Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-757/2021 27.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X17 Mövlətxan oğlunun katibliyi İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və X15, X27, X16, X10, X7, X11 və X5 mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 X15, X27, X16, X10, X7, X11 və X5 mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 29.01.2021-ci il tarixli, 128-5411M saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. X10, X7, X11 və X1 Nərmin Əmiraslan qızı (qanuni nümayəndəsi), X27, X14 (qanuni nümayəndəsi), məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 1-ci küçə, 1-ci Döngə, ev 7(Yeni qaydalarla: Müslüm Maqomayev küçəsi, ev 16) ünvanında yerləşən yaşayış evi 1/2 hissə payla ataları tərəfindən iki bacıya bağışlanmışdır. İddiaçıların aldıqları mənzilə dair 12.06.2018-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən seriya RX № ******* saylı Reyestrdən Çıxarış almışdırlar. Həmin çıxarışda hər ikisinin adları və evdən hər birinə düşən paylar ölçüsü ilə göstərilmişdir. Həmin mənzil iddiaçıların xüsusi mülkiyyətindədir. Lakin sonradan onlara məlum olmuşdur ki, mülkiyyətlərində olan evdə tanımadıqları üç nəfər şəxs: X15, X27 və X16 adlı şəxslər qeydiyyatdadırlar. Həmin şəxsləri idiaçılar tanımır və onların iddiaçıların mülkiyyətində olan evə qeydiyyata düşmələrinə razılıq verməmişdirlər. Onların həmin evə hansı yolla qeydiyyata düşmələri iddiaçılara aydın deyil. Həmçinin tanıdıqları dörd nəfər şəxs: X10, X7, X11 və X12 adlı şəxslər də iddiaçılara məxsus evdə qeydiyyatdadırlar. Bu adamları iddiaçılar tanıyırlar və vaxtı ilə onların iddiaçıların evinə qeydiyyata düşmələrinə iddiaçılar razılıq vermişdirlər. Bu şərtlə ki, başqa yer tapıb tezliklə onlara məxsus evdən qeydiyyatdan çıxsınlar. Lakin xeyli vaxt keçməsinə və iddiaçılar da dəfələrlə müraciət etmələrinə baxmayaraq onlar iddiaçılara məxsus evdən hələdə qeydiyyatdan çıxmamışlar. Hər dəfə müxtəlif bəhanələr gətirərək iddiaçılara məxsus evdən qeydiyyatdan çıxmaqdan yayınırlar. Bu yeddi nəfər şəxsin heç biri iddiaçıların mülkiyyətində olan evdə yaşamamışlar və bu gündə yaşamırlar. Onların iddiaçıların mülkiyyətində olan evdə qeydiyyatda qalmaları formal xarakter daşıyır və etibarsızdır. Onların iddiaçıların evində qeydiyyatda olmaları formal xarakter daşımaqla bərabər iddiaçıların mülkiyyətçi kimi hüquqlarını da pozur. Əvvəla, iddiaçılar onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi də, onların iddiaçıların mənzilində qeydiyyatda qalmaları iddiaçıların həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Hal-hazırda həmin mənzillə bağlı müəyyən hüquqi hərəkətlər etmək istəsələr də həmin yeddi nəfər şəxslərin orada qeydiyyatda olmaları iddiaçılar üçün əlavə problemlər yaradır. Həmçinin, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Həmin şəxslərin isə faktiki olaraq, başqa yerdə yaşaması, amma onların mənzilimizdə qeydiyyatda olmaları onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən edirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətini 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər. Cavabdeh işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmənin qəbul edəcəyi qanuni qərarla razılaşdığını bildirmiş, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə üçüncü şəzslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 19 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X4 tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 90.32 kv.m, yardımçı sahəsi 48.97 kv.m olan 2 otaqlı fərdi yaşayış evi tam mülkiyyət üzrə ½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 bağışlanmışdır. RX seriyalı, 131508 saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2 və İddiaçı1 məxsusdur. X12, X11, X10, X7 tərəfindən Notariat orqanına təqdim edilmiş ərizələrə əsasən gələcəkdə mülkiyyətçi tərəfindən iddia qaldırılacağı halda ən qısa müddətə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini könüllü boşaltmağı və fərdi yaşayış evindən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşdürlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, X4 tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 90.32 kv.m, yardımçı sahəsi 48.97 kv.m olan 2 otaqlı fərdi yaşayış evi tam mülkiyyət üzrə ½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 bağışlanmışdır. RX seriyalı, 131508 saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2 və İddiaçı1 məxsusdur. Üçüncü şəxslər hazırda ünvan 2 ünvanında pasport qeydiyyatındadırlar. Həmin şəxslərin iddiaçının ailə üzvü olması, iddiaçının mənzilindən istifadə hüququnun olması və həmin ünvanda yaşamaları ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin üçüncü şəxslər X12, X11, X10, X7 tərəfindən Notariat orqanına təqdim edilmiş ərizələrə əsasən gələcəkdə mülkiyyətçi tərəfindən iddia qaldırılacağı halda ən qısa müddətə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini könüllü boşaltmağı və fərdi yaşayış evindən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşdürlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsalar da həmin evdə yaşamırlar və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxslərin yaşamadıqları halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalmaları mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X8, X18, X9, X3, X2, X6 və X5 mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X8, X18, X9, X3, X2, X6 və X5 mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev