Məhkəmə qərarları › İş №2-1(118)-756/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-756/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-756/2022 15.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X1 onun azyaşlı övladları 06 oktyabr 2011-ci il təvəllüdlü X2 və 19 dekabr 2014-cü il təvəllüdlü Əsədova Nuray Elmar qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 23A/8 saylı evin 49-cu mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “X1 onun azyaşlı övladları 06 oktyabr 2011-ci il təvəllüdlü X2 və 19 dekabr 2014-cü il təvəllüdlü Əsədova Nuray Elmar qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 23A/8 saylı evin, 49-cu mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən, 23A/8 saylı evin, 49-cu mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu 16.12.2021-ci il tarixli çıxarış da təsdiq edir. X4 onun keçmiş gəlinidir. Sumqayıt şəhər Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2(060)-2252/2021 saylı qətnaməsi ilə oğlu X3 ilə X4 arasında qeydə alınmış rəsmi nikahlarına xitam verilmişdir. Bundan əlavə mülkiyyətində olan mənzildə azyaşlı nəvəsi 06.10.2011-ci il təvəllüdlü X5 və 19.12.2014-cü il təvəllüdlü Əsədova Nuray Elmar qızı da qeydiyyatdadır. X4 və onun azyaşlı övladları mülkiyyətində olan mənzildə yaşamırlar. Bunu 15.09.2021-ci il tarixdə verilmiş Akt təsdiq edir. X1 , 06.10.2011-ci təvəllüdlü X2 və 19.12.2014-cü il təvəllüdlü Əsədova Nuray Elmar qızının mənzildə qeydiyyatda olması onun mənzil üzərində hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. A.Əsədovanın və onun azyaşlı övladlarının qeydiyyatları formal xarakter daşıyır. O, X1, onun azyaşlı övladları 06.10.2011-ci il təvəllüdlü X2 və 19.12.2014-cü il təvəllüdlü Əsədova Nuray Elmar qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən, 23A/8 saylı evin, 49-cu mənzilindən pasport qeydiyyatından çıxarılması üçün müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 25.09.2021-ci il tarixli, 123-35856Ə-3221 saylı məktubu ilə inzibati məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X4 məhkəmə iclasında izahatında bildirdi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 23A/8 saylı evin 49 saylı mənzilindən qeydiyyatdan çıxmağa razıdır. Lakin övladlarının həmin evdə qeydiyyatda qalmalarını istəyir. Ev qaynatasının adına olub. Hazırda atasının evində qalır. 01.01.2021-ci ildən həmin evdən çıxmış və orada yaşamır. Cavabdehin məhkəməyə ünvanlanmış iddiaya qarşı yazılı münasibətində məhkəmənin qəbul etdiyi qanuni qərarla razılaşdıqları bildirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** qeydiyyat nömrəli, 16.12.2021-ci il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 19-cu mikrorayon (köhnə), ev 23A/8, mənzil 49 İddiaçı xüsusi mülkiyyətindədir. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan görünür ki, X1 onun azyaşlı övladları 06 oktyabr 2011-ci il təvəllüdlü X2 və 19 dekabr 2014-cü il təvəllüdlü Əsədova Nuray Elmar qızı ünvan 2 ünvanında qeydiyyatdadırlar. - Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı 25.09.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçıya ərizədə göstərilən məsələ ilə bağlı aidiyyət üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 2 tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Həmin mənzildə üçüncü şəxslər X4, onun azyaşlı övladları 06 oktyabr 2011-ci il təvəllüdlü X5 və 19 dekabr 2014-cü il təvəllüdlü Əsədova Nuray Elmar qızı qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdehin 25.09.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxs və onun övladlarının mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X1 və onun övladları 06 oktyabr 2011-ci il təvəllüdlü X2 və 19 dekabr 2014-cü il təvəllüdlü Əsədova Nuray Elmar qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 23A/8 saylı evin 49 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X1 və onun övladları 06 oktyabr 2011-ci il təvəllüdlü X2 və 19 dekabr 2014-cü il təvəllüdlü Əsədova Nuray Elmar qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 23A/8 saylı evin 49 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar