Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-761/2025 19.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Masazır bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Masazır bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 may 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”in 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Abşeron rayonu Masazır bələdiyyəsinin 18 avqust 2023-cü il tarixli, 297 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Mehdiabad bələdiyyəsinin 6 iyul 2023-cü il tarixli iclasının protokolu ilə 0,9079 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hərrac keçirilmişdir. Hərracda iştirak edərək hərracın qalibi olmuş vətəndaş İddiaçı iştirakı ilə keçirilmiş hərracda torpaq sahəsinə görə qoyulmuş müsabiqənin qiyməti bazar qiymətindən aşağı olduğu üçün qeyd edilən torpaq sahəsini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsi 18 iyul 2023-cü il tarixli, 05/484 nömrəli məktuba əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunları nəzərə alaraq, ləğv olumuş torpaq sahəsinin alqı-satqısı mümkünsüzdür.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin 28 avqust 2023-cü il tarixli, 06/675 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 12 iyul 2023-cü il tarixli, 08 saylı iclas protokolunun 1 nömrəli qərarı ilə 0,9079 ha torpaq sahəsi icarəsinə verilmiş, həmin torpaq sahəsi qanunvericiliyin tələbləri pozulmaqla bazar qiyməti nəzərə alınmadan icarəyə verildiyindən Sumqayıt regional ədliyyə idarəsi tərəfindən sözügedən qərarın ləğv olunması üçün 18 iyul 2023-cü il tarixli, 05/484 saylı məktubla bələdiyyəyə müraciət olunmuş və bələdiyyənin 26 iyul 2023-cü il tarixli, 10 saylı iclas protokolunun 1 nömrəli qərarı ilə bələdiyyənin 12 iyul 2023-cü il tarixli, 08 saylı iclas protokolunun 1 nömrəli qərarı ləğv edilmişdir.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
3. Abşeron Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(012)-580/2024 nömrəli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(012)- 580/2024 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)- 2866/2024 saylı inzibati iş üzrə iddia tələbinə baxılıb qurtaranadək İddiaçı cavabdeh Abşeron rayon Mehdiabad bələdiyyəsinə qarşı müqavilənin bağlanması öhdəliyinin qoyulması tələbinə dair 2(012)-580/2024 saylı mülki işin icraatı dayandırılmışdır. Qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - Abşeron Rayon Məhkəməsinə verilmiş İddiaçı cavabdeh Abşeron rayon Mehdiabad bələdiyyəsinə qarşı 20 oktyabr 2023-cü il tarixli iddia ərizəsi. - “X6” publik hüquqi şəxsinin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə nəticələri barədə 6 iyul 2023-cü il tarixli, 120/1 nömrəli iclasının protokolundan görünür ki, həmin protokol Abşeron rayon ərazisində yerləşən Mehdiabad bələdiyyəsinin mülkiyyətində olan 0,9079 ha kənd təsərrüfatı təyinatı əkin torpaqlarına aid, üçüncü keyfiyyət qruplu, 1 ha icarə haqqının 6,54 manat olan, üzərində heç bir məhdudiyyət olmayan torpaq sahəsinin icarəyə verilməsi məqsədilə 6 iyul 2023-cü il tarixdə müsabiqənin keçirilməsi və qalibin müəyyən edilərək ona şəhadətnaməin verilməsi haqqında tərtib edilmiş, müsabiqənin qalibi İddiaçı olaraq göstərilmişdir. - “X6” publik hüquqi şəxsinin HTM seriyalı, 003908 nömrəli şəhadətnaməsindən görünür ki, Həsənov X5 rayon ərazisində yerləşən Mehdiabad bələdiyyəsinin mülkiyyətində olan 0,9079 ha olan torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı “X6” publik hüquqi şəxsinin Abşeron ərazi torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 6 iyul 2023-cü il tarixdə keçirilmiş müsabiqəsinin qalibidir. Torpaq sahəsi torpaq müsabiqəsində 5.155 manata icarəyə 20 il müddətinə verilmişdir.
4. Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 14 iyun 2024-cü il tarixli, 257 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - İddiaçı göndərilmiş məktub (§1). - Sumqayıt İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 15(118)-77/2023 nömrəli qərardadı; - Mehdiabad bələdiyyəsinin 12 iyul 2023-cü il tarixli iclasın 08 saylı protokolunun 01/01 nömrəli “Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 28 noyabr 2022-ci il tarixli iclasın 12 saylı protokolunun 01/01 nömrəli qərarında dəyişiklik edilməsi barədə” qərarından çıxarışdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X6” publik hüquqi şəxsinin Abşeron ərazi Torpaq müsabiqə və hərrac komissiyası arasında bağlanmış icarə müqaviləsinə əsasən 0,9079 ha torpaq sahəsinin İddiaçı icarəsinə verilmiş torpağa görə bələdiyyə ilə alqı-satqı müqaviləsinin bağlanılması qərara alınmışdır. “X6” publik hüquqi şəxsinin Abşeron ərazi Torpaq müsabiqə və hərrac komissiyasının 6 iyul 2023-cü il tarixdə 120/1 nömrəli protokola əsasən vətəndaşın adına 20 illik icarəyə verilmişdir. Həmin torpaq sahəsinin illik icarə haqqının bazar qiyməti 257,75 manat qoyulmuşdur. - Mehdiabad bələdiyyəsinin 26 iyul 2023-cü il tarixli protokol-qərarından görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin 05/484 saylı, 18 iyul 2023-cü il tarixli məktubu nəzərə alınaraq, Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 12 iyul 2023-cü il tarixli, 08 saylı iclas protokolunun 01 nömrəli qərarı ləğv edilmişdir. - “X6” publik hüquqi şəxsinin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə nəticələri barədə 6 iyul 2023-cü il tarixli, 120/1 nömrəli iclasının protokolu. - “X6” publik hüquqi şəxsinin HTM seriyalı, 003908 nömrəli şəhadətnamə.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin 23 yanvar 2025-ci il tarixli, 3-16-9/2-H-35/2025-C-1414 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Abşeron rayonu Mehdiabad bələdiyyəsinə məxsus 0,9079 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 5 iyul 2023-cü il tarixdə keçirilmiş müsabiqənin nəticəsinə əsasən Mehdiabad bələdiyyəsinin 12 iyul 2023-cü il tarixli iclasında müqavilə bağlanması və illik icarə haqqının 257,75 manat müəyyən olunması barədə qərar qəbul edilmişdir. Lakin həmin bələdiyyə qərarı qəbul və tərtib edilərkən müvafiq normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, həmçinin zəruri təsdiqedici sənədlər qərara əlavə olunmadığı üçün Sumqayıt regional ədliyyə idarəsi tərəfindən sözügedən qərarın qanunvericiliyə uyğunlaşdırılaraq dəyişdirilməsi və ya ləğv edilməsi barədə Mehdiabad bələdiyyəsinə verilmiş təklif əsasında 12 iyul 2023-cü il tarixli qərar bələdiyyənin 26 iyul 2023-cü il tarixli qərarı ilə ləğv edilmişdir. İzah olunur ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci və 8.4-cü maddələrinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilir. İnzibati nəzarəti həyata keçirən orqan inzibati nəzarət icraatı nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu müəyyən etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə təklif təqdim edir, bələdiyyə tərəfindən həmin təklifə bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin 19 fevral 2025-ci il tarixli, 05/110 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - 18 iyul 2023-cü il tarixli, 05/484 nömrəli Mehdiabad bələdiyyəsinə göndərilmiş məktubundan görünür ki, Mehdiabad bələdiyyəsinin 12 iyul 2023-cü il tarixli, 08 saylı iclas protokolu 01 nömrəli qərarı bazar qiymətinə uyğunlaşdırılması üçün yenidən müzakirə olunmaqla dəyişiklik edilməsi və ya dəyişiklik edilməsi mümkün olmadığı halda ləğv edilməsi, ləğv təklifi 5 iş günündən gec olmayaraq bələdiyyə iclasında müzakirə olunması təklif edilmişdir. - Mehdiabad bələdiyyəsinin 12 iyul 2023-cü il tarixli iclasın 08 saylı protokolu.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X6 publik hüquqi şəxsinin 25 aprel 2025-ci il tarixli, 3-21-3-03/2-101/2025 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 21 fevral 2017-ci il tarixli, 10/1 nömrəli rəyi. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 2 noyabr 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, **********62 reyestr nömrəli 0,9079 ha torpaq sahəsi Abşeron rayonu Mehdiabad bələdiyyəsinin mülkiyyətindədir. - **********62 reyestr nömrəli 0,9079 ha torpaq sahəsinə dair Abşeron rayonu Mehdiabad bələdiyyəsinin adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”. - Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 28 noyabr 2022-ci il tarixli, 12 saylı protokolunun 01/01 nömrəli “Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 28 noyabr 2022-ci il tarixli iclasın 12 saylı protokolunun 01/01 nömrəli qərarında dəyişiklik edilməsi barədə” qərarından çıxarış. - Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 27 mart 2023-cü il tarixli, 82 nömrəli X6 publik hüquqi şəxsinə göndərilmiş məktubundan görünür ki, bələdiyyənin qərarı əsasında 0,9079 ha torpaq sahəsinin kənd təsərrüfatı üçün 15 illik icarəyə verilməsi məqsədi ilə hərracın, müsabiqənin keçirilməsi barədə Mehdiabad bələdiyyəsi ilə müvafiq müqavilə bağlanması xahiş olunmuşdur. - 26 aprel 2023-cü il tarixli, 130 nömrəli “Abşeron rayon Mehdiabad bələdiyyəsinin ehtiyyat fondunda saxlanılan kənd təsərrüfatı (əkin) torpaq sahələrinin icarəyə verilməsinin iqtisadi əsaslandırılmasına dair arayış”. - 17 may 2023-cü il tarixli “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestri”ndən arayış. - “Torpaq hərrac və ya müsabiqələrinin keçirilməsi haqqında” bildiriş. - “Müsabiqədə, hərracda iştirak etmək üçün” X7, İddiaçı, X3, X4, X9, X1, X7, X2 5 iyul 2023-cü il tarixli ərizələri və təklifləri. - “X6” publik hüquqi şəxsinin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə nəticələri barədə 6 iyul 2023-cü il tarixli, 120/1 nömrəli iclasının protokolu. - “X6” publik hüquqi şəxsinin HTM seriyalı, 003908 nömrəli şəhadətnaməsi.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
8. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Masazır bələdiyyəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 26 iyul 2023-cü il tarixli, 10 saylı iclas protokolunun 1 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi işin hallarına (§1-5) istinad edilərək onunla əsaslandırılmışdır ki, Mehdiabad bələdiyyəsi 18 avqust 2023-cü il tarixli, 297 nömrəli məktubunda bələdiyyə tərəfindən qərarın ləğv edilməsinin səbəbi göstərilməmişdir. Buna görə də ləğv olunmuş torpaq sahəsinin alqı-satqısı mümkünsüzdür. Həmçinin, iddiaçı bələdiyyədən alqı-satqı deyil, icarə müqaviləsinin bağlanmasını tələb etmişdir. Çünki, hərracda mübahisəli torpaq sahəsinin icarəsinin hərracı olmuş və iddiaçı da həmin hərracın qalibi olmuşdur. Mehdiabad bələdiyyəsinin qəbul etdiyi nə 12 iyul 2023-cü il tarixli, 08 saylı iclas protokolunun 1 saylı qərarından, nə də 26 iyul 2023-cü il tarixli, 10 saylı iclas protokolunun 1 nömrəli qərarından iddiaçının məlumatı olmamışdır. Qeyd olunan qərarları təqdim etmələri üçün cavabdehə vəkil sorğusu göndərilməsinə baxmayaraq, sorğuya da cavab verilməmişdir.
10. İddia tələbinin prosessual hüquqi əsası kimi İPM-in 2.2.1, 70.1-ci maddələrinə istinad olunmuşdur.
11. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
12. Məhkəmənin 17 sentyabr 2024-cü il tarixli, 2-1(118)-2866/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
14. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
15. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı keçirilmiş hərracdan sonra cavabdehə müraciət edərək, mübahisələndirilən torpaq sahəsinə dair onunla icarə müqaviləsinin bağlanmasını, yəni bələdiyyə ilə qarşı tərəf arasında öhdəliyinin yaranması üçün saziş bağlanmasını xahiş etmişdir. Burdan da aydın olur ki, cavabdeh ilə iddiaçı arasında hər hansı bir hüquqi öhdəlik yaranmamışdır. Mehdiabad bələdiyyəsi tərəfindən 18 avqust 2023-cü il tarixdə bildiriş göndərilmiş və həmin bildirişdə iddiaçının iştirakı ilə keçirilmiş hərracda torpaq sahəsinə görə qoyulmuş müsabiqənin qiyməti bazar qiymətindən aşağı olması qeyd edilməklə, mexaniki səhv olaraq icarə müqaviləsi əvəzinə alqı-satqının mümkünsüzlüyü qeyd edilmişdir. İddiaçıya dəfələrlə bələdiyyədə olarkən şifahi məlumat verilmiş və bildirilmişdir ki, cavabdehə aid 0,9079 ha torpaq sahəsinin icarə müqaviləsi bazar qiymətindən aşağı olduğuna görə müqavilə öhdəliyinin yaradılması mümkünsüzdür, ona gələcəkdə təşkil ediləcək hərraclarda iştirak etməsi tövsiyə edilmişdir. Qeyd edilən 0,9079 ha torpaq cavabdehin mülkiyyətinə aid torpaq sahəsidir. Beləliklə də, cavabdeh tərəfindən hər hansı bir qanuna zidd hərəkətə yol verilməmişdir.
16. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 238.1, 241.2-ci maddələrinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Bələdiyyə torpaqlarının ayrılmasna dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycqan Respublikasının Qanununa, prosessual hüquqi əsası kimi isə İPM-in 47.2-ci maddəsinə istinad edilmişdir.
c) Tərəflərin iştirakları və izahatları:
17. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, iddiaçı cavabdeh orqana torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müraciət etmişdir. Müvafiq qanunvericiliyə əsasən cavabdeh qeyd edilən məsələ ilə əlaqədar protokol tərtib edərək, torpaq sahəsinin qiymətini göstərərək, hərracın keçirilməsini qərara alıb, həmin protokolun üçüncü şəxsə göndərilməsini təmin etməlidir, üçüncü şəxs isə 15 gün ərzində tövsiyə verməlidir. Hazırkı iş materialları ilə protokolun vaxtında göndərilməsi barədə sübut təqdim edilməmişdir. Eyni zamanda qeyd etmişdir ki, torpaq sahəsi 1 ha-dan az olduğu üçün həmin sahənin normaya uyğun olaraq qiymətinin hesablanmasını bildirmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... 42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
21. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
22. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPMin 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
23. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
24. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi X10 izahat verərək bildirmişdir ki, mübahisələndirilən qərarın qəbul edilməsi zamanı iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmadığı üçün iddiaçı bu barədə məlumatlandırılmamış, onunla müzakirə aparılmamış, iddiaçı ilə icarə müqaviləsinin bağlanılması barədə qərarın ləğvi üçüncü şəxs tərəfindən göndərilmliş məktub əsasında qərara alınmışdır. Lakin həmin məktubda bazar qiymətinin qeyd olunmadığı üçün, torpaq sahəsinin qiyməti barədə məlumatlı deyil, bununla əlaqədar cavabdeh orqan tərəfindən də araşdırılma aparılmamışdır. Eyni zamanda qeyd etmişdir ki, bələdiyyənin qəbul edilən hər bir protokolu üçüncü şəxsə göndərilir. Hazırkı halda torpaq sahəsinə dair müsabiqənin keçirilməsi ilə bağlı keçirilmiş müsabiqəyə qədər üçüncü şəxs tərəfindən münasibət bildirilməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
25. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
26. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
27. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
28. Məhkəmənin 17 sentyabr 2024-cü il tarixli, 2-1(118)-2866/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qərarın ləğv edilməsi” tələbi mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi
İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
30. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Regional ədliyyə idarələri haqqında” Əsasnamə:
“1.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Regional ədliyyə idarələri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müstəqil struktur qurumlarıdır. 1.2. Regional idarə Nazirliyin qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, müvafiq ərazi vahidlərində ədliyyə qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi, əhalinin ədliyyə qurumlarına müraciət etmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılmışdır. ...” “3.0. Regional idarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: ... 3.0.2. bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – bələdiyyələr) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədilə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək; 3.0.3. Nazirliyə mütləq təqdim olunan bələdiyyə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunluğunu müəyyənləşdirmək məqsədilə həmin aktlara baxmaq; 3.0.6. bu Əsasnamənin 3.0.3-cü yarımbəndində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olduğu aşkar edildikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət etmək; 3.0.7. bu Əsasnamənin 3.0.5 və 3.0.6-cı yarımbəndlərində nəzərdə tutulmuş müraciətlər “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə məhkəməyə müraciət etmək və bu barədə müvafiq bələdiyyəyə məlumat vermək; 3.0.8. hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ziyan vura bilərsə, həmin aktın ləğv edilməsi (dəyişdirilməsi) və ya həmin fəaliyyətə xitam verilməsi haqqında müvafiq bələdiyyəyə təklif vermək, bu təklif Qanunla müəyyən edilmiş müddətdə bələdiyyə tərəfindən yerinə yetirilmədikdə məhkəməyə müraciət etmək; ...”
31. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu:
“Maddə 8. İnzibati nəzarət icraatı ... 8.4. İnzibati nəzarəti həyata keçirən orqan inzibati nəzarət icraatı nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu müəyyən etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə təklif təqdim edərək informasiya sistemində müvafiq aktın qarşısında qeyd edir. Bələdiyyə tərəfindən həmin təklifə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. 8.5. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. ...”
32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar
1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı
21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda.
Maddə 24. İşin hallarının obyektiv araşdırılması
24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ...
Maddə 25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ
25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. ...
Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar
28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. …
Maddə 36. İnzibati icraatda iştirakçılar
36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; 36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; …
Maddə 61. İnzibati aktın əsaslandırılması
61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. ...
Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi
62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. … 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
33. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 14. Sübut etmə vəzifəsi
14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
“Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.”
“Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
Məhkəmənin mövqeyi
34. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatını və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
35. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə keçirilmiş müsabiqə nəticəsində iddiaçı qalib gəlmiş, müvafiq icarə müqaviləsinin bağlanılması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən icarə müqaviləsinin bağlanılmasına dair qəbul edilmiş qərarın ləğv edilməsi barədə iddiaçını məlumatlandırmamış, bu səbəbdən də həmin qərar ləğv edilməlidir.
36. Cavabdehin mövqeyinə görə isə iddiaçı ilə bələdiyyə arasında müvafiq icarə müqaviləsi bağlanılmadığı üçün, onun qəbul edilən qərar barədə iddiaçını məlumatlandırmaq öhdəliyi yoxdur, bu səbəbdən də qəbul edilən akt ilə cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmamış və hər hansı bir qanunazidd hərəkətə yol verilməmişdir.
37. Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik).
38. İş materiallarında olan sənədlərdən görünür ki, Abşeron rayon ərazisində yerləşən Mehdiabad bələdiyyəsinin mülkiyyətində olan 0,9079 ha kənd təsərrüfatı təyinatı əkin torpaqlarına aid, üçüncü keyfiyyət qruplu, 1 ha icarə haqqının 6,54 manat olan, üzərində heç bir məhdudiyyət olmayan torpaq sahəsinin icarəyə verilməsi məqsədilə 6 iyul 2023-cü il tarixdə müsabiqə keçirilmiş, müsabiqənin qalibi iddiaçı olmuşdur. Bu barədə müvafiq protokol və HTM seriyalı, 003908 nömrəli şəhadətnamə tərtib edilmişdir. Şəhadətnaməyə əsasən torpaq sahəsi iddiaçının icarəsinə 20 il müddətinə verilmişdir. Keçirilmiş müsabiqə nəticəsində cavabdeh tərəfindən 12 iyul 2023-cü il tarixdə iclas keçirilərək, 08 saylı protokoluna əsasən 01/01 nömrəli qərar qəbul edilmiş və həmin torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi qərara alınmışdır.
39. Daha sonra müvafiq qanunvericiliyə uyğun olaraq cavabdeh orqanın fəaliyyətinə nəzarət edən üçüncü şəxs, torpaq sahəsinin qanunvericiliyin tələbləri pozulmaqla bazar qiyməti nəzərə alınmadan icarəyə verildiyindən, cavabdeh tərəfindən qəbul edilən qərara münasibətdə məktub göndərərək, torpaq sahəsinin bazar qiymətinə uyğunlaşdırılması üçün yenidən müzakirə olunmaqla dəyişiklik edilməsi və ya dəyişiklik edilməsi mümkün olmadığı halda ləğv edilməsini, ləğv təklifi 5 iş günündən gec olmayaraq bələdiyyə iclasında müzakirə olunmasını təklif etmişdir.
40. Həmin məktuba əsasən cavabdeh 26 iyul 2023-cü il tarixli, 10 saylı iclas protokoluna əsasən 1 nömrəli qərarını qəbul edərək, torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi barədə 12 iyul 2023-cü il tarixli, 08 saylı iclas protokolunun 1 nömrəli qərarını ləğv etmişdir.
41. Göründüyü kimi, cavabdehin istinad etdiyi üçüncü şəxsin məktubunda ilk öncə torpaq sahəsinin bazar qiymətinə uyğunlaşdırılması üçün yenidən müzakirə olunmaqla dəyişiklik edilməsi, mümkün olmadığı halda isə qeyd edilən qərarın ləğv edilməsi təklif edilmişdir.
42. Lakin iş materiallarında mövcud olan sənədlərdən, həmçinin cavabdehin səlahiyyətli nümayəndəsinin verdiyi izahatlarından torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsi və uyğunlaşdırılması məqsədilə heç bir araşdırmanın aparılmaması, müzakirə olunmaması, iddiaçının iştirakını təmin etmədən, ümumiyyətlə onu məlumatlandırılmadan lehinə çıxarılmış qərarın cavabdeh tərəfindən ləğv olunması müəyyən edilmişdir.
43. Bundan əlavə, işin materiallarına əlavə edilmiş sənədlərdən, həmçinin cavabdehin səlahiyyətli nümayəndəsinin verdiyi izahatlarından müəyyən edilir ki, iddiaçı ilə icarə müqaviləsinin bağlanılması barədə qərarın ləğvi üçüncü şəxs tərəfindən göndərilmliş məktub əsasında qərara alınmışdır. Lakin bələdiyyə tərəfindən qəbul edilmiş hər bir protokolunun üçüncü şəxsə göndərilməsinə baxmayaraq, hazırkı halda torpaq sahəsinə dair müsabiqənin keçirilməsi ilə bağlı keçirilmiş müsabiqəyə qədər üçüncü şəxs tərəfindən münasibət bildirilmədiyi müəyyən olunur, bu halın əksini sübut edən sənədlər isə məhkəməyə təqdim edilməmişdir.
44. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.
45. Həmin qanunun 21.2-ci maddəsinə əsasən, Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.
46. Qanunverici həmçinin maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edilməsinin mümkün olduğu halları müəyyən edir: 1) maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 2) ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 3) dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 4) ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 5) barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 6) inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda.
47. Qeyd edilənlərə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh 26 iyul 2023-cü il tarixli, 10 saylı iclas protokolunun 1 nömrəli qərarını qəbul edərkən, inzibati icraatın aparılması qaydalarına riayət etməmiş, marağlı şəxsin iştirakını təmin etməmiş, dinləməkdən imtina edilməsi hər hansı bir halının mövcud olduğunu göstərməmiş, qərar barədə tərəfi məlumatlandırmamışdır. Əksini sübut edən sənədlər, faktlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
48. Buna görə də cavabdehin torpaq sahəsinin icarəyə verilməsinə dair qərarının ləğvi barədə mübahisələndirilən qərarı qəbul etməsi “İnzibati icraat haqqında” Qanununun müddəalarına istinad edərək hazırda qanuni hesab edilə bilməz.
49. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən qərar ləğv olunmalıdır.
50. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
51. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin 26 iyul 2023-cü il tarixli, 10 saylı iclas protokolunun 1 nömrəli qərarı ləğv edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
52. Şərh edilənlərə əsasən və İPM-in 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 26 iyul 2023-cü il tarixli, 10 saylı iclas protokolunun 1 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova