Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7601/2025 12.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6rşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6rşı “torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, ünvan 1i ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı-İddiaçı ünvan 2 ünvanında pasport qeydiyyatında durur və həmin ünvanında yaşayır. DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 17/7-365 saylı rəyində bildirilir ki, Şamaxı rayon X3 Bəxtiyar Abdulla oğluna həyətyanı məqsədi ilə satılması nəzərdə tutulan torpaq sahəsi 0.04 ha olmaqla Çuxuryurd Bəldiyyəsinin mülkiyyətindədir. Satılan torpaq sahəsi kəndin prespektiv inkişafına kənd təsərrüfatına az yararlı və ya yarasız (şərti yarasız) olmaqla, alqı-satqı predmetidir və İddiaçı satılması məqsədə müvafiqdir. Şamaxı rayon Çuxuryurd Bəldiyyəsinin xx.xx.2005-ci il tarixli, 16 saylı qərarı ilə Şamaxı rayonu Çuxuryurd Bəldiyyə prespektiv inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı (şərti yararsız) torpaq sahəsində alqı-satqı qaydasında Bakı şəhər sakini İddiaçı tikinti məqsədi üçün 0.04 ha torpaq sahəsinin satılması barədə DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən hazırlanmış sənədləri nəzərə alınması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli, 158 saylı qərarına müvafiq olaraq satılan torpaq sahəsinin normativ qiyməti barədə xüsusi nümunədə arayış verilməsini DTXK-nin Şamaxı rayon şöbəsindən xahiş edilməsi, İddiaçı normativ qiymətdən az olmamaq şərti ilə torpaqın nəzərdə tutulmuş qiymətinə görə dəyərini Çuxuryurd Bəldiyyəsinin hesabına ödənilməsi və ödəmə barədə qəbzi DTXK-nin Şamaxı rayon şöbəsinə təqdim etməsi; DTXK-nin Şamaxı rayon şöbəsindən satılan torpağın dəyəri ödənildikdən sonra nümunəvi “Torpaqların alqı-satqı qaydaları”-na əlavədə göstərilən nümunə əsasında “Torpağın alqı-satqısına dair” üç nüsxədən ibarət akt tərtib edilməsi və qeydiyyata alınması DTXK-nin Şamaxı rayon şöbəsindən xahiş edilməsi; İddiaçı aldığı torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq sənəd hazırlanıb verilməsi barədə DTXK-nin Şamaxı rayon şöbəsindən xahiş edilməsi barədə qərar qəbul olunmuşdur. 12 oktyabr 2005-ci il tarixdə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10yanvar tarixli. 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydaları” na müvafiq olaraq torpaqların alqı- satqısına dair akt tərtib edilmişdir. Həmin akta əsasən Çuxuryurd Bəldiyyəsi 04 oktyabr 2005-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmiş ünvan 5 ünvanında yaşayan İddiaçı 0.04 ha torpaq sahəsinin satılması barədə 12 oktyabr 2005-ci il tarixdə, 16 nömrəli qərar qəbul etmişdir. Həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Şamaxı rayonu Çuxuryurd Bəldiyyəsinin ********** saylı bank hesabına əvvəlcədən 188 nömrəli qəbzə əsasən 196.000 manat haqq ödəmişdir. Həmin akt DTXK-nin Şamaxı rayon şöbəsi və Şamaxı rayonu Çuxuryurd Bəldiyyəsi tərəfindən imza və möhürlə təsdiqlənmişdir. Şamaxı rayonu Çuxuryurd Bəldiyyəsinin mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin dəyərinin 196.000 manat məbləğində İddiaçı tərəfindən ödənilməsi 12 oktyabr 2005-ci il tarixli, seriya BYB № 188 saylı kassa mədaxil orderi ilə təsdiqlənmişdir. DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən Çuxuryurd Bəldiyyəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli, 158 saylı qərarına müvafiq olaraq Şamaxı rayonu Çuxuryurd Bəldiyyəsinə arayış verilmişdir ki, İddiaçı satılan 0.04 ha torpaq sahəsi Dağlıq Şirvan kadastr qiymət rayonuna aiddir. Həmin torpaq sahəsi 0.04 ha, uqodiyası KPİ, bonitet balı 81.100, keyfiyyət qrupu 1 və normativ qiyməti 196.000 manat olmaqla Çuxuryurd Bəldiyyəsinə aiddir. Şamaxı rayonu Çuxuryurd Bəldiyyəsinin mülkiyyətinə verilmiş torpaqların yer quruluşu lahiyyəsindən Çıxarış miqyas 1:10000, tərtib olunmuş və DTXK-nin Şamaxı rayon şöbəsi və Çuxuryurd Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Şamaxı rayonu Məlhəm Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə təqdim edilməsi üçün arayış verilmişdir ki, 09 iyul 2025-ci il tarixli, 66 saylı arayışa əsasən, həqiqətən keçmiş Çuxuryurd Bəldiyyəsinin 12 oktyabr 2005-ci il tarixli, 16 saylı qəran ilə İddiaçı adına 0.04 ha həyətyanı torpaq sahəsi ayrılmış və hal-hazırda həmin qərar öz qüvvəsində qalır. İddiaçı AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə sözü gedən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almaq üçün müraciət etmişdir. Lakin cavabdeh AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi ünvan 1ində yerləşən, X2 xx.xx.2005-ci il tarixli, 16 saylı qərarı ilə İddiaçı həyətyanı məqdəsi ilə satılmış 0.04 ha torpaq sahəsinin yerləşdiyi ərazi baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı, örüş torpaqlarına aid olmaqla, başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsi saqı-satqı predmeti olmadığına və başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə, sözügedən torpaq sahəsinin üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrinə qeydiyyata alınması mümkün deyil, ona görə də “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən iddiaçının ərizəsinin icrasından imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ-İV hissələrinə, 68-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ hissəsinə, gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. AR Mülki Məcəllənin 149.2-ci maddəsinə, 157.9-cu maddəsinə, 178.1-ci maddəsinə, “Bələdiyyə torpaqlarının idarə ediləməsi haqqında” Azərbaycan Respublikası Qanununa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası 3.1-ci maddəsinə, 8-ci maddəsinə, 10.1-ci maddəsinə, “Vətəndaşların müraciətinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinə, 7-ci maddəsinin 3-cü bəndinə istinad edərək hesab edir ki, cavabdehin verdiyi cavab hüquqi cəhətdən əsaslandırılmayıb. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, qeydiyyat üçün təqdim olunmuş sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, ünvan 1ində yerləşən, X2 xx.xx.2005-ci il tarixli, 16 saylı qərarı ilə həyətyanı məqsədilə satılmış 0.04 ha torpaq sahəsinin yerləşdiyi ərazi baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olmaqla, başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Torpaq qanunvericiliyin tələblərinə əsasən örüş torpaqları alqı-satqı predmeti deyil, yalnız icarə predmeti ola bilər. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”-nin 16.3-cü maddəsinə, əsasən, Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında X4 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Çuxuryurd bələdiyyə başçısının 12 oktyabr 2005-ci il tarixli 16 saylı qərarından görünür ki, Şamaxı rayonu Çuxuryurd bələdiyyə perspektiv inkişaf ehtiyat fondunun alqısatqı predmeti olan 0.04 ha həyətyanı torpaq sahəsi İddiaçı verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinin xx.xx.2005-ci il tarixli rəyinin surəti, torpaq sahəsinin alqı-satqı aktının surəti, kassa mədaxil orderinin qəbzinin surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq X7 filialının xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 12 oktyabr 2006-cı il tarixli 16 saylı qərarında İddiaçı adı aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 28 noyabr 2025-ci il tarixli 3-21-3- 41/2-3673/2025 saylı məktubunda qeyd edilmişdir ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin arxivində və baza məlumatlarında Şamaxı rayonu, Çuxuryurd bələdiyyəsinin 12 oktyabr 2005-ci il tarixli, 16 saylı Qərarı ilə iddiaçıya ayrılmış 0.04 ha torpaq sahəsinə dair hər hansı bir məlumat aşkar olunmadı. - 14 saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən iddiaçının naturada istifadəsində olan torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinə yaşayış məntəqələri təyinatlı həyətyanı məqsədilə çıxarışlar verilməmişdir. - 14 saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən iddiaçının naturada istifadəsində olan torpaq sahəsi JN- 0721 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın hüdudları daxilində yerləşir. JN- 0721 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın təsdiq olunmuş surəti cavab məktubuna əlavə olunur. Torpaq sahəsinin hansı hissədə üst-üstə düşməsi cavab məktubuna əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, Çuxuryurd bələdiyyə başçısının 12 oktyabr 2005-ci il tarixli 16 saylı qərarına istinad edərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmalkın dövlət reyetrində qeydə alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, qeydiyyat üçün təqdim olunmuş sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, ünvan 1ində yerləşən, X2 xx.xx.2005-ci il tarixli, 16 saylı qərarı ilə həyətyanı məqsədilə satılmış 0.04 ha torpaq sahəsinin yerləşdiyi ərazi baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olmaqla, başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Torpaq qanunvericiliyin tələblərinə əsasən örüş torpaqları alqı-satqı predmeti deyil, yalnız icarə predmeti ola bilər. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”-nin 16.3-cü maddəsinə, əsasən, Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 12 oktyabr 2006-cı il tarixli 16 saylı qərarında İddiaçı adı aşkar edilməmişdir. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. 14 saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən iddiaçının naturada istifadəsində olan torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinə yaşayış məntəqələri təyinatlı həyətyanı məqsədilə çıxarışlar verilməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 3.Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Hazırkı mübahisənin yaranmasının əsasını iddiaçının istifadəsində olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması təşkil edir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri , meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.
4. Kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri
1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.
2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.
3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.
4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş "Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları"-nın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. Məhkəmə Torpaq Məcəlləsinin 9 və 13-cü maddələrinə istinad edərək qeyd edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin başqa məqsədlər üçün istifadəsi yalnız kateqoriyası dəyişdirildikdən sonra mümkündür. Bundan əlavə X7 filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 12 oktyabr 2006-cı il tarixli 16 saylı qərarı mövcuddur, lakin həmin qərarda İddiaçı adı yoxdur. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş ünvan 1ində yerləşən, X2 xx.xx.2005-ci il tarixli, 16 saylı qərarını mötəbər hüquqmüəyyənedici sənəd kimi qəbul etmir. Qeyd edilənlər cavabdeh inzibati orqanın hərəkətləri və imtinasının əsaslı olduğunu göstərir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova