Məhkəmə qərarları › İş №2-1(118)-762/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-762/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-762/2025 09.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X20 Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və “Torpağa mülkiyyət hüququna dair” JN-0481 kod 30304058 nömrəli dövlət aktına əsasən 2.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayon Dövlət Notariat Kontorunun 25 aprel 2005-ci il tarixli 4-Ə-167, 168 saylı müqavilələrinə əsasən Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisindən 2.0 hektar torpaq sahəsi almışdır. Torpaq sahəsini mərhum Quba rayonu Alekseyevka icra nümayəndəsi X1 vasitəçiliyi ilə notariat kontorunda bağladığı müqavilələrə əsasən satın almış və keçən müddət ərzində istifadə etmişdir. Keçən 19 il ərzində torpaq sahəsi ilə əlaqədar hər hansı mübahisə olmamışdır, Alqı-satqı müqavilələrini keçmiş DT və XK-nin Quba rayon şöbəsinə təqdim etməklə və torpağa mülkiyyət hüququna dair JN 0461 kod 30304058 nömrəli dövlət aktını almışdır. 27 aprel 2006-cı il tarixli torpağa mülkiyyət hüququna dair JN 0461 kod 30304058 nömrəli dövlət aktına əsasən əmlakının dövlət qeydiyyatına alınması, çıxarışın hazırlanması üçün 2023-ci il tarixli **********, **********, ********** nömrəli, xx.xx.2023-ci il tarixli ərizəmi cavabdeh orqana təqdim etmiş, lakin cavab məktubları ilə ərizələrinin icrasından imtina olunmuşdur.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisində yerləşən 0.9 ha, 0.2252 ha, 0.7209 ha torpaq sahələri üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli **********, **********, ********** qeydiyyat nömrəli ərizələr ilə müraciət etmişdir. “Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdu ki,mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz 9 ha, 0.2252 ha, 0.7209 ha torpaq sahələri üçün ərizənizə əlavə olunmuş JN-481 nrmrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və dövlət aktının arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir. Bildiririk ki, JN-481 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Bundan əlavə, həmin torpaq sahələri torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 125, 823 S, 131 nömrələr ilə göstərilmişdir.Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır.Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizəninzin icrasından xx.xx.2023-cü il tarixli, 21-3-34/2-16609/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 21-3-34/2- 16501/2023 nömrəli məktublarla imtina olunmuşdur”. Yuxarıda qeyd edildiyi kimi, JN-481 nömrəli (KOD ********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə duşüb- düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin 3-21-3-34/2-16609/2023, 3-21-3-34/2-16501/2023, 3-21-3-34/2-Ə0087-8/2023 nömrəli 2023-cü il tarixli imtina məktubları, JN-0481 kod 30304058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surəti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 3-16-5/6-11-546/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu, 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəldiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 3-21-3-34/2-16609/2023, 3- 21-3-34/2-16501/2023, 3-21-3-34/2-Ə0087-8/2023 nömrəli 2023-cü il tarixli imtina məktubları ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Quba rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 3-16-5/6-11-546/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən arxiv məlumatlarında iddiaçının adına verilmiş Quba rayonu Dövlət Notariat Konturunda xx.xx.2005-ci il tarixli 4Ə-167, 4Ə-168 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Həmçinin, təqdim edilən mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən istifadə olunan və iddia olunan torpaq sahəsinin daxilində meyvə ağacları mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirir ki, iddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi 1.94 ha təşkil edir. Bildirir ki, müayinə zamanı iddiaçı tərəfindən təqdim olunmuş JN-0481 KOD 30304058 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələri üzərində öz əksini tapmamışdır. Bu səbəbdən həmin torpaq sahəsi ilə Dövlət Aktında göstərilən torpaq sahəsinin uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Qeyd edək ki, DBF siyahısında 481-ci nömrə qeyd olunmamışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-125, JN- 126, JN-127, JN-128 və JN-129 nömrəli Dövlət Aktlarına əsasən torpaq sahələri ilə üstüstə düşür. DBF siyahısında həmin nömrələr ilə qeyd olunmuş mülkiyyətçilər aşağıdakı formadadır. X14 və ailə üzvləri, X8, X9, X10 və X4 və ailə üzvləri. Qeyd edir ki, JN-126 nömrəli Dövlət Aktında qeyd olunmuş 0.18 ha hissəsinə əsasən Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən **********61 reyestr nömrəli çıxarış, JN-129 nömrəli Dövlət Aktında qeyd olunmuş 0.36 ha hissəsinə əsasən isə **********67 reyestr nömrəli çıxarış tərtib olunmuşdur. Sözügedən çıxarışlar X2 məxsusdur. Torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən X3b uqodiyası çoxillik əkmə kimi göstərilmişdir.Yəni, iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının bir hissəsi digər şəxslərin mülkiyyət sənədləri ilə üst-üstə düşür. Belə olan halda iddiaçının tələbi təmin edilə bilməz. Göründüyü kimi məhkəmə araşdırması nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin qanunauyğun qaydada verilməməsi öz təsdiqini tapmışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: -9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; -9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; -9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; -9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmiş, yəni arxivlərdə müvafiq dövlət aktına əsas olmuş sənədlər aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və “Torpağa mülkiyyət hüququna dair” JN-0481 kod 30304058 nömrəli dövlət aktına əsasən 2.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X21

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar