Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7577/2025 11.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1rşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1rşı “Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Ceyranbatan qəsəbəsi üzrə Nümayəndəliyinin 27 iyul 1994-cü il tarixli, 68 saylı sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədi ilə Yeni yaşayış massivində ayrılmış 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, buna dair çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Ceyranbatan qəsəbəsi üzrə Nümayəndəliyinin 27 iyul 1994-cü il tarixli, 68 saylı sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədi ilə Yeni yaşayış massivində ayrılmış 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, buna dair çıxarışın və plan-ölçünün verilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, Abşeron rayon İcra hakimiyyəti Başçısının Ceyranbatan qəsəbəsi üzrə Nümayəndəliyinin 27 iyul 1994-cü il tarixli 68 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə yeni yaşayış massivində 0.10 hu torpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsinin ayrılması müvafiq dövlət qurumları ilə razılaşdırılmış və təhkim aktı verilmişdir.Torpaq sahəsinin yerquruluşu planından çıxarış tərtib olunaraq müvafiq qaydada imza və möhürlərlə təsdiqlənmişdir.Bundan başqa həmin torpaq sahəsinin koordinatlarını özündə əks etdirən A № 143206 saylı Torpaq sahəsinin plan və ölçüsü (kadastrı) da tərtib edilmişdir. Torpaq sahəsi üzərində ev tikmiş və uzun illərdir ki, bu evdə yaşayır. Uzun illər istifadəsində olan bu torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adıma çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh ünvanladığı imtina məktubunda hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, qeyd olunan torpaq sahəsinin ayrılması barədə sərəncamın arxiv arayışı və ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının sənədləri guya müraciətə əlavə olunmamışdır və hüquq sahibinin adı və soyadında uyğunsuzluq vardır. Verilmiş imtina əsassızdır, belə ki, bu torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlər vardır və həmin sənədlər lazımi qaydada tərtib olunmaqla təsdiq edilmiş və cavabdeh orqana təqdim olunmuş.onların arasında hər hansı bir uyğunsuzluq yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Cavabdehin imtinasının əsasını ayrılmış torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilməməsi və hüquq sahibinin soyad və ata adında uyğunsuzluq təşkil edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Abşeron rayon İcra Hakimiyyəti Başçısı Ceyranbatan qəsəbəsi üzrə nümayəndəsinin 27 iyul 1994-cü il tarixli 68 saylı sərəncamı ilə İddiaçı 0.10 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon İcra Hakimiyyəti Başçısı Ceyranbatan qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 378 saylı arayışında qeyd edilmişdir ki, 27 iyul 1994-cü il tarixli 68 №li sərəncamda adı qeyd olunan İddiaçı Meyləqulu oğlu həqiqətən də İddiaçıdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2009-cu il tarixli rəyində torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verilməsinə etiraz edilmədiyi qeyd edilmişdir. Torpaq sahəsinin planı və ölçüsü iş materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli müayinə aktında torpaq sahəsinin sənəd üzrə 0.1 ha, faktiki 0.1163 ha olduğu, torpaq sahəsinin ümumi daş hasar daxilində yerləşdiyi, torpaq sahəsində 1 ev və köməkçi tikilinin olduğu qeyd edilmişdir. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısı Ceyranbatan qəsəbəsi üzrə nümayəndəsinin 27 iyul 1994-cü il tarixli 68 saylı sərəncamının arxiv çıxarışın məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısı Ceyranbatan qəsəbəsi üzrə nümayəndəsinin 27 iyul 1994-cü il tarixli 68 saylı sərəncamı ilə İddiaçı 0.10 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Cavabdeh orqanın imtinasının əsasını ayrılmış torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilməməsi və hüquq sahibinin soyad və ata adında uyğunsuzluq təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Göründüyü kimi iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. Məhkəmə hesab edir ki, cavabdehin imtinasını əsaslandırdığı hallar iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Torpaq sahəsinin xx.xx.2009-cu il tarixdə X2 kitabında uçota alınmış A №143206 saylı planı və ölçüsü iş materiallarına əlavə edilmişdir. Bundan əlavə Abşeron rayon İcra Hakimiyyəti Başçısı Ceyranbatan qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 378 saylı arayışında qeyd edilmişdir ki, 27 iyul 1994-cü il tarixli 68 №li sərəncamda adı qeyd olunan İddiaçı Meyləqulu oğlu həqiqətən də İddiaçıdur. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsaslı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəsinin 27 iyul 1994-cü il tarixli, 68 saylı sərəncamı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova