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş və ona hazırki iddianı qaldırmağa əsas verən subyektiv hüququnun olması öz təsdiqini tapmır. Həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-560/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 3099/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır. Sadalanan məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsində iddiaçının hər hansı tikilisi mövcud deyildir. Bundan başqa mübahisələndirilən torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmış hər hansı torpaq sahəsinə bitişik olmaqla artıq ölçüdə istifadə olunan sahə də deyildir. Xaçmaz rayon Xudat bələdiyyəsi xx.xx.2017ci il tarixli 04 saylı qərarı qəbul edərkən qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə etməklə mülkiyyətində olan sahəyə dair sərəncam vermişdir. İddiaçı qeyd olunan torpaq sahəsinə dair hər hansı hüquq sahibi olmadığı üçün həmin sahəyə dair bələdiyyə tərəfindən verilmiş qərarı mübahisələndirmək hüququna malik deyildir. Beləliklə sözügedən məhkəmə qərarları ilə iddiaçının sözgedən torpaq sahəsinə dair hər hansı hüquq sahibin olmamasına qiymət verilməsinə baxmayaraq o, eyni torpaq sahəsinə dair başqa sənədləri məhkəmədə mübahisələndirmişdir. Halbuki yuxarıda adı qeyd olunan məhkəmə qərarları ilə iddiaçının həmin torpaq sahəsi üzərində subyektiv hüququnun olmaması müəyyən edilmişdir ki, qanunvericilikdə də məhkəmə aktı ilə müəyyən olunmuş halın yenidən araşdırılmasına yol verilmir. A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Bundan başqa məhkəmə qeyd edir ki, inzibati icraat şəxslərlə inzibati orqanlar və inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqanlar arasındakı münasibətləri tənzimləsə də, inzibati orqanlar təkcə “İnzibati icraat haqqında” qanuna əsasən inzibati qaydada deyil, həm də mülki qaydada hərəkət edə bilərlər. Mülki qaydada dövlət mülki hüququn bütün digər subyektləri kimi fəaliyyət göstərir və həmin subyektlərə şamil olunan hüquqi qaydalar dövlətə də şamil olunur. Hazırki işdə iddiaçı Xudat bələdiyyəsi ilə X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı müqavilənin ləğv edilməsini xahiş edir ki, həmin tələbdə cavabdeh inzibati orqanın mülki hüquqi fəaliyyəti ilə bağlı olmaqla mülki-hüquqi xarakterlidir və inzibati məhkəmə icraatının predmetinə aid edilə bilməz. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, xx xxxxx 2015-ci il tarixli qərarının 5.2-ci bəndində qeyd olunmuşdur ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Bundan əlavə iddiaçı məhkəmədən cavabdehin adına işlənmiş çıxarışın ləğv edilməsini tələb edir ki, həmin çıxarışın nömrəsi və tarixi, kimin adına olması, hansı torpaq sahəsi ilə bağlı olması qeyd edilmədiyindən tələb qeyri müəyyən bir tələbdir. Mübahisələndirilən çıxarışın qeyri-müəyyən olması isə həmin iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmasının yoxlanılmasını qeyri-mümkün edir. Bundan başqa iddiaçının cavabdeh Xaçmaz rayon Xudat bələdiyyəsinin adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli çıxarışın ləğvini istəyir ki, daşınmaz əmlakın dövlət reyestrində bələdiyyənin adına aparılmış qeydiyyat bələdiyyə tərəfindən torpaq sahəsinin ayrı-ayrı şəxslərə satılması mexanizminin tərkib hissəsini təşkil edir və vətəndaşların mülkiyyətinə torpaq sahəsi ayrılması üçün bələdiyyənin özünə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı qanunvericilikdən irəli gələn prosedura əsaslanır. Başqa sözlə qanunvericiliyin tələbinə görə bələdiyyə tərəfindən torpaq sahəsinin ayr-ayrı şəxslərə satılması üçün ilk növbədə həmin torpaq sahəsi üzərində onun özünün mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Bundan sonra bələdiyyə tərəfindən torpaq sahəsi başqa şəxslərə ayrıla və ya ayrılması üçün hərraca çıxarıla bilər. Belə olan halda həmin çıxarış iddiaçının hər hansı hüquq və qanunla qorunan mənafelərini pozmadığından onun hazırki iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-753/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-753/2021
22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver