Məhkəmə qərarları › İş №2-1(118)-7649/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-7649/2025

16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-7649/2025 16.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xəstəliyin “əlilliyin müəyyən olunması meyarları”nın siyahısına əlavə edilməsi” tələbinə dair inzibati işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ İddia tələbinin dəlilləri:

1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəliyinin müalicəsi olmayan xəstəliklər sırasına aid olduğunu, iddiaçı kimi xəstəliyinə düçar olanlarının sayının, dünyada az sayda olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı qərarı ilə tənzimlənən “əlilliyin müəyyən olunması meyarları”nın siyahısına əlavə olunması və iddiaçıya əlillik pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

4. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində tələb etdiyi əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin əlillik statusunun müvafiq qanunvericiliyə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertiza Komissiyasının rəyinə əsasən müəyyən edilməsi zəruridir. Bu, pensiya hüququnun yaranması üçün əsas hüquqi və tibbi meyar kimi çıxış edir. Əlillik statusu olmadan şəxsin əmək qabiliyyətinin itirilməsi dərəcəsi hüquqi cəhətdən tanınmır və nəticə etibarilə pensiya təminatının hüquqi əsası formalaşmır. Qanuna əsasən, yalnız əlillik müəyyən edildikdən sonra şəxsin sosial müdafiə tədbirləri çərçivəsində pensiya təminatı mümkün olur. Belə ki, müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin əyani müayinəyə cəlb olunması və şəxslərin tibbi ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatların araşdırılaraq əlilliklə bağlı müvafiq qərarın qəbul edilməsi, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətində olmadığından müvafiq iş üzrə cavabdeh qismində iştirak edə bilməz. Qeyd olunanlarla yanaşı, iddiaçının pensiya təyinatı ilə bağlı Mərkəzi Filiala rəsmi müraciəti daxil olmamışdır.

Tərəflərin iştirakı və izahatları:

6. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə etmiş, tələbinin mümkün hesab edilməsini xahiş edərək, həmçinin bildirmişdir ki, o, iki il üç aydır ki, xəstəlikdən əziyyət çəkir, xəstəliyi müvafiq siyahıda mövcud deyildir. Onun göz qapaqları ümumiyyətlə açılmır. Eyni zamanda, həkimlər tərəfindən xəstəliyinin müalicəsi və əməliyyatının mövcud olmadığının, növbəti üç il ərzində gözlərinin tutulacağının bildirildiyini qeyd etmişdir.

7. Məhkəmə iclasında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi izahat verərək etirazın dəlillərini müdafiə etmiş, həmçinin əlilliyin təyin olunması səlahiyyəti cavabdeh orqanın deyil, TSEK-in səlahiyyəti olduğunu, vətəndaşlar barədə əlillik təyin olduqdan sonra cavabdeh tərəfindən pensiyanın təyinatın aparıldığını bildirmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

8. Məhkəmə tərəflərin verdiyi izahatlarını, iddia ərizəsini və iş materiallarında mövcud olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

9. Məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

10. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

11. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir.

12. İddiaçının hazırkı iddia tələbi iki hissədən ibarətdir: - iddiaçının xəstəliyini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı qərarı ilə tənzimlənən “əlilliyin müəyyən olunması meyarları”nın siyahısına əlavə olunması; - iddiaçıya əlillik pensiyasının təyin edilməsi.

13. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 22 aprel 2025-ci il tarixli, 3-17-4/2-H-9862/2025 nömrəli iddiaçıya göndərilmiş məktubundan görünür ki, əlillik vəziyyəti dövlət tibb müəssisəsinin C00182451JHM nömrəli göndərişi əsasında, 15 aprel 2024-cü il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Daha sonra müraciətinə əsasən 29 iyul 2024-cü, 19 sentyabr 2024-cü və 11 mart 2025-ci tarixlərdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinələrin nəticəsi olaraq əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmamışdır.

14. Belə ki, qeyd edilən məlumata əsasən məhkəmə müəyyən edir ki, hal-hazırda iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik təyin edilməmişdir. Bu səbəbdən də iddiaçının əlilliyə görə pensiyanın təyin edilməsi (əlilliyin təyin olunmadığı halda) öhdəliyinin hazırkı vəziyyətdə cavabdehin üzərinə qoyulması mümkün hesab oluna bilməz.

15. İddia tələbinin digər hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); - inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); - Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); - inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; - bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; - “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə.

16. Göründüyü kimi, iddiaçının “xəstəliyin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı qərarı ilə tənzimlənən “əlilliyin müəyyən olunması meyarları”nın siyahısına əlavə olunması” tələbi inzibati məhkəmələrin səlahiyyətlərinə aid olunmadığından inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.

17. Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları normativ hüquqi akt hesab edilir.

18. Normativ hüquqi aktların yaradılması, onlara müvafiq dəyişiklərin edilməsi, yəni normayaratma fəaliyyəti “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənərək, normayaratma orqanların səlahiyyətlərinə aid edilmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7).

20. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının əlilliyin təyin olunmadığı halda cavabdeh tərəfindən müvafiq pensiyanın ödənilməsi mümkün olmadığı, eyni zamanda, iddiaçının xəstəliyinin normativ hüquqi akt olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı qərarı ilə təqdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın siyahısına əlavə edilməsi inzibati məhkəmənin səlahiyyətlərinə aid olmadığı üçün iddia mümkün hesab edilməməlidir.

21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar