Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-767/2021 18.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis şöbəsinə qarşı “ünvan 1 ünvanında qeydiyyatda olan üçüncü şəxslərin, yəni X4 və X3 mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmaları” barədə tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, bina 73, 175 saylı ev 30 sentyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı məxsusdur. İddiaçı ona məxsus mənzildən X4 və X3 qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən hərəkətsizlik edilərək iddiaçının müraciətinə rəsmi cavab verilməmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 10.09.2020-ci il tarixində Beynəlxalq bankla bağladığı ipoteka müqaviləsinə əsasən faktiki yaşadığı mənzili almışdır. Evin notarial sənədləşmə prosesində satıcı (əvvəlki ev sahibəsi) X4 və həmin ünvanda qeydiyyatda olan X5 (əvvəlki ev sahibəsinin oğlu) 30 gün ərzində satdıqları evdən qeydiyyatdan çıxacaqlarını bildirsələrdə (hansıki bu məsələ ipoteka müqaviləsində öz əksini tapıb) ancaq hələ də qeydiyyat ünvanlarını dəyişməmişlər. Görüş və telefonla danışıqlar zamanı hər iki şəxs ünvanın dəyişdirilməsilə bağlı heç bir narazılıqlarının olmadığını dəfələrlə demiş, rəsmi qeydiyyata alınacaq ünvanları olmadığı üçün qeydiyyat ünvanlarını dəyişə bilmədiklərini bildirmişlər. Bu məsələ ilə bağlı iddiaçı öz şəxsi mənzilində digər şəxslərin qeydiyyatda qalmasına görə o və ailə üzvləri ciddi narahatlıq keçirirlər. Abşeron Rayon Polis şöbəsinə bu məsələ ilə bağlı 08.12.2020-ci il tarixində məktubla müraciət etsələr də heç bir rəsmi cavab almadıqları üçün məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılmaları üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışı və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf və üçüncü şəxslər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30 sentyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 73, mənzil 175 İddiaçı mülkiyyətindədir. İşə əlavə edilmiş notarial qaydada təsdiq edilmiş 10 sentyabr 2020-ci il tarixli 053İK-NİZ/2020 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, iddiaçı adı qeyd olunan mənzili X1 almışdır. Həmin müqavilənin 2.2.4-cü bəndində satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətində ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmaq öhdəliyini öz üzərinə götürmüşdür. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 10.02.2021-ci il tarixli arayışda həmin mənzildə X3 və X2 qeydiyyatda olduqları qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, iddiaçının cavabdeh inzibati orqana ünvanladığı müraciət məktubu həmin orqana 09 dekabr 2020-ci il tarixdə təqdim edilmişdir. Üçüncü şəxslər X5 və X4 məhkəməyə ayrı-ayrılıqda ərizələr ünvanlayaraq, onların ünvan 2ylı mənzillə bağlı heç bir iddialarının olmadığını, faktiki olaraq başqa ünvanda yaşadıqlarını bildirərərk, məhkəmədən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 73, 175 saylı mənzildən qeydiyyatdan çıxarılmalarına dair qərar qəbul edilməsini xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 73, mənzil 175 İddiaçı məxsusdur. İddiaçı həmin mənzili notarial qaydada təsdiq edilmiş 10 sentyabr 2020-ci il tarixli 053İK-NİZ/2020 saylı alqı-satqı və ipoteka müqaviləsi ilə X1 almışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 10.02.2021-ci il tarixli arayışda həmin mənzildə X3 və X2 qeydiyyatda olduqları qeyd olunmuşdur. Yuxarıda adı qeyd olunan alqı-satqı və ipoteka müqaviləsinin 2.2.4-cü bəndində satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətində ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə həmin mənzildən qeydiyyatdan çıxmaq öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı ona məxsus mənzildən X4 və X3 qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək iddiaçının müraciətinə hər hansı cavab verilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsi ilə bağlı hərəkətsizliyi əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi iddiaçı sözügedən mənzili X1 notarial qaydada təsdiq edilmiş alqı-satqı və ipoteka müqaviləsinə əsasən almışdır. Həmin müqavilənin 2.2.4-cü bəndində satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətində ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq X4 və oğlu X5 həmin mənzildən qeydiyyatdan çıxmamışlar. Halbuki həmin şəxslərin sözügedən əmlaka hər hansı hüquqları mövcud deyildir və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Bu halda qeydiyyatda olan şəxslərin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmə qətnaməsinin olması tələb olunmur. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2 və X3 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 73, mənzil 175 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Abşeron rayon Polis şöbəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. X2 və X3 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 73, mənzil 175 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Abşeron rayon Polis şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-767/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-767/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver