Məhkəmə qərarları › İş №2-1(118)-7558/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-7558/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7558/2025 11.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə (Açar sözlər: məcburi köçkün statusu və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 dekabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. AZ-İİ seriyalı, 357720 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, xx xxxx 2009-cu il təvəllüdlü İddiaçı atası - X1, anası X5r.

2. Ağdam Rayon Məhkəməsinin 20 dekabr 2012-ci il tarixli, 2(13)-1315/2012 nömrəli qətnaməsindən görünür ki, X1 ilə X8 arasında olan 7 oktyabr 2008-ci il tarixli, 2943 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur.

3. Qanuni nümayəndə məxsus AA seriyalı, 097166 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Dövlətqaçqınkomun 24 noyabr 2004-cü il tarixli qərarına əsasən verilmişdir.

4. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Abşeron rayon Mənzil-Kommunal İstismar Sahəsinin arayışından görünür ki, Qanuni nümayəndə ünvan 3 ünvanında müvəqqəti qeydiyyatdadır.

5. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 oktyabr 2025-ci il tarixli, 5-31-12/3-1307/2025 saylı arayışından görünür ki, İddiaçı ünvan 5 ünvanında daimi qeydiyyatdadır və hazırda ona məcburi köçkün kimi aylıq müavinət ödənilmir.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

6. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 8 oktyabr 2025-ci il tarixli, 3-36-3/2-4993/2025 nömrəli məktubundan görünür ki, Təmas xəttində yerləşən ərazilərdən olan şəxslərin məcburi köçkün statusunun və sosial müdafiə tədbirlərinin (güzəşt və imtiyazların) ləğv edilməsi Ağdam şəhər sakinlərinə şamil edilməyib və məcburi köçkün statusları qüvvədədir. Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2025-ci illəri əhatə edən elektron məlumat bazasında X1 və Qanuni nümayəndə məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə qeyd aşkar edilməmişdir.

7. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 26 dekabr 2025-ci il tarixli, 3-36-3/2-6562/2025 saylı məktubu ilə xx xxxx 2009-cu il təvəllüdlü X6 münasibətdə aparılmış inzibati icraat materialları göndərilmişdir: - Qanuni nümayəndə göndərilmiş məktub (§5); - Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə 2 iyul 2025-ci il tarixli müraciət ərizəsi. - AZ-İİ seriyalı, 357720 nömrəli “Doğum haqqında şəhadətnamə” (§1); - Qanuni nümayəndə məxsus AA seriyalı, 097166 saylı məcburi köçkün vəsiqəsi (§3); - digər hüquq müəyyənedici sənədlər. b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

8. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi işin hallarına (§1-6) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçının anası Qanuni nümayəndə Ağdam rayonunda doğulmuş və 1993-cü ildə məcburi köçkün kimi qeydə alınmışdır. O, 7 oktyabr 2008-ci ildə X1 ilə nikaha girmiş və nikahdan Əlibəy və Aliyə adlı uşaqları olmuşdur. Ağdam Rayon Məhkəməsinin 20 dekabr 2012-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş və birgə nikahdan xx xxxx 2009-cu ildə doğulmuş İddiaçı anasının himayəsində saxlanılmışdır. Həmin tarixdən uşağa anası baxır və onun hazırda 16 yaşı var. İddiaçı məcburi köçkün statusunun tanıması və müvafiq vəsiqənin verilməsi barədə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfinən imtina cavabı almışdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur.

10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitutsiyasının 149, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1, 9-cu maddələrinə, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6, 4.2-ci bəndlərinə, prosessual hüquqi əsası kimi isə İPM-in 2.2.2, 33.1-ci maddəsinə istinad olunmuşdur.

11. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

13. Etiraz daxil olunmamışdır.

14. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 22 iyul 2025-ci il tarixli, 3-36-3/2-N-85xx-xx/2025/9118 nömrəli Qanuni nümayəndə göndərilmiş məktubundan görünür ki, keçmiş həyat yoldaşı X1 məcburi köçkün statusuna malik olmadığından övladı xx xxxx 2009-cu il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir.

c) Tərəflərin iştirakı və izahatları:

15. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının 16 yaşı vardır, bu il ali təhsil almaq üçün imtahan verəcəkdir, lakin onun təhsil haqqını ödəməyə maddi imkanı yoxdur. Həmçinin, iddiaçını uzun illər tək tərbiyə etdiyini, özünün məcburi köçün statusu və vəsiqəsinin, vəsiqəsində bütün möhürlərin mövcud olduğunu, 18 yaşında vəsiqənin əldə etdiyini, ermənilər tərəfindən 1993-cü ildə atası və anasının Ağdam rayonunda yandırılaraq işgəncə ilə öldürüldüyünü, onların ölüm haqqında şəhadətnamələrdə ölüm səbəbinin kəllə qapağı sümüklərinin sınıb dağılması olaraq qeyd olunduğunu, bacısının himayəsində böyüdüyünü, məcburi köçkün vəsiqəsinə əsasən ödənişsiz əsaslarla təhsil almaq imkanı barədə məlumatının olmadığını, bu səbəbdən maddi imkanının olmadığı üçün təhsil ala bilmədiyini, lakin övladının təhsil almasının istədiyini qeyd etmişdir. Eyni zamanda, iki övladı ilə birlikdə bacısının evində qeydiyyatda olduğunu, iddiaçının atasının da Ağdam rayonunda qeydiyyatda olduğunu, 2013-cü il tarixdə nikahlarının pozulduğunu, iddiaçının atası ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

19. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

20. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

21. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

23. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

24. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. (-) İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

28. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: (-) məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. (-) Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər.

Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

Maddə 12. Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir.

29. Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

(-) 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: (-) 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. (-)

30. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli, 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: (-) 1.1. Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. (-) 3.1. Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. (-)

31. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

c) Məhkəmənin mövqeyi

32. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır.

33. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir.

34. Məhkəmə cavabdehin mövqeyini əsassız hesab edərək bildirir ki, iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir.

35. Məhkəmə hər iki tərəfin mövqeyini iş materiallarında olan sübutlarla birlikdə mövcud maddi (və prosessual hüquq normaları (İPM-in 12, 13, 58.7, 68-ci maddələri) ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

36. Belə ki, iddiaçı tələbinin dəlillərinə görə, iddiaçının anası Ağdam rayonunda doğulmuş və 1993-cü ildə məcburi köçkün kimi qeydə alınmış, 2008-ci ildə X1 ilə nikaha girmiş, Ağdam Rayon Məhkəməsinin 20 dekabr 2012-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş və birgə nikahdan doğulmuş uşaqları anasının himayəsində saxlanılmışdır. Həmin tarixdən uşağa anası baxır və onun hazırda 16 yaşı var.

37. Cavabdeh tərəfin mövqeyinə görə isə, iddiaçının atası X1 məcburi köçkün statusuna malik olmadığından ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir.

38. Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1-ci bəndinə görə məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara.

39. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2025-ci il tarixli, 2-1(102)-880/2025 sayı qərarında qeyd edilmişdir ki, “Məhkəmə yuxarıda qeyd edilən mövcud məhkəmə praktikası ilə razılaşaraq qeyd edir ki, iddiaçının anasını məcburi köçkün statusuna malik olması Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 1-ci şərtin ödənilməsini təmin edir. 38. Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. 39. Belə ki, iddiaçının atası ünvan 6 ünvanında qeydiyyatdadır. Füzuli rayonu, Horadiz qəsəbəsi 1994-cü il tarixdə işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. 1994-cü ildə Horadiz qəsəbəsi işğaldan azad olunduqdan sonra qəsəbə sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş verməmişdir. ...”

40. İş materailında olan sənədlərlə müəyyən olunur ki, iddiaçının atası X1, anası X5r. İddiaçının anasına məxsus AA seriyalı, 097166 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Dövlətqaçqınkomun 24 noyabr 2004-cü il tarixli qərarına əsasən verilmişdir. İddiaçının atası Ağdam Rayon İcra Hakimiyyəti başçısının Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışına əsasən, ünvan 5 ünvanında daimi qeydiyyatdadır.

41. Bundan başqa, cavabdehin məktubundan görünür ki, təmas xəttində yerləşən ərazilərdən olan şəxslərin məcburi köçkün statusunun və sosial müdafiə tədbirlərinin (güzəşt və imtiyazların) ləğv edilməsi Ağdam şəhər sakinlərinə şamil edilməyib və məcburi köçkün statusları qüvvədədir.

42. İş materialına əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin 20 dekabr 2012-ci il tarixli, 2(13)-1315/2012 nömrəli qətnaməsindən görünür ki, X1 ilə X8 arasında olan 7 oktyabr 2008-ci il tarixli, 2943 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Həmin qətnamə ilə iddiaçı anasının yanında saxlanılmışdır.

43. Məhkəmə iclasında təqdim edilmiş AZ-İİ seriyalı, 236344 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 8 dekabr 1993-cü il tarixdə “kəllə qapağı sümüklərinin sınıb dağılması” səbəbi ilə, AZ-İİ seriyalı, 236343 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 “kəllə qapağı sümüklərinin sınıb dağılması” səbəbi ilə ölmüşdür. Qeyd oluna şəxslər iddiaçının anasının valideynləridir. Məhkəmə iclasında izahat verən zaman, ailəsinin birinci Qarabağ müharibəsi zamanı soyqırım qurbanları olmasını bildirmiş və bu halı təsdiq edən sənəd kimi qeyd olunan şəhatətnamələri təqdim etmişdir.

44. Beləliklə, məhkəmə iddiaçının hər iki valideyninin Ağdam şəhərində qeydiyyatda olmasını, 2012-ci il tarixindən etibarən anasının himayəsində olmasını, xüsusilə təmas xəttində yerləşən ərazilərdən olan şəxslərin məcburi köçkün statusunun və sosial müdafiə tədbirlərinin (güzəşt və imtiyazların) ləğv edilməsinin Ağdam şəhər sakinlərinə şamil edilməməsi kimi halları bütövlükdə qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ

45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar