Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-753/2024 04.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Fatmayı Görədil kəndləri üzrə iddiaçının adına verilmiş 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayonu, Fatmayı Görədil kəndləri üzrə iddiaçının adına verilmiş 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli **********43 saylı məktubu ilə iddiaçınının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Fatmayı- Görədil kəndləri üzrə Nümayəndəliyinin xx.xx.1997-ci il tarixli №07 saylı Sərəncamı ilə Abşeron RİH başçısının 8 yanvar 1994-cü il tarixli, 11 №-li sərəncamına əsasən, Fatmayı- Görədil kəndləri üzrə nümayəndəliyinin mənzil-torpaq komissiyasının aktlarını, vətəndaşların ərizələrini və toplanmış sənədləri nəzərə alaraq İddiaçı 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması və həmin sahədə 90 kv.m-dən ibarət yaşayış evinin tikilməsinə icazə verilməsi qərara alınmışdır. Sözügedən torpaq sahəsi bugünədək iddiaçının sahibliyində və istifadəsindədir. Sözügedən torpağa dair iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmişdir. İnzibati orqanın **********43 nömrəli, xx.xx.2022-ci i! tarixli məktubunda göstərilmişdir ki, sözügedən 0.10 ha torpaq sahəsinə dair təqdim edilmiş hüquqmüəyyənedici sənədin oxunaqlı vəziyyətdə olmadığı, həmin sənədə dair arxiv arayışının və torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının hazırki ərizəyə əlavə olunmadığı, həmçinin sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edildiyindən ərizənin icrasından imtina edilmişdir. Belə ki, lazımi olan hüquqmüəyyənedici sənəd - Abşeron rayon İcra Hakimiyyəti başçısının Fatmayı-Görədil kəndləri üzrə Nümayəndəliyinin xx.xx.1997-ci il tarixli№07 saylı SƏRƏNCAMİ və həmin sərəncama dair arxiv arayışı inzibati orqana təqdim edilmişdir. Sərəncam kiril əlifbası ilə yazılsa da, tamamilə oxunaqlı vəziyyətdədir. Sərəncama dair təqdim edilmiş Arxiv arayışında isə tamamilə aydın şəkildə İddiaçı torpaq sahəsinin ayrılması öz əksini tapmışdır. Belə olan halda, vətəndaşın hüquqları cavabdeh orqan tərəfindən qeydiyyata alınmaması üçün əsas qalmır. Lakin hətta sərəncam oxunaqsız vəziyyətdə olsaydı belə, bunda vətəndaşın təqsiri olmazdı və bu hal onun hüquqlarının mövcud olmaması anlamına gəlməzdi. Cavabdeh orqana sərəncama dair arxiv arayışı təqdim edilməsəydi belə, orqan özü müraciət edərək həmin sənədi əldə etməli və vətəndaşın hüquqlarını qeydiyyata almalı idi. Lakin cavabdeh orqan imtinanı bu səbəbə görə vermiş və beləliklə vətəndaşın hüquqlarını kobud şəkildə pozmuşdur. Digər tərəfdən, qeyd edir ki, sözügedən Sərəncam vətəndaşa təqdim edilərkən torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı təqdim edilmədiyindən həmin sənədləri dövlət orqanına təqdim etmək mümkün olmamışdır. Həmin sənədlər icra hakimiyyətinin nümayəndələri tərəfindən vətəndaşa təqdim edilməli olduğuna görə, hazırda həmin sənədlərin olmaması iddiaçının iradəsindən asılı olan hal deyil və bunda vətəndaşın təqsiri yoxdur. Odur ki, hesab edirik ki, bu əsasla da imtinanın verilməsi tamamilə absurddur. Bundan əlavə, sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşməsi ilə bağlı məlumat veririk ki, Abşeron rayon İcra hakimiyyəti başçısı tərəfindən xx.xx.1997-ci il tarixli Sərəncam verilən vaxt yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağı həmin ərazidə mövcud deyildi. Sözügedən Sərəncam daha əvvəl verilmiş və vətəndaşın həmin torpaq sahəsi üzərində hüquqları daha əwəl müəyyən edilmişdir. Hazırda həmin mühafizə zolağının mövcud olması iddiaçının hüqularımın rəsmiləşdirilməsindən imtina üçün əsas ola bilməz. Yuxarıdakıları nəzərə alaraq, hesab edirəm ki, imtinada qeyd olunan səbəblər iddiaçının hüquqların qeydiyyatından imtina edilməsi üçün əsas deyil. Bu baxımdan imtina ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədn xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Aparılan araşdırma zamanı: Abşeron rayonu, Görədil kəndində yerləşən 0.10 ha torpaq sahəsinə dair təqdim edilmiş hüquqmüəyyənedici sənədin oxunaqlı vəziyyətdə olmadığı; Sözügedən sənədə dair arxiv arayışı və torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının müraciət ərizəsinə əlavə edilmədiyi; Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xettinin (6 KVT) mühafizə zolağında yerləşdiyi; İddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Məcəllənin 38-ci maddəsinə müvafiq olaraq, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 04 noyabr 2022-ci il tarixli müraciətinə imtina xx.xx.2022-ci il tarixində verilmişdir. Məlumat üçün bildiririk ki, iddia ərizəsində iddia predmeti olan daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd qismində Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Fatmayı- Görədil kəndləri üzrə nümayəndəsinin 14 avqust 1997-ci il tarixli, 07 nömrəli sərəncamı göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitamı dövlət qeydiyyatına alınmalıdır, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiqlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanına 7 aprel 2022-ci il tarixində 1655 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, yerli icra hakimiyyəti başçısının qərarı əsasında onun yerli nümayəndələri tərəfindən yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. ’’Torpaq islahatı haqqında1’ Azərbaycan Respublikası Qanununun 6.2-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddələrinə müvafiq olaraq, dövlət obyektlərinin - daq-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsəsrrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı, və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu maddəsinə görə, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçılar məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişlər. Cavabdeh inzibati orqan iddiaya cavab verməli olan orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayonu, Fatmayı Görədil kəndləri üzrə iddiaçının adına verilmiş 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsini istəyir. Cavabdeh isə imtina əsasları ilə bağlı qeyd edir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Görədil kəndində yerləşən 0.10 ha torpaq sahəsinə dair təqdim edilmiş hüquqmüəyyənedici sənədin oxunaqlı vəziyyətdə olmadığı; Sözügedən sənədə dair arxiv arayışı və torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının müraciət ərizəsinə əlavə edilmədiyi; Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xettinin (6 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. İş materiallarından görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Fatmayı- Görədil kəndləri üzrə Nümayəndəliyinin xx.xx.1997-ci il tarixli №07 saylı Sərəncamı ilə Abşeron RİH başçısının 8 yanvar 1994-cü il tarixli, 11 №-li sərəncamına əsasən, Fatmayı- Görədil kəndləri üzrə nümayəndəliyinin mənzil-torpaq komissiyasının aktlarını, vətəndaşların ərizələrini və toplanmış sənədləri nəzərə alaraq İddiaçı 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması və həmin sahədə 90 kv.m-dən ibarət yaşayış evinin tikilməsinə icazə verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, F359 saylı məktubu ilə Sərəncamın Arxivdən çıxarışı məhkəməyə təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli Fərmanı ilə yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar həmin siyahıya əlavə edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. Bundan əlavə cavabdeh qeyd edir ki, Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xettinin (6 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Cavabdehin bu dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərişıq ASC-nin 15 noyabr 2023-cü il tarixli 13-13/2-2/06-4-R-9621-5/2023 saylı məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxan olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən iddiaçıya məxsus, Abşeron rayonu, Görədil kəndində yerləşən 0.10 ha torpaq sahəsinin 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşdiyi, torpaq sahəsi elektrik verilişi xəttinin istismarına maneçilik törətmədiyi və qeydiyyata alınmasına etiraz etmədikləri qeyd edilmişdir. Göründüyü kimi elektrik xəttinə münasibətdə Azərişıq ASC-nin hərhansı etirazı yoxdur. Bundan əlavə Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(118)-3787/2023 saylı Qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 06 fevral 2024-cü il tarixli, 3-21-3-32/2-1288/2024 saylı məktubu ilə iş üzrə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları sxemdə göstərilmişdir. Elektron baza məlumatlarına əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür. Elektron məlumat bazasına əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri təyinatlı torpaqlara aiddir. Göründüyü kimi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar mövcud deyil, inzibati orqanın imtinası əsaslı hesab edilə bilməz, inzibati orqanın qeyd etdiyi əsaslar iddiaçının hüquqları məhdudlaşdırmamalıdır. Bundan başqa məhkəmə araşdırması zamanı torpaq sahəsinin müayinə aktı və ortofoto görüntüsü məhkəməyə təqdim edilmiş, təqdim edilmiş sənədlərdə iddiaçının faktiki istifadəsində 0.1267 ha , hüquqmüəyyənedici sənəd üzrə 0.10 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqmüəyyənedici sənəd üzrə 0.10 ha torpaq sahəsi üzərində hüququ dövlət qeydiyyatına alına bilər ki, iddiaçının da tələbi bu yöndədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən sənədlər və qanun normaları iddianın təmini üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Ona görə də məhkəmə hesab edir ki iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu, Fatmayı Görədil kəndləri üzrə İddiaçı adına verilmiş 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-753/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-753/2024
04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver