Məhkəmə qərarları › İş №2-1(118)-757/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-757/2022

14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-757/2022 14.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Abşeron rayon Novxanı bələdiyyəsinin, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Abşeron rayon Novxanı bələdiyyəsinə qarşı “cavabdehin Novxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin mülkiyyətə verilməsi üçün açıq müsabiqə keçirilməsi barədə 12.02.2016-cı il tarixli 2 saylı qərarı və həmin qərarın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Abşeron rayon Novxanı bələdiyyəsinə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına (əvvəlki 5 saylı torpaq müsabiqə və hərrac komissiyası) qarşı iddia qaldıraraq “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı torpaq müsabiqə və hərrac komissiyasının 05.05.2016-cı il tarixli, 361 nömrə ilə qeydə alınmış hərracın nəticələrinin, Abşeron rayonu Novxanı bələdiyyəsi ilə X3 arasında Sumqayıt “Asan Xidmət” Mərkəzində bağlanmış 10.05.2016-cı il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın etibarsız sayılması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 21 iyun 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(105)-595/2021 saylı qərardadı ilə apellyasiya şikayətinin təmin edilməsi və Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2-1(118)-912/2021 saylı qərardadının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçıya “tələbin dəqiqləşdirilməsinə dair” ərizə ünvanlanaraq hüquqi yardım olunmuş və ona işə mahiyyəti üzrə baxılanadək iddia tələbinin iddiaçının hüquqi marağına uyğun olaraq çıxarışın ləğvinə dair hissədə dəqiqləşdirilməsi təklif edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehin Novxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin mülkiyyətə verilməsi üçün açıq müsabiqə keçirilməsi barədə 12.02.2016-cı il tarixli 2 saylı qərarının və həmin qərarın nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, hazırkı şərtlərdə iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarında olan DƏDRX tərəfindən verilən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ ilə 14.10.2014-cü il tarixdən etibarən Abşeron rayon Novxanı Bələdiyyəsinə məxsus olmuşdur. İş materiallarında olan ƏMDK yanında Hərracların Təşkili üzrə Abşeron rayonu X2 Mərkəzi tərəfindən verilən AM seriyalı, 000873 saylı şəhadətnamədən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin mülkiyyətə verilməsi üzrə T.Ə.Əfəndiyeva Mərkəzin 5 saylı torpaq müsabiqə və hərrac komissiyası tərəfindən keçirilmiş 05.05.2016-cı il tarixli torpaq müsabiqəsinin qalibidir. İş materiallarında olan 10 may 2016-cı il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Abşeron rayonu, Novxanı bələdiyyəsi öz mülkiyyətində olan Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsini T.Ə.Əfəndiyevaya satmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsi X1 adına 24.05.2016-cı il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 682 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İddiaçının əvvəllər mülkiyyətində olan 8 sot torpaq sahəsi hazırda X1 mülkiyyətinə keçmişdir. Mübahisə predmeti olan torpaq sahəsinə dair isə iddiaçı tərəfindən məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Bundan başqa mübahisələndirilən torpaq sahəsi iddiaçının mülkiyyətində olan hər hansı torpaq sahəsinə bitişik olmaqla artıq ölçüdə istifadə olunan sahə də deyildir. İddiaçı qeyd olunan torpaq sahəsinə dair hər hansı hüquq sahibi olmadığı üçün həmin sahəyə dair bələdiyyə tərəfindən verilmiş qərarı mübahisələndirmək hüququna malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni onun torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçıların hər hansı hüquqlarının pozulması, həmin torpaq sahəsi üzərində subyektiv hüquqlara malik olmaları məhkəmə iclasında təsdiqini tapmadığından, iddia mümkün sayılmalı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Abşeron rayon Novxanı bələdiyyəsinə qarşı “cavabdehin Novxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin mülkiyyətə verilməsi üçün açıq müsabiqə keçirilməsi barədə 12.02.2016-cı il tarixli 2 saylı qərarı və həmin qərarın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar