Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-765/2025 24.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin “Başazmeliorasiya tikinti” trestinin 13 saylı tikinti quraşdırma idarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin “Başazmeliorasiya tikinti” trestinin 13 saylı tikinti quraşdırma idarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi, ona yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı xx.xx.1957-ci il tarixdə Quba rayonu, Zərqova kəndində anadan olmuşdur. Müxtəlif müəssisələrdə işləmişdir. Həmçinin xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixindək “Samur-Abşeron Su Tikinti” Trestində işləmişdir, tarixindək "Samur-Abşeron Su Tikinti” Trestin 13 nömrəli Tikinti-Quraşdırma İdarəsinin arxiv sənədləri mühafizə olunması üçün X1 rayon filalına təhvil verilməyib. Hansısa orqanın səhlənkarlığına görə vətəndaş məsuliyyət daşıya bilməz. Həmin iş stajı əmək kitabçasında qeyd edilib və möhrülə təsdiq edilib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, araşdırma zamanı iddiaçı əmək kitabçasının, təhsil haqqında diplomunun və hərbi biletinin surətlərinə əsasən sığorta stajının (xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək hərbi xidmətdə olduğu dövr və xx.xx.1976-ci il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil aldığını illər) 08 il 05 ay təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı əmək kitabçasında xx.xx.1985-ci il tarixdən xx.xx.2009cu il tarixədək “Samur- Abşeronsutikinti” tresitinin 13 nömrəli Tikinti-Quraşdırma idarəsində işlədiyi qeyd edilmişdir. Araşdırma zamanı iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2009cu il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı müəyyən edilmişdir. Eyni zamanda Fondun 2 saylı Quba-Xaçmaz regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən “Samur-Abşeronsutikinti” tresitinin 13 nömrəli Tikinti- Quraşdırma idarəsinin sənədlərinin X1 rayon Filialına təhvil verilmədiyi müəyyən edilmişdir. İddiaçı “Samur- Abşeronsutikinti” tresitinin 13 nömrəli Tikinti-Quraşdırma idarəsində işlədiyini iddia etdiyi dövrdə əmək haqqı alıb-almaması, eyni zamanda məcburi sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat əldə etmək mümkün olmadığından, həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi yolverilməzdir. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: 06 aprel 2024-cü il tarixli qərar əsasında iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Abşerın rayon Dövlət Arxivinin 05 iyun 2024-cü il tarixli, T-374/2024 saylı məktubunda qeyd edilmişdir ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan “Samur-Abşeron Su Tikinti’’ Trestinin 1955-1999-cu illərə dair sənədləri saxlanması və mühafizəsi üçün arxiv fonduna təhvil verildiyindən 2008-ci ilin məlumatlarının araşdırılması mümkün olmamışdır və 1992-1999-cu illərə dair əmrlərdə vətəndaş İddiaçı Gülməmməd oğlunun adı aşkar edilməmişdir. Şabran rayon Dövlət Arxivinin 10 iyul 2024-cü il tarixli 26 saylı arayışında qeyd edilmişdir ki, Şabran rayon Dövlət Arxivi məlumat üçün bildirir ki, Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin "Başazmeliorasiya tikinti" trestinin 13 saylı tikinti quraşdırma idarəsinin əmrlər kitabları və əmək haqqı cədvəlləri rayon dövlət arxivinə təhvil verilməyib. Odur ki, İddiaçı həmin müəssisədə işləməsi barədə məlumat vermək qeyri-mümkündür. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin **********773500 saylı məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində "Samur-Abşeronsutikinti" Trestinin 13 saylı Tikinti Quraşdırma İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Dövlət Vergi Xidmətinin uçot məlumat bazasında “Samur- Abşeronsutikinti” Trestinin 13 nömrəli Tikinti-Quraşdırma İdarəsinin (köhnə VÖEN: 5********) xx.xx.1998-ci il tarixdə vergi uçotuna alınması və xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr ərzində fəaliyyətinin olması barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin İdarə adından inventarlaşmadan keçmək və yeni VÖEN almaq üçün vergi orqanlarına müraciət edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Su Ehtiyatları Agentliyinin tabeliyində X2 Xidməti publik hüquqi şəxsin 26 avqust 2024-cü il tarixli, 13-4/2-1452/2024 saylı məktubunda qeyd edilmişdir ki, sözügedən təşkilat keçmiş Azərbaycan Meliorasiya və X3 Səhmdar Cəmiyyətinin tabeliyində olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2024- cü il tarixli 232 №-li qərarı ilə Azərbaycan Meliorasiya və X3 Səhmdar Cəmiyyəti ləğv edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X2 Xidməti Publik Hüquqi Şəxs yaradılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 03 aprel 2025-ci il tarixli, 3-17-1/2-71567/2025 saylı məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış İddiaçı fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlir, ona nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumat aşkar edilməmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006- cı il tarixdən başlamışdır. Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra – Qayda) 4.1.1ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanası məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh qeyd edir ki, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, mübahisənin əsasını iddiaçının “Samur-Abşeronsutikinti” tresitinin 13 nömrəli Tikinti-Quraşdırma idarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməməsi təşkil edir. İddiaçının hazırda iddia etdiyi xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin “Başazmeliorasiya tikinti” trestinin 13 saylı tikinti quraşdırma idarəsində işlədiyi dövr “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Həmçinin, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Dövlət Vergi Xidmətinin uçot məlumat bazasında “Samur-Abşeronsutikinti” Trestinin 13 nömrəli Tikinti-Quraşdırma İdarəsinin (köhnə VÖEN: 5********) xx.xx.1998-ci il tarixdə vergi uçotuna alınması və xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr ərzində fəaliyyətinin olması barədə məlumat mövcuddur. Məhkəmə qeyd edir ki, müəssisənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin təhvil verilməməsi (əmək haqqı cədvəlləri, əmrlər və s.) hazırki iddia üzrə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Həmçinin, qeyd edilməlidir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, № 2-1(102)- 594/2021 saylı qərarı) Cavabdeh mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatları əsas götürərək iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığına əsaslansa da, ümumiyyətlə bu hal ona əvvəlki dövrləri sığorta stajına daxil edilməməsi üçün əsas vermir. Çünki, əgər cavabdeh həmin dövrləri mübahisələndirirsə və həmin dövrlərdə məcburi sosial sığorta haqlarının ödənilmədiyini əsas götürürsə, o, məhz həmin dövrün sığorta stajına daxil edilməsindən imtina edə bilərdi. Bu halın əvvəlki dövrə münasibətdə şamil olunması isə hər bir halda formal imtina əsası kimi qiymətləndirilir. Digər tərəfdən, müəssisə tərəfindən xx.xx.2006-cı il tarixədək məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsinə münasibətdə qeyd olunmalıdır ki, alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan irəli gələrək iddiaçının xx.xx.1985-ci il tarixdən 2002-ci il tarixədək işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-xx.xx.2006-ci illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqqlarının ödənilib-ödənilməməsi mühim rol oynamır. Beləliklə, məhkəmə araşdırması əsasında müəyyən edilir ki, “Samur- Abşeronsutikinti” Trestinin 13 nömrəli Tikinti-Quraşdırma İdarəsi həqiqətən də mövcud olmuşdur. İddiaçının əmək kitabçasında mübahisələndirilən dövrlərdə işləməsinə dair qeydlər vardır. Bu halda məhkəmə hesab edir ki, onun “Samur-Abşeronsutikinti” Trestinin 13 nömrəli Tikinti-Quraşdırma İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrü sığorta stajına daxil edilməlidir. Göründüyü kimi mübahisəli dövrlər iddiaçının sosial sığorta stajına daxil edildiyi zaman onun 25 il ümumi iş stajı yaranmış olur. “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə iddiaçının 65 yaşdan yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin “Başazmeliorasiya tikinti” trestinin 13 saylı tikinti quraşdırma idarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-765/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-765/2025
24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver