Məhkəmə qərarları › İş №2-1(118)-7575/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-7575/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-7575/2025 27.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və texniki sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsinə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları

1. Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 16 mart 2006-cı il tarixli, 05 saylı qərarından görünür ki, Çuxuryurd bələdiyyə perspektiv inkişaf ehtiyat fonduna aid olan torpaq sahələrindən İddiaçı 0,06 ha torpaq sahəsi satılmışdır.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 14 avqust 2025-ci il tarixli, 3-21-3-41/2-2359/2025 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, ərizənin icrasını təmin etmək məqsədilə Ərazi idarəsinin mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 16 mart 2006-cı il tarixli, 05 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün satılmış 0,06 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Odur ki, üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq istədiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyinə görə ərizənin icrası mümkün olmamışdır.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 28 noyabr 2025-ci il tarixli, 3-21-3-41/2-3678/2025 nömrəli məktubu ilə göndərilmiş müayinə aktından aşağıdakılar müəyyən edilmişdir: - Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 16 mart 2006-cı il tarixli, 5 saylı qərarı ilə İddiaçı satılmış 0,06 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə naturada göstərilən torpaq sahəsi eyni ərazidə yerləşir, lakin konfiqurasiya fərqi vardır. - Ərazi İdarəsinin arxivində Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 16 mart 2006-cı il tarixli, 05 saylı qərarı ilə iddiaçıya satılmış 0,06 ha torpaq sahəsinə dair A seriyalı, 412342 blank nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi mövcuddur. - İddiaçı naturada göstərdiyi torpaq sahəsi elektron baza məlumatlarına əsasən xüsusi mülkiyyətə aid torpaq sahəsidir. - Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən İddiaçı naturada göstərdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. - mübahisəli torpaq sahəsi elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi kimi qeyd edilmişdir. - mübahisəli torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətti və digər kommunikasiya xətləri çəkilməmişdir. - İddiaçı məxsus A seriyalı, 412342 blank nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi elektron baza məlumatlarında öz əksini tapır. - İddiaçı naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi 0,06 ha təşkil etməklə, elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı əkin torpaqlarında, JN-147 nömrəli Dövlət aktının sərhədləri daxilində yerləşən torpaq sahəsi ilə üst-üstə düşür. - Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən İddiaçı naturada göstərdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə kənd təsərrüfatı təyinatlı əkin (pay torpaqlarına) torpaqlarına çıxarışlar verilmişdir. Həmin ərazidən yaşayış məntəqələri təyinatlı (həyətyanı məqsədi ilə) çıxarışlar verilməmişdir. - Qoşma şəklində göndərilmiş JN 0147 KOD 41017018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Şamaxı Rayon Aqrar İslahat Komissiyasının 4 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə X1, X4, X8, X5, X9, X6 6,24 ha torpaq sahəsi verilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

4. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 16 mart 2006-cı il tarixli, 5 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, Dövlət Torpaq kadastrı kitabında 31 iyul 2013-cü il tarixdə, 414 nömrə ilə uçota alınmış, AN 412342 blank nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində yaşayış məntəqələri torpaqlarına aid olmaqla qeydiyyata alınması və həmin 0,06 ha torpaq sahəsinə dair yaşayış məntəqələri torpaqlarına aid olmaqla müvafiq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

6. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 16 mart 2006-cı il tarixli, 5 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, Dövlət Torpaq kadastrı kitabında 31 iyul 2013-cü il tarixdə, 414 nömrə ilə uçota alınmış, AN 412342 blank nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən faktiki istifadəsində olan və Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarış, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 2 dekabr 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

7. Məhkəmənin 30 dekabr 2025-ci il tarixli, 2-1(118)-7575/2025 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra - “cavabdeh”) ilə əvəz edilmişdir.

8. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, imtina məktubunda qeyd edilən hallara (§2) istinad edilmiş, iddianın təmin edilməməsi xahiş edilmişdir.

10. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12.4, 16.3, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 23-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli Plenum Qərarına istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

14. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

15. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

16. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

17. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi X3 iddia tələbinə qarşı etirazı müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

18. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

19. Nəzərə alınmalıdır ki, məhkəməyə iddia ilə müraciət və iddiaya mahiyyəti üzrə baxılmasını tələb hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə tabedir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər mütləq ödənilmiş olmalı, xüsusən də qaldırılmış iddiaya inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmağa imkan verən müvafiq prosessual normalar mövcud olmalıdır.

20. İşin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur və məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

21. Bu baxımdan “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

22. İddiaçı iddia tələbinin əsası kimi bildirir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçıya bələdiyyə qərarı ilə ayrılmış, bu barədə müvafiq sənədlərin, həmçinin səlahiyyətli qurumların müsbət rəylərin mövcud olduğuna baxmayaraq, cavabdeh tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından əsassız olaraq imtina verilmişdir.

23. Cavabdeh orqanın imtina dəlili isə ondan ibarətdir ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir.

24. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktından müəyyən edilmişdir ki, iddiaçı tərəfin iddia etdiyi 0,06 torpaq sahəsi elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı əkin torpaqlarında JN-147 nömrəli dövlət aktının sərhədləri daxilində yerləşən torpaq sahəsi ilə üst-üstə düşür.

25. Eyni zamanda, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər əsasında məhkəmə müəyyən etmişdir ki, qeyd edilən JN 0147 KOD 41017018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı arxiv sənədlərində mövcuddur, qüvvədən düşməsinə və ya ləğv edilməsinə dair hər hansı məlumat təqdim edilməmişdir.

26. Nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən qeydiyyat hüquqmüəyyənedici sənədlər əsasında aparılır və qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada ləğv edilmədiyi, yaxud hər hansı digər səbəbə görə qüvvədən düşmədiyi halda, hüquqi cəhətdən etibarlı sayılır. Bu mənada, hüquqmüəyyənedici sənədin qüvvədə qaldığı müddət ərzində onun əsasında əldə edilmiş hüquq və həmin hüququn reyestrdə aparılmış qeydiyyatı da hüquqi cəhətdən mötəbər hesab olunur.

27. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyul 2025-ci il tarixli, 2-1(102)-1506/2025 nömrəli qərarında qeyd edilmişdir ki, “İddiaçı məqsədinə yalnız sözügedən bağ sahəsinə üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədin mübahisələndirilməsinə dair iddianın uğurlu olduğu təqdirdə çata bilər. Lakin bu zaman hüquqmüəyyənedici sənədin mübahisələndirilməsinə dair iddianın qanunvericiliklə müəyyən olunmuş mümkünlük şərtlərinin mövcudluğu yoxlanılmalı və həmin şərtlərin ödənilib-ödənilmədiyi, o cümlədən iddia müddətinin ötürülüb-ötürülmədiyi müəyyən olunmalıdır.”

28. Belə ki, iddiaçı hazırda mübahisə predmeti olan Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsini iddia etsə də, həmin ərazi JN 0147 KOD 41017018 dövlət aktında əks olunmuş torpaq sahəsi ilə üst-üstə düşür və iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

29. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək izah olunur ki, yaranmış vəziyyətin aradan qaldırılması məqsədi ilə üçüncü şəxsə məxsus sənədlər iddiaçının mülkiyyət hüquqlarına müdaxilə edilən hissədə məhkəmə icraat qaydasında mübahisələndirilə bilər.

30. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

31. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar