Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-755/2021 19.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X12 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı X6 iştirakı ilə, İddiaçılar Poladova(Qurbanova) Səriyyə Nemətulla qızının, X6, X7 və X2 cavabdeh Quba rayon Zərdabi Bələdiyyəsinə qarşı “Quba rayon Zərdabi Bələdiyyəsində bağlanmış xx xxxx 2019-cu il tarixli Aktın etibarsız hesab edilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Poladova(Qurbanova) Səriyyə Nemətulla qızı, X14, X15 və X8 cavabdeh Quba rayon Zərdabi Bələdiyyəsinə qarşı “Quba rayon Zərdabi Bələdiyyəsində bağlanmış xx xxxx 2019-cu il tarixli Aktın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba Zərdabi kəndində iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 2002-ci il tarixdə Torpağın Mülkiyyətə verilməsinə dair JN-370A KOD 30316018 nömrəli Şəhadətnaməyə əsasən 0.25 ha torpaq sahəsi verilmişdir. İddiaçıya məxsus torpaq sahəsinin qonşuları Torpağın Mülkiyyətə verilməsinə dair JN-370A KOD 30316018 nömrəli Şəhadətnaməyə əsasən atası X9 və ailə üzvlərinə verilmiş torpaq sahəsi Torpağın Mülkiyyətə verilməsinə dair JN-1093A KOD 30316018 nömrəli Şəhadətnaməyə əsasən X5 verilmiş torpaq sahəsidir. Onlar torpaq sahəsini uzun illərdir istifadə edirlər. 2019-cu ildən torpaq sahələrinə çıxarış almaq istəyirlər. Bu məqsədlə çıxarışı verən orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdirlər. Bu zaman onlara verilmiş imtina məktubunda torpaq sahəsinin qeydiyyatda olduğu, lakin ölçüsünün göstərilmədiyi qeyd edilmişdir. Bundan sonra iddiaçı Torpağın Mülkiyyətə verilməsinə dair JN-370A KOD 30316018 nömrəli Şəhadətnaməyə əsasən 0.25 ha torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarış verilməsi vəzifəsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Həmin işə baxılan zaman 5 saylı Xaçmaz ərazi İdarəsinin əməkdaşı iddiaçıya məxsus torpaq sahəsinin 0,05 ha hissəsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzrə X3 mülkiyyətində olan 0,15 ha torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd edilmişdir. Bu səbəbdən də onlara çıxarış verilməsinin mümkün olmaması bildirilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-569/2020 nömrəli. xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bundan sonra iddiaçı bu məlumatın araşdırılması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli cavabda həmin torpaq sahəsinin 0,05 ha hissəsi digər şəxsin dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd edilmişdir. İddiaçıya məxsus torpaq sahəsinin sərhədləri daxilində kimə və hansı əsasla çıxarış verilməsinin aydınlaşdırılması üçün Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. İdarədən verilmiş iddiaçıya məxsus torpaq sahəsinin 0.05 ha hissəsinə çıxarışın verilməsinə əsas kimi - Torpağın Mülkiyyətə verilməsinə dair JN-1093A KOD 30316018 nömrəli Şəhadətnaməyə, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2019-cu il tarixli, 407 nömrəli arxiv arayışına və Cavabdeh sədri, ərizəçi və qonşu tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli akta əsasən X3 adına Quba rayonu Zərdabi qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsinə dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********2 reyestr nömrəli çıxarış verildiyi qeyd edilmişdir. Bundan sonra iddiaçı Cavabdeh xx xxxx 2019-cu il tarixli Aktını əldə etdiyi zaman ona məlum olmuşdur ki, aktda- Quba rayonu. Zərdabi kəndində yerləşən JN-1093A saylı Şəhadətnaməyə əsasən olan 0.15 ha həyətyanı torpaq sahəsinə yerində baxış keçirilmiş, baxış zamanı torpaq sahəsinin faktiki göstərilən yerinə aid olan koordinantlar yerində ölçülərək müəyyən olunmuş, göstərilən sərhədlər daxilindəki müəyyən olunmuş koordinatlar akta əlavə edilmiş, həmin torpaq sahəsinin faktiki yeri aktda göstərilən koordinantlara, ölçülərə sxemə uyğun olması, torpaq sahəsinin başqa heç bir vətəndaşa məxsus olmadığı və qonşularla mübahisəsi olmadığı müəyyən edilmişdir. Cavabdeh həmin torpaq sahəsinin X4 aid olduğunu təsdiq edir" deyə qeyd edilmişdir. Beləliklə, Cavabdeh təsdiq etdiyi xx xxxx 2019-cu il tarixli akt yalandan və qanunsuz tərtib olunmuşdur. Ona görə ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN-370A KOD 30316018 nömrəli Şəhadətnaməyə əsasən 0.25 ha torpaq sahəsi bütövlükdə hal-hazırda iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsini heç kim zəbt etməmişdir. X3 qonşuları ona məxsus torpaq şəhadətnaməsində də göstərildiyi kimi 370A saylı şəhadətnamə ilə iddiaçı, 1058A saylı Şəhadətnamə ilə X10, 690A saylı şəhadətnamə ilə Zəbulla Məmmədovdur. Lakin xx xxxx 2019-cu il tarixli aktı yalnız qonşulardan Y.İsmixanovanın imzaladığı göstərilmişdir. Halbuki, aktda yazıldığı kimi akt əgər qanuni tərtib olunsaydı iddiaçı və digər qonşusu olan 690A saylı şəhadətnamə ilə Zəbulla Məmmədov da imza etməli idi. Həmin akt ona görə əsassızdır ki, X3 adının qeyd olunduğu Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1093A KOD 30316018 saylı şəhadətnamənin torpaq sahəsinin planı və ölçüsü hissəsində şəhadətnamə dördbucaqlı şəklində, aktda isə torpaq sahəsi düzbucaqlı şəklində qeyd edilmişdir. Müqayisə üçün Quba rayonu Zərdabi bələdiyyəi tərəfindən verilmiş bələdiyyənin yerquruluşu xəritəsinin çıxarışında da Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1093A KOD 30316018 saylı şəhadətnamə dördbucaqlı şəklindədir. Göründüyü kimi akt qonşuların iştirakı ilə tərtib olunmamış, sərhədlər dəqiqləşdirilməmiş, aktda olan torpaq sahəsinin xəritəsi ilə şəhadətnamədə göstərilən torpaq sahəsinin xəritəsi fərqlidir. Məhz həmin akta əsasən iddiaçıya məxsus torpaq sahəsinin 0,05 ha hissəsi elektron xəritə üzərində zəbt edilmiş, ona məxsus şəhadətnamədə göstərilən torpaq sahəsinin daxilinə düşmüşdür. Cavabdeh təsdiq etdiyi xx xxxx 2019- cu il tarixli akt hüquqverici sənəddir və həmin sənəd əsasında iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinə çıxarış verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X14 iştirak etmiş, iddiaçıya hüquqi yardım edilmiş, izah edilmişdir ki, “Quba rayon Zərdabi Bələdiyyəsində bağlanmış xx xxxx 2019-cu il tarixli Aktı inzibati akt hesab olunmur. Əgər Quba rayon Zərdabi Bələdiyyəsində bağlanmış xx xxxx 2019-cu il tarixli Aktın nəticəsi olaraq digər şəxsin adına Çıxarış verilmişdirsə iddiaçı həmin çıxarışın ləğvi ilə bağlı cavabdeh inzibati orqana müraciət edə, orqanın imtina və ya hərəkətsizliyi halında isə həmin tələblə məhkəməyə müraciət edə bilər. İddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə qeyd edir ki, inzibati icraatla bağlı qanunvericiliyin ümumi prinsiplərini nəzərə alanda, bir aktın inzibati akt sayıla bilməsi üçün inzibati orqanın öz hakimiyyət səlahiyyətlərindən istifadə edə bilməsi hüququ olmalı və tənzimlənən məsələ isə ümumi (publik) hüquq sahəsinə aid olmalıdır. İddiaçının mübahisələndirdiyi Quba rayon Zərdabi Bələdiyyəsinin sədrinin iştirakı ilə tərtib edilmiş xx xxxx 2019-cu il tarixli Akt-Quba rayon Zərdabi Bələdiyyəsinin sədri X22, ərizəçi X11, qonşu X1 tərəfindən üç şəxsin imzası ilə təsdiq edən sənəd olmaqla inzibati akt hesab oluna bilməz və bu aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatında baxıla bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında “20” fevral 2020-ci il tarixli qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:
13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Göründüyü kimi iddiaçının digər şəxslərə aid sənədləri mübahisələndirməsi, iddianın uğurluluq ehtimalı baxımından həmin sənədlərin verilmə əsasından asılıdır və uğurluluq ehtimalı yüksək iddianın seçilməsi məhkəmə praktikasına uyğun olaraq yuxarıda qeyd edilən mövqedən asılıdır. Hazırkı işdə Quba rayon Zərdabi Bələdiyyəsi sədrinin iştirakı ilə tərtib edilmiş xx xxxx 2019-cu il tarixli Akt inzibati akt hesab olunmadığına görə, həmin akt əsasında aparılmış qeydiyyat maraqlı şəxs tərəfindən mübahisələndirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, dövlət reystrində aparılmış qeydiyyat inzibati akt yox, hüquqi akt hesab olunduğundan həmin qeydiyyatın ləğvi öhdəliyin icrası hesab olunur və bununla bağlı ilkin olaraq inzibati orqana müraciət edilməlidir. İddiaçılara izah edilsin ki, əgər Quba rayon Zərdabi Bələdiyyəsi sədrinin iştirakı ilə tərtib edilmiş xx xxxx 2019-cu il tarixli Aktın nəticəsi olaraq iddiaçıya məxsus torpaq sahəsinə digər şəxsin adına qanunsuz qeydiyyat aparılmışdırsa, iddiaçı qeydiyyatı aparan orqana həmin qeydiyyatın ləğv edilməsi ilə bağlı müraciət edə bilər. İnzibati orqanın imtina və ya hərəkətsizlik etdiyi halda isə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilərlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim İsmayıl Quliyev