Məhkəmə qərarları › İş №2-1(118)-754/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-754/2022

21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-754/2022 21.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 16, mənzil 7 üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 16, mənzil 7 üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 16 dekabr 2021-ci il tarixli **********65 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmamış, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 16, mənzil 7-ə dair xx.xx.1994-cü il tarixli 37 saylı qərara əsasən verilmiş orderə əsasən mənzilin özəlləşdirilməsi, üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2021-ci il tarixdə ərizə ilə Cavabdehnə müraciət etmişdir. Lakin Cavabdeh mənzil üzərində hüququn dövlət qeydiyyatının aparılmasından 16 dekabr 2021-ci il tarixli bildirişlə imtina etmişdir. Cavabdeh həmin imtina bildirişində qeyd etmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan mənzilə dair verilmiş xx.xx.1994-cü il tarixli 37 saylı qərara əsasən verilmiş order həmin mənzil hüququn qeydiyyatı üçün əsas deyildir. Cavabdeh bildirmişdir ki, mənzil sahəsinə dair verilmiş orderlər hüququn qeydiyyatı üçün əsasdır.(halbuki qeyd etdiyi kimi order cavabdehə təqdim olunmuşdu).Həmçinin Mənzil fondunun özəlləşdirilməsi haqqında qanunun 6-cı maddəsinə istinad edilərək qeyd edilmişdir ki, yataqxanalar müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız oradakı faktiki yaşayan sakinlər tərəfindən özəlləşdirilə bilər. Hesab edir ki, hüquqların qeydiyyatından imtina tamamilə əsassız və qanunsuzdur. İlk növbədə mənzilin yerləşdiyi yataqxanada yerləşən digər mənzilllərdən bəziləri üzərində hüquq cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Hər bir halda mənzil sahəsinin tutulmasına görə verilmiş order həmin mənzilin tutulmasına hüquq verən bir sənəddir. Mənzildə iddiaçıdan başqa şəxslər qeydiyyatda yoxdur. Mənzilin özəlləşdirilməsi üçün 2 saylı forma üzrə arayışı və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmçinin mənzilin yerləşdiyi Sumqayıt şəhərində mənzilə dair kirayə müqaviləsinin bağlanılması praktikası demək olar ki, mövcud olmamışdır. Hal-hazırda belə bir praktikanın olması halında belə yeni kirayə müqaviləsi bağlanılması qanunvericiİklə mümkün deyildir. Mənzil fondunun özəlləşdirilməsi haqqında qanunun tələblərinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər, və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi qanunvericiliyin tələbinə görə mənzil sahəsinin orderinin ancaq olmaması (itirilməsi və ya yarasız vəziyyətə düşməsi) halında mənzil kirayə müaviləsi və yaxud onun verilməsinə dair sərəncam hüququn qeydiyyatı üçün verilən ərizəyə əlavə olunması tələb olunur. Göründüyü kimi cavabdehin qeyd olunan maddi hüquq normasına istinad edərkən hüquqların qeydiyyatından imtina edilməsinin əsassız olması müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1- ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin qanunun 15.2-ci maddəsinə görə Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respulikası İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məeburetmə haqqında iddia),inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) və sairə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ -əmlaka(əşyaya)faktiki sahibliyin həyata keçirilməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla mülkiyyətindən məhrum edilə bilməz”. Hesab edirəm ki, torpaq sahəsinə dair hüququmun qeydiyyata alınmasından imtina etməsi hüquqa ziddir. “İnzibati İcraat haqqında” Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən isə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasında fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uygun hərəkət etməyə borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqlarm dövlət qeydiyyatı) qanunvericiliyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin,məhdudlaşdırılmasmm (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Zvierinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki,mülkiyyətə hər hansı bir müdaxilə həm də mütanasiblik tələbinə uyğun olmahdır.Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin fundimental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. İnzibati Prossesual Məcəllənin 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçı X1 qızının etibarnamə ilə nümayəndəsi Ramazanov Mürvət Xankişi oğlu Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 16 ünvanda yerləşən 7 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı xx.xx.2021 -ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, ərizəyə əlavə olunmuş Mənzil kommunal kontoru tərəfindən verilmiş 37 nömrəli, xx.xx.1994-cü il tarixli order mənzil üzərində hüququn qeydiyyatı üçün əsas deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi dövlət və ya ictimai mənzil fonduna aid mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas!ardır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli Fərmanının 4.2.8-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Bundan əlavə, Azərbaycan Respublikasında “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasınını Qanununun 6-cı maddəsinin müddəalarına əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Yekun olaraq bildirirlər ki, dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Cavabdeh və üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. əvvəlki məhkəmə iclaslarında üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X2 iştirak etmiş, izahatında yataqxanaların Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olduğunu və iddianın təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 16, mənzil 7 üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, mənzil kommunal kontoru tərəfindən verilmiş 37 nömrəli, xx.xx.1994-cü il tarixli order mənzil üzərində hüququn qeydiyyatı üçün əsas deyildir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. Belə ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən hərhansı əlavə hüquqmüəyyənedici sənəd təqdim edilməməklə yanaşı, mənzil kommunal kontoru tərəfindən verilmiş 37 nömrəli, xx.xx.1994-cü il tarixli order inzibati orqana təqdim edilmişdir. Yuxarıda qeyd edilən hüquq normalarından göründüyü kimi qeyd edilən sənəd mənzil üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hesab edilə bilməz. Həmin sənəd qeydiyyat üçün hüquqi əsas hesab edilsə belə, sənəddə mənzilə köçürülmənin xidməti əsaslarla həyata keçirildiyi qeyd edilmişdir. Qeyd edilən bu halda mənzil üzərində mülkiyyət hüuqunun qeydiyyatını istisna edir. Bundan əlavə məhkəmə tərəfindən aparılmış araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, Sumqayıt Mənzil Kommunal Təsərrüfatı idarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Arxiv idarəsi tərəfindən Sumqayıt şəhər İcra Hkimiyyəti başçısının 17 iyun 1994-cü ilə dair sərəncamlarına baxılmış, İddiaçı adına mənzil verilməsi barədə məlumat aşkar edilməmişdir. (Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 27 aprel 2022-ci il tarixli, 116 saylı məktubu) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 18 iyul 2022-ci il tarixli, **********13 saylı məktubunda bildirilmişdir ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, 16 saylı yataqxana daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Göründüyü kimi iddiaçının təqdim etdiyi sənəd əsasında onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qanunvericiliyin təlbəblərinə uyğun deyil. Məhkəmə qeyd edir ki, iddiaçının 1994-cü ildən qeyd edilən mənzildə yaşaması mübahisə olunmur və mənzilin balansında olduğu dövlət qurumunun mənzillə bağlı hər hansı bir tələbi olmamışdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 15-ci məhllə, 16 saylı yataqxana Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. (Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 08 aprel 2022-ci il tarixli, 100 saylı məktubu 17 dekabr 2007-ci il tarixli, 18 saylı Əmrin surəti məhkəməyə təqdim edilmişdir) Bu halda iddiaçının digər hüquq müdafiə vasitələrindən istifadə etmək imkanı olsada, uğurlu olmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanunun 11.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar