Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-7594/2025 16.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Abşeron rayonu 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsindəki fərdi yaşayış evinə dair mülkiyyət hüququ barədə çıxarışın və texniki pasportun təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 20 dekabr 2021-ci il tarixli çıxarışına əsasən Abşeron rayonu 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsində tərəfindən fərdi yaşayış evi inşa edilmiş, lakin evə dair hüquq müəyyənedici sənəd (çıxarış) yoxdur. Mövcud qanunvericiliklə evin yerləşdiyi torpaq sahəsinə dair çıxarışın olması fərdi yaşayış evinin sənədləşdirilməsi üçün əsasdır. Bununla bağlı 18 iyun 2025-ci il tarixdə Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin Abşeron rayon ərazi idarəsinə ərizə və müvafiq sənədlər göndərərək fərdi yaşayış evinə çıxarışın və texniki pasportun verilməsi xahişi barədə ərizə ilə müraciət etmiş, ərizəyə əlavə olaraq, torpağa dair çıxarışın, torpaq sahəsinin planı və ölçüsü barədə sənədin və “Bakı Tikinti” Layihə Smeta Bürosunun Memarlıq və Planlaşdırma Bölməsinin fərdi yaşavış evinə dair layihəsinin surətləri də dövlət qurumuna göndərilmişdir. Lakin rəsmi müraciətindən 2 aydan çox vaxt keçsə də, dövlət qurumu tərəfindən fərdi yaşayış evimin sənədləşməsi ilə bağlı ərizəsinə cavab verilməmişdir. Bildirilir ki, mülkiyyətində olan torpaq sahəsində 2022-ci ildə fərdi yaşayış evi inşa edilmişdir. Buna baxmayaraq, həmin evin çıxarışı olmadığından həmin ünvana kommunal xidmətlərin (su, qaz, işıq) qoşulması ilə bağlı müraciət edə bilmir, yəni aldığı məlumat əsasən evə dair çıxarış olmadığı halda kommunal xidmətin göstərilməsi üçün müqavilələrin bağlanması mümkün olmur. Bu səbəbdən iddiaçı özünə məxsus torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evində yaşaya bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 9 dekabr 2025-ci il tarixli, 2-1(118)-7594/2025 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra - “cavabdeh”) ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 7 yanvar 2026-cı il tarixli, 3-21-3-32/2-179/2026 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron Rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış, keçmiş Türkan Üzümçülük sovxozunun hüdudları daxilində yerləşir və inzibati olaraq Bakı şəhərinə (Xəzər rayonu) aid edilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan 0,02 ha torpaq sahəsinin Abşeron Rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanıldığı, keçmiş Türkan Üzümçülük sovxozunun hüdudları daxilində və Bakı şəhəri, Xəzər rayonun inzibati ərazisində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək, hazırkı inzibati işin aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, işin baxılması üçün aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərilməsinə etiraz etməmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Beləliklə, mübahisələndirilən torpaq sahəsinin inzibati olaraq Bakı şəhərinə (Xəzər rayonu) aid olduğu üçün məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Bakı şəhəri, Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (15.3-cü bənd). Məhkəmə nəzərə alır ki, zəruri konstitusiya hüquq qaydasının yaradılması məhkəmə hakimiyyətinin səmərəli fəaliyyət mexanizmindən asılıdır. Eyni zamanda, 2023-cü il 6 noyabr tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” Qərardadında qeyd olunmuşdur: “...
33. Məhkəmələrə müraciət etmək hüququ mütləq deyil, məhdudiyyətlərə məruz qala bilər; belə məhdudiyyətlərə dolayı formada yol verilir, çünki məhkəməyə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78). ...” İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 8.1.1 və 34.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Abşeron rayonu 1 nömrəli Hüvsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsindəki fərdi yaşayış evinə dair mülkiyyət hüququ barədə çıxarışın və texniki pasportun təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova