Məhkəmə qərarları › İş №2-1(118)-762/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-762/2023

14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-762/2023 14.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X6, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “X5 xidmətdən xaric olunması barədə Azərbaycan Respublikası Daxili İşlər naziri cənab Vilayət Eyvazovun xx.xx.2021-ci il tarixli, Ə 1751ş/h-001-21 nömrəli əmrinin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “X8 xidmətdən xaric olunması barədə Azərbaycan Respublikası Daxili İşlər naziri cənab Vilayət Eyvazovun xx.xx.2021-ci il tarixli, Ə 1751ş/h-001-21 nömrəli əmrinin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, iddiaçı xx.xx.1978-ci il tarixdə Qubadlı rayonu, Qayalı kəndində anadan olmuşdur, məcburi köçkündür, ailəlidir. Bir oğlu və iki qızı vardır. Yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. 2007-ci ildə X7 xidmətə başlamışdır. 2007-2012-ci illərdə Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili vəzifəsində çalışmışdır və serjant rütbəsində olmuşdur. 2012-ci ildə polis leytenantı rütbəsi almışdır. 2012-2015-ci illər ərzində Şəki Şəhər-Rayon Polis Şöbəsində əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 2015-ci ildə Yevlax Rayon Polis Şöbəsində əməliyyat müvəkkili işləmişdir. 2015-2018-ci illərdə İmişli Rayon Polis şöbəsində X2 baş əməliyyat müvəkkili, Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, Post Patrul Xidməti Bölüyünün komandiri vəzifəsində işləmişdir. 2018-2019-cu illərdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin X2 baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 2019-2021-ci il may ayının 29-na kimi Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin baş əməliyyat müvəkkili və Samur Rayon Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Mayor rütbəsində olmuşdur. 2021-ci ilin may ayının 29-da X5 xaric olunmuşdur. Orqandan xaric olunmağına səbəb kimi isə deyilənə görə məxfiçilik rejimini pozması olmuşdur. Səbəb kimi qoyulan məxfiçilik rejiminin pozulması onun tərfindən pozulmamışdır. Xidmət dövründə bir neçə dəfə həvəsləndirilmişdir, həmçinin, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “ Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Daxili işlər naziri cənab Vilayət Eyvazovun xx.xx.2021-ci il tarixli, Ə1751ş/h-001-21 nömrəli əmri ilə “daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə” əsası ilə xidmətdən xaric edilmişdir. Hesab edir ki, barəsində cənab nazirə yanlış məruzə olunmuşdur. Ona görə də ilk olaraq, X9 xidmətə bərpa olunması ilə bağlı ərizə ilə müraciət etmiş və aşağıdakı məzmunda cavab məktubu göndərilmişdir: “X7 xidmətdən əsassız xaric edilməyiniz və xidmətə yenidən bərpanızla əlaqədar xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə Nazirliyə daxil olmuş müraciətlərinizə baxılmışdır. Müəyyən edilmişdir ki. Qusar RPŞ-nin Samur PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyərkən ciddi nöqsanlara yol verdiyinizə görə X7 xidmətdən əsaslı xaric olunmuşunuz. Bununla belə qaldırdığınız vəsatət Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzərdən keçirilmişdir. Lakin qəbahətləriniz baxımından DİO-da xidmətə bərpa edilməyinizə razılıq verilməmişdir.” Qeyd olunanlara əsasən, işdən çıxarılmasını tamamilə qanunsuz və əsassız hesab edir. Buna görə də hazırki iddia ərizəsiylə məhkəməyə müraciət edir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi həmçinin vəkili X12 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili işlər nazirinin əmri ilə “Əməliyyat –axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, DİN-nin xx.xx.2019-cu il tarixli G3m nömrəli göstərişinin tələblərini pozaraq daxil olmuş əməliyyat tapşırığının icrası zamanı konspirasiya qaydalarına riayət etməyərək yoxlanılan şəxsin qohumu ilə birbaşa əlaqə yaratmaqla konfidensiallığı pozduğuna, xidməti fəaliyyətini DİN-in 001Q-17 nömrəli qərarının, 018-05 nömrəli əmrinin və digər normativ sənədlərin tələblərinə uyğun qurmadığına, göstərilən hərəkətləri ilə polis əməkdaşı adına ləkə gətirən hərəkətlərə yol verdiyinə və xidmətdə mənfi xarakterizə olunduğuna görə “Azərbaycan Respublikasının X7 xidmət keçmə haqqında Əsanamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X7 xidmətdən xaric edilmişdir. Əməliyyat marağı kəsb edən X11 barədə xx.xx.2021-ci il tarixdə Qusar RPŞ-yə göndərilmiş sorğunun icrası zamanı CAB-ın əməliyyat müvəkkili və polis sahə rəisi tərəfindən obyektin qohumu X4 ilə görüşüb yaxın qohumlarının anket məlumatlarının istənilməsi, habelə Qusar RPŞ-nin NH-nin məsul növbətçisi, polis mayoru X1 araşdırma barədə məlumat əldə etməklə obyektin atası X3 bildirməsinə dair raporta baxlılmışdır. Müəyyən edilmişdir ki, həmin sorğunun icrası DİN-in xx.xx.2019-cu il tarixli G3m nömrəli göstərişinin tələblərinə əsasən Qusar RPŞ-nin rəisi tərəfindən Samur PB-nin rəisi Elnur Məmmədova, sonuncu tərəfindən isə həmin PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili İddiaçı həvalə olunmuşdur. Polis mayoru İddiaçı sorğunun icrası ilə əlaqədar xx.xx.2021-ci il tarixdə dəftərxana müdiri Zahid Hüseynovla birlikdə Qusar rayonu Gilah oba kənd icra nümayəndəliyinə gedərək obyektin qohumu B.Vələdovla görüşmüş və obyekt barədə zəruri məlumatları ondan əldə edərək xx.xx.2021-ci il tarixdə sorğuya cavab göndərilmişdir. Baş əməliyyat müvəkkili İddiaçı izahatında Gilah oba kənd icra nümayəndəliyində obyektin qohumu B.Vələdovla görüşərək söhbət etdiyini, məsul növbətçi E.Rəhmanovun obyekt barəsində aparılan araşdırma ilə maraqlandığını göstərmişdir. Məsul növbətçi polis mayoru E.Rəhmanov izahatında xx.xx.2021-ci il tarixdə obyektin atası DİN-in təqaüdçüsü N.Zəkiyevin ona zəng edərək baş əməliyyat müvəkkili İddiaçı hansı məqsədlə onun ailə üzvləri barədə maraqlandığını və bu səbəblə sonuncu ilə əlaqə saxlayaraq araşdırma barədə öyrənərək N.Zəkiyevə ciddi problemin olmadığını bildirdiyini qeyd etmişdir. Obyektin qohumlarının yaşadığı inzibati ərazidə xidmət aparan polis sahə rəisi Şahmar Xəlilov izahatında araşdırma aparılmasından məlumatsız olduğunu və İddiaçı ilə birlikdə icra nümayəndəliyinə getmədiyini vurğulamışdır. Dəftərxana müdiri Z.Hüseynov izahat verərək xx.xx.2021-ci il tarixdə İddiaçı Gilah oba kənd icra nümayəndəliyinə apardığını, lakin orada heç kimlə görüşmədiyini bildirmişdir. Qusar RPŞ-nin rəisi Ziya Əliyev və ƏİÜ rəis müavini Hidayət Babayev izahatlarında DİN-nin xx.xx.2019-cu il tarixli G3m nömrəli göstərişinin tələblərinə əsasən sorğunun icrasının PB-nin rəisi E.Məmmədova həvalə edildiyini və obyektin duyuq düşməsinə gətirib çıxaran hərəkətlərə yol verməməsi ilə bağlı tabelikdəki əməkdaşların təlimatlandırıldıqlarını bildirmişlər. Polis polkonvik-leytenantı E.Məmmədov izahatında xx.xx.2021-ci il tarixdə daxil olmuş sorğunu PB-nin cinayət axtarış üzrə başəməliyyat müvəkkili İddiaçı həvalə edildiyini, xx.xx.2021-ci il tarixdən növbəti məzuniyyətə çıxması ilə əlaqədar icrasına nəzarət edə bilmədiyini qeyd etmişdir. Araşdırma zamanı Qusar RŞP-nin rəhbərliyi və Samur PB-nin rəisi tərəfindən nəzarət və tələbkarlığın zəiflədilməsi nəticəsində Samur PB-nin baş əməliyyat müvəkkili İddiaçı icraatında olan əməliyyat tapşırığının icrası zamanı məxfiçilik rejimi qaydalarına riayət olunmadığı, məsul növbətçi E.Rəhmanovun bilavasitə xidməti fuksional vəzifələrinə aid olmayan məsələyə müdaxiləsi nəticəsində konfidensiallığın pozulması aşkarlanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikasının Daxili işlər naziri Vilayət Eyvazov tərəfindən imzalanmış Ə1751ş/h-001-21 saylı, 29 may 2021-ci il tarixli əmrin surətindən görünür ki, “Azərbaycan Respublikasının X7 xidmət keçmə haqqında Əsanamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə polis mayoru İddiaçı 29 may 2021-ci il tarixdən Qusar rayon Polis Şöbəsinin Samur Bölməsinin cinayə axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsindən azad edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi üç hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “əmrin ləğvi barədə” iddia) əsas, digərləri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli, Ə 1751ş/h-001-21 nömrəli əmr iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPMin 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı mübahisələndirilən əmrdən və iş materiallarında olan digər sənədlərdən müəyyən olundu ki, sabiq polis əməkdaşı İddiaçı 03 dekabr 2001-ci il tarixdən 29 may 2021-ci ilədək cavabdeh orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət etmişdir. Xidmət etdiyi dövrdə dəfələrlə (xx.xx.2017-ci ildə “şiddətli töhmət” elan edilməsi barədə Ə581-001-17 saylı Əmrdən) intizam məsuliyyətinə cəlb edilmiş, xidməti müsbət xarakterizə olunmamışdır. Sonuncu dəfə “Azərbaycan Respublikasının X7 xidmət keçmə haqqında Əsanamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə Azərbaycan Respublikasının Daxili işlər naziri Vilayət Eyvazovun Ə1751ş/h-001-21 saylı, 29 may 2021-ci il tarixli əmri ilə polis mayoru İddiaçı 29 may 2021-ci il tarixdən Qusar rayon Polis Şöbəsinin Samur Bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsindən azad edilmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Həmin Qanunun 13-cü maddəsinin birinci bəndinə əsasən polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır: 1) Hazırlanan cinayət və ya digər hüquqpozmaların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görmək; 2) cinayət və ya digər hüquqpozmalar törətmiş şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görmək; 3) cinayətin baş verdiyi hadisə yerinin mühafizəsini təşkil etmək və şahidlərin müəyyənləşdirilməsi üçün tədbirlər görmək; 4) cinayətdən və digər hüquqpozmalardan, bədbəxt hadisədən zərərçəkmişlərə, həmçinin köməksiz, həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxsə kömək və ilk tibbi yardımın göstərilməsini təmin etmək; 5) tutulmuş və ya həbsə alınmış şəxsin hüquqlarının və qanuni mənafelərinin pozulmamasını təmin etmək; 6) təbii fəlakətlər, qəzalar və digər fövqəladə hallar baş verdikdə insanların və əmlakın xilasetmə tədbirlərində iştirak etmək; 6-1) yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınmasına yönəldilmiş tədbirlər həyata keçirmək; 7) səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək. Qeyd olunan Qanunun 33-cü maddəsinin 5-ci bəndinə əsasən polis əməkdaşı hüquqa zidd hərəkətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır. Qanunun 34-cü maddəsinə əsasən birinci bəndinə əsasən polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 1) öz arzusu ilə polisdə xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; 2) and içməkdən imtina etdikdə; 3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; 4) polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; 5) xidmətdə olmanın son yaş həddinə çatdıqda; 6) səhhətinə görə, o cümlədən uzunmüddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda; 7) polisdə xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; 8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; 9) polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; 11) ştatlar ixtisar edildikdə; 12) fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; 13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. Həmin Qanunun 34-cü maddəsinin 2-ci bəndinə əsasən polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər. Qanunun 34-cü maddəsinin 3-cü bəndinə əsasən polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 9 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X7 xidmət keçmə haqqında” Əsasnamənin 135-ci bəndinə əsasən Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 1) öz arzusu ilə X7 xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; 2) and içməkdən imtina etdikdə; 3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; 4) X7 xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; 5) xidmətdə olmanın son yaş həddinə çatdıqda; 6) səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda; 7) X7 xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; 8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; 11) ştatlar ixtisar edildikdə; 12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; 13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. Əsasnamənin 149-cu bəndinə əsasən X7 vəzifələrə, xüsusi rütbələrə və xidmətə bərpa olunma üçün əsaslar aşağıdakılardır: xidməti yoxlamaların nəticələri üzrə rəy, məhkəmənin qüvvəyə minmiş qərarı, yaxud qanunvericiliklə müəyyən edilmiş qaydada bəraət qazanmış şəxsin xidmətə bərpa olunması barədə ərizəsi. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Qeyd olunan Kodeksin 2-ci maddəsinə əsasən anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. 3-cü maddəyə əsasən dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. 10-cu maddəyə əsasən Azərbaycan Respublikası X7 mövcud olan vətənpərvərlik, yoldaşlıq və qarşılıqlı yardım, cəsurluq və təmənnasızlıq, alicənablılıq və fədakarlıq, xidməti borca sədaqət və peşəkarlıq, xeyirxahlıq və veteranlara hörmət ənənələrini qorumalı və inkişaf etdirməlidir. 22-ci maddəyə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. İddiaçının tələbinin birinci hissəsinə münasibətdə məhkəmə hesab edir ki, göründüyü kimi keçmiş polis əməkdaşı İddiaçı yuxarıda qeyd olunan hüquq normalarının tələblərini pozduğuna, Daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirmədiyinə görə X7 xidmətdən xaric edilmişdir. İddiaçı onun tərəfindən heç bir pozuntuya yol verilmədiyini bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı bir sübutu təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçı məhkəmə iclasında ona verilmiş xidməti məlumatın məxfi olduğunu bildiyini etiraf etmiş, lakin həmin sənəd üzərində “məxfi” qrifi olmadığından məxfi olmadığı qənaətinə gəldiyini bildirmişdir. Həmçinin məxfiliyi mübahisələndirilən xidməti məlumatın qeyd edildiyi sənədin surətini məhkəməyə təqdim etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsaslılığını sübut etməli olduğu halda bunu edə bilmədiyindən və cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olduğundan iddia təmin edilə bilməz. Bundan başqa məhkəmə iddiaçının digər tələblərinə münasibətdə isə qeyd qeyd etməyi zəruri hesab edir ki, digər tələblər birinci tələbdən asılı olduğuna və birinci tələbin təmin edilməsi mümkün olmadığına görə iddia tələbinin digər hissələrinində təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “X8 xidmətdən xaric olunması barədə Azərbaycan Respublikası Daxili İşlər naziri cənab Vilayət Eyvazovun xx.xx.2021-ci il tarixli, Ə 1751ş/h-001-21 nömrəli əmrinin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “X8 xidmətdən xaric olunması barədə Azərbaycan Respublikası Daxili İşlər naziri cənab Vilayət Eyvazovun xx.xx.2021-ci il tarixli, Ə 1751ş/h-001-21 nömrəli əmrinin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar