Məhkəmə qərarları › İş №2-1(118)-7659/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-7659/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7659/2025 09.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 9 dekabr 2025ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 7 sentyabr 2023-cü il tarixli, 082 nömrəli məktubundan görünür ki, N1 nömrəli təlim mərkəzindən göndərilmiş X5 N nömrəli hərbi hissə komandirinin N aprel N94-cü il tarixli, 113 nömrəİi əmrində (əsas: § 14, sıra 15, səh 15, əmrdə soyadı Anbov yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) 6-cı MAT-un şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təchizatla təmin edilməsi barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə nazirinin 24 yanvar N96-cı il tarixli, 26 nömrəli əmrinə əsasən Ordu sıralarından azad edilmiş, 1070-ci il təvəllüdlü, qranatatan, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N fevral N96-cı il tarixli, 38 nömrəli əmrilə (əsas: § 1, sıra 18, səh 31) 2-ci MAT-un şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Rayon Hərbi Komissarlığının sərəncamına göndərilmişdir. N fevral N96-cı il tarixə kimi döyüş bölgəsində xidmət etdiyinə görə həmin tarixə kimi məvacibi 3 qat ödənilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 5 avqust 2025-ci il tarixli, 3-25-14/2-A-2504/2-20/25 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 14 noyabr 2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 7 sentyabr 2023-cü il tarixli, 032 nömrəli arayışına əsasən N aprel N94-cü il tarixdən 24 yanvar N96-cı il tarixədək hərbi xidmətinə dair məlumatlar olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

3. İddiaçı məxsus H3 seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 13 noyabr 2025-ci il tarixli, 3-25-29/2- 2545/2025 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin N aprel N94-cü il tarixli, 113 nömrəli əmrilə (əsas: §-14, səh-15, sıra-15, əmrdə soyadı “Anbov” yazılmışdır, vəzifəsi qeyd olunmamışdır) N1 nömrəli təlim poliqonundan göndərilmiş, hərbi mükəlləfiyyətli X5 6-cı MAT-ın şəxsi heyətinin siyahısına salınması və bütün növ təchizatlarla təmin edilməsi barədə məlumat qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N may N95-ci il tarixli, 148 nömrəli əmrilə (əsas: §-1, səh-39, sıra-2, əmrdə vəzifəsi qeyd olunmamışdır) 6-cı MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı nümunəvi xidmətinə görə, N may “Milli İstiqlal” bayramı münasibəti ilə təltif edilərək məzuniyyət verilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyun N95-ci il tarixli, 160 nömrəli əmrilə (əsas: §- 10, səh-11, sıra-1, əmrdə vəzifəsi qeyd olunmamışdır) 6-cı MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı həmin tarixdən məzuniyyətdən qayıtmış hesab edilərək ərzaq təminatına qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin 24 yanvar N96-cı il tarixli, 26 nömrəli əmrinə əsasən, 2-ci motoatıcı taborun hərbi qulluqçusu, pulemyotçu, N70-ci il təvəllüdlü, sıravi Ayıbov X1 azad edildiyindən N nömrəli hərbi hissə komandirinin N fevral N96-cı il tarixli, 38 nömrəli əmrilə (əsas: §-1, səh-31, sıra-18) 2-ci motoatıcı taborun şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün rayon hərbi komissarlığının sərəncamına göndərilmişdir. N fevral N96-cı il tarixə kimi döyüş bölgəsində xidmət etdiyinə görə, həmin tarixə kimi məvacibi üçqat ödənilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

5. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi işin hallarına (§1-3) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı N88-N90-cu illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. N aprel N94-cü il tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak üçün çağırılmış və həmin tarixdən N fevral N96-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində və Ağdam istiqamətində cəbhədə gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 24 yanvar N96-cı il tarixli, 26 saylı əmrinə əsasən Ordu sıralarından azad edilmiş, hərbi hissə komandirinin N fevral N96-cı il tarixli, 38 saylı əmri ilə şəxsi heyətin siyahısından çıxarılmış, qeydiyyata düşmək üçün rayon hərbi komissarlığına göndərilmiş və Quba Rayon Komissarlığında qeydiyyata alınmışdır. Bütün qeyd olunanlar iddiaçının hərbi biletində yazılmışdır.

7. İddia tələbinin maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, prosessual hüquqi əsası kimi İPM-in 2.1, 2.2, 8.1.3-cü maddələrinə istinad olunmuşdur.

8. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

9. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

10. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, şəxsə “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi üçün qanunvericiliyin müvafiq normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - şəxsin xidmət keçməsi: hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - bunun müvafiq sənədlərdə əks edilməsi: bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin 7 sentyabr 2023-cü il tarixli arxiv arayışına əsasən N aprel N94-cü il tarixdən 24 yanvar N96-cı il tarixədək iddiaçının hərbi xidməti barədə məlumat aşkar edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.

11. Etirazın maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1, ““Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, İPM-in 14.3, 38, 47.2, 48.2-ci maddələrinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

15. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

16. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

17. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

18. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

19. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

21. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

22. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

23. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, o, N aprel N94-cü il tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak üçün çağırılmış və həmin tarixdən N fevral N96-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində və Ağdam istiqamətində cəbhədə gedən döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 24 yanvar N96-cı il tarixli, 26 saylı əmrinə əsasən Ordu sıralarından azad edilmiş, hərbi hissə komandirinin N fevral N96-cı il tarixli, 38 saylı əmri ilə şəxsi heyətin siyahısından çıxarılmış, qeydiyyata düşmək üçün rayon hərbi komissarlığına göndərilmiş və Quba Rayon Komissarlığında qeydiyyata alınmışdır.

24. Cavabdeh orqanın mövqeyinə görə isə iddiaçının N aprel N94-cü il tarixdən 24 yanvar N96-cı il tarixədək iddiaçının hərbi xidməti barədə məlumat aşkar edilməmişdir.

25. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən, İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır.

26. İş materiallarına əlavə edilmiş arxiv arayışından müəyyən edilir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N aprel N94-cü il tarixli, 113 nömrəli əmrilə N1 nömrəli təlim poliqonundan göndərilmiş, şəxsi heyətinin siyahısına salınmış və bütün növ təchizatlarla təmin edilmiş, N may N95-ci il tarixli, 148 nömrəli əmrilə nümunəvi xidmətinə görə N may “Milli İstiqlal” bayramı münasibəti ilə təltif edilərək məzuniyyət verilmiş, N iyun N95-ci il tarixli, 160 nömrəli əmrilə həmin tarixdən məzuniyyətdən qayıtmış hesab edilərək ərzaq təminatına qoyulmuş, Azərbaycan Respublikası Müdafiə nazirinin 24 yanvar N96-cı il tarixli, 26 nömrəli əmrinə əsasən Ordu sıralarından azad edildiyindən N nömrəli hərbi hissə komandirinin N fevral N96-cı il tarixli, 38 nömrəli əmrilə şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün rayon hərbi komissarlığının sərəncamına göndərilmişdir.

27. Bundan əlavə müəyyən edilmişdir ki, iddiaçıya N fevral N96-cı il tarixə kimi döyüş bölgəsində xidmət etdiyinə görə, həmin tarixə kimi məvacibi üçqat ödənilmişdir.

28. Göründüyü kimi, iddiaçının döyüş əməliyyatlarında iştirak etməyi, qanuni əsaslarla ehtiyata buraxılması, xidmətinə görə təltif edilməsi və qeyd edilən məlumatların arxiv arayışlarda öz təsdiqini tapması ilə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliyin müvafiq normanın dispozisiyasında göstərilən şərtlər (hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması və həmin məlumatların müvafiq sənədlərdə əks edilməsi) ödənilmişdir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ...”

30. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; N44-cü il yanvarın 1-dən N51-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; N41 - N45-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

31. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanı:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: ... 1.3. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin; ...

32. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfin etirazında əsaslandığı dəlil məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığı üçün, iddia tələbi təmin edilməlidir.

33. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ

34. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar