Məhkəmə qərarları › İş №2-1(118)-7567/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-7567/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7567/2025 28.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: pasport qeydiyyatına alınma) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “İddiaçı1, İddiaçı2 və xx.xx.2009-cu təvəllüdlü X1 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 AAAF Park yaşayış massivi, bina 10, mənzil 19 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçılar İddiaçı1, İddiaçı2, xx.xx.2009-cu təvəllüdlü X2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 AAAF Park yaşayış massivi, bina 10, mənzil 19 ünvanına pasport qeydiyyatına alınmaq istəyir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı1 xx xxxxxx 1973-cü il tarixdə anadan olmuşdur. Hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167, AAAF park yaşayış massivi, bina 10, mənzil 19 ünvanında həyat yoldaşı xx xxxxxx 1979cu il təvəllüdlü İddiaçı2 və övladları - 01 sentyabr 2003-cü il təvəllüdlü X3, 04 noyabr 2004cü il təəvllüdlü X5 və 09 iyul 2009-cu il təvəllüdlü X2 ilə birlikdə qeydiyyatsız olaraq faktiki yaşayır. Qeyd edir ki, "xxxx" MMC ilə 26 fevral 2018-ci il tarixdə aralarında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167, AAAF park yaşayış massivi, bina 10 ünvanında yerləşən 19 saylı mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Mənzilin ödənişi tərəfindən tam olaraq ödənilmişdir. ailə üzvlərii ilə birgə daha əvvəl ünvan 1 ünvanında pasport qeydiyyatında olmuş, lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7632/2025 saylı inzibati iş üzrə 07 aprel 2025-ci il tarixli qərarı ilə sözügedən mənzildən pasprot qeydiyyatından çıxarılmışdırlar. Hazırda heç bir yerdə qeydiyyatı yoxdur. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167, AAAF park yaşayış massivi, bina 10 ünvanında yerləşən 19 saylı mənzil faktiki olaraq mülkiyyətində və istifadəsindədir. Bu barədə arayış iddia ərizəsinə əlavə ediləcəkdir. Sözügedən mənzilə pasport qeydiyyatına alınması ilə bağlı iş üzrə cavabdeh Abşeron Rayon Polis İdarəsinə müraciət etsə də ərizənin icrasından imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki: “Vətəndaşın qeydiyyata alınmasından ötrü Azərbaycan Respublikası DİN-in xx.xx.2010-cu il tarixli 550 saylı əmrin 2-ci maddəsinin “a” bəndinə əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşənmaz əmlakın dövlət reyestrindən çıxarış, “g” bəndinə əsasən yaşayış sahəsinə küçmək üçün əsas verən order və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd, “g” bəndinə əsasən şəxsə yaşayış sahəsi verən ərizəsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyata alına bilər.” Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə əsassızdır. Göründüyü kimi mənzil mülkiyyətindədir, hər hansı mübahisə mövcud deyildir. Lakin cavabdeh bu halı nəzərə almayaraq süründürməçiliyə yol verir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: AAAF İnşaat MMC-nin xx.xx.2024-cü il tarixli V1044 saylı məktubunda qeyd edilmişdir ki, AAAF-İNŞAAT MMC ilə xx.xx.2018-ci il tarixli M-2904 nömrəli mənzilin alqısatqı haqqında müqaviləsinə əsasən Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti, "AAAF Park” yaşayış massivi, A saylı küçə, 10 saylı binasında, sahəsi 92.8 kv.m. olan, 3 otaqlı 19 saylı mənzildə qeydiyyatsız, faktiki olaraq yaşayır. Alıcı xx.xx.2018-ci il tarixli M- 2904 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilə üzrə daşınmaz əmlakın dəyərini tam ödəmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-7632/2025 saylı qərarı ilə X3, X5, X4, İddiaçı2 və İddiaçı1 iddiaçının xüsusi mülkiyyətində olan mənzilə dair ünvan 1 ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Mənzilin xx.xx.2018-ci il tarixli, M-2904 saylı alqı-satqı müqaviləsinin surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X10 4 saylı Abşeron Ərazi İdarəsinin 13 oktyabr 2025 -ci il tarixli, 3-21-3-32/2-17521/2025 saylı məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF” park yaşayış kompleksi, bina 10 ünvanında yerləşən 19 saylı mənzil üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmağı ilə bağlı məlumat aşkar edilməmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və xx.xx.2009-cu təvəllüdlü X1 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 AAAF Park yaşayış massivi, bina 10, mənzil 19 ünvanına pasport qeydiyyatına alınmalarını istəyir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. İddiaçılar faktiki olaraq yuxarıda qeyd edilən ünvanda yaşasa da, yaşayış yeri üzrə qeydiyyat üçün əsas olan sənədləri mövcud deyildir. Məhkəmə hesab edir ki, iddiaçıların qanunvericiliyin tələbi üzrə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün hüquqi əsası olmadığına görə inzibati orqanın imtinası əsaslı olmuşdur. İddiaçılara izah edilsin ki, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması prosesini yekunlaşdırdıqdan sonra həmin fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmalarını tələb etmək hüququ istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar