Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-7599/2025 13.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2rşı “Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllə küçəsində yerləşən 0.10 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon X1, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllə küçəsində yerləşən yaşasyış və ümumi sahəsi 21.8 m.kvadrat olan 1 otaqdan ibarət fərdi yaşayış evi iddiaçının mülkiyyətinə verilmişdir. "Vətəndaşların mənzil şəraitinin yaxşılaşdırmaq haqqında "Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 39 saylı Sərəncamdan çıxarışa əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırmaq məqsədi ilə qəsəbə daxilində boş istifadəyə yararsız olan sahələrdən 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində yaşayış evi tikməyə icazə verilmişdir. xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllə küçəsində yerləən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabeh təşkilata müraciət etmişdir. Cavabdeh təşkilat müraciətə imtina cavabı vermiş və imtinaya əsas olaraq mənə aşağıdakı məzmunda cavab vermişdir: Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş Abşeron rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli sərəncamdan çıxarışda qərarın nömrəsinə təsdiqlənməmiş düzəliş olduğu aşkar edilmişdir. Bundan başqa Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli sərəncamından çıxarışda yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə istinadın, müvafiq sərəncamın arxiv arayışının hazırki ərizəyə əlavə olunmadığı müəyyən edilmişdir. Həmçinin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd üzrə 0.10 ha olduğu halda, faktiki olaraq torpaq sahəsinin 0.098 ha hissəsinin istifadədə olduğu və buna dair notarial qaydada təsdiq olunmuş azalma ərizəsinin hazırki müraciətinə əlavə olunmadığı, faktiki torpaq sahəsinin başqa şəxslərə məxsus sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşdüyü, bundan əlavə sözügedən tikilinin texniki pasportda göstərilən daxili ölçüləri ilə faktiki ölçüləri arasında fərq olduğu aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İddiaçı imtinanı qanunsuz və əsassız hesab edir. Belə ki, tərəfindən bütün hüquqmüəyənedici sənədlər cavabdeh təşkilata təqdim edilmişdir. Hətta torpaq sahəsində yerləşən evin qeydiyyat vəsiqəsi və texniki pasportu da mövcuddur ki, bu da torpaq sahəsinin ayrılmasında heç bir şübhə doğurmur. Ölkə Prezidentinin əmlak məsələləri ilə bağlı sonuncu fərmanında edilmiş dəyişikliklərə əsasən rayon İcra Hakimiyyəti başçılarının, ərazi nümayəndələrinin "torpaq sahəsi ayırma haqqında" sərəncamları da, həmçinin hüquqmüəyyənedici sənəd hesab edilmişdir. Həmin dövrdə icra başçılarının və ərazi nümayəndələrinin vətəndaşlara fərdi yaşayış evlərinin tikinitisi ilə bağlı torpaq sahəsi ayırma hüquqları mövcud olmuşdur. Qeyd edilən səbəblərdən imtinanı qanunsuz və əsassız hesab edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş Abşeron rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli sərəncamdan çıxarışda qərarın nömrəsinə təsdiqlənməmiş düzəliş olunduğu; torpaq sahəsinin ayrılması barədə müvafiq sərəncamın arxiv arayışının müraciətə əlavə olunmadığı; torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.10 ha olduğu halda, faktiki olaraq torpaq sahəsinin 0.098 ha hissəsinin istifadədə olduğu; faktiki torpaq sahəsinin başqa şəxslərə məxsus sənəd üzrə torpaq sahələri ilə üstüstə düşdüyü; sözügedən tikilinin texniki pasportda göstərilən daxili ölçüləri ilə faktiki ölçüləri arasında fərg olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllə küçəsində yerləşən 0.10 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müayinə olunan torpaq sahəsi **********03, **********04, **********52 və **********57 reyestr nömrəli torpaq sahələri ilə, həmçinin JN-2085, JN-2086 və JN-2087 nömrəli dövlət aktları ilə üst-üstə düşür. Bu halda məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağına uyğun ilkin olaraq iddia etdiyi torpaq sahəsinin üst-üstə düşdüyü torpaq sahələrinə məxsus çıxarışların və ya plan-ölçü sənədlərinin ləğvi və ya koordinatlarına dəyişiklik edilməsi tələb edilməlidir. İddiaçı məqsədinə yalnız üst-üstə düşən torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərinin və ya koordinatlarının mübahisələndirilməsinə dair iddianın uğurlu olduğu təqdirdə çata bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, hazırki tələb iddiaçının hüquqi marağına uyğun deyil. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-7599/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-7599/2025
13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver