Məhkəmə qərarları › İş №2-1(118)-768/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-768/2020

04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-768/2020 04.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X1 və X4 ona məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 20/47A-da yerləşən 8 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması tələbinə” dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı bildirmişdir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 20/47A-da yerləşən 8 saylı mənzil Seriya MH ******* nömrəli çıxarış ilə 2007-ci ildən onun tam mülkiyyətindədir. Sonradan yaşayış yeri üzrə qeydiyyat arayışından məlum olmuçdur ki, kənar şəxslər X3 və X6 ona məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 20/47A-da yerləşən 8 saylı mənzildən qeydiyyatdadırlar. Həmin şəxslərin qeydiyyatda olmaları onun mülkiyyət hüquqlarını pozur və ona əlavə problemlər yaratmışdır. Bununla bağlı cavabdehə müraciət etmiş, cavabdeh də müvafiq problemi məhkəmə yolu ilə həll etməyi tövsiyyə etmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh təşkilata qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin iştrakını təmin etməmiş, lakin cavabdeh təşkilat məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmənin təşəbbüsü ilə vətəndaşlar X3 və X6 məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb edilmiş, lakin məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına gəlməmişlər və gəlməmələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 123-3236M- 3220 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışı, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı ******* saylı, xx.xx.2007-ci tarixli Çıxarışın surəti, DƏDRX-in 2 saylı Əİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********28 nömrəli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı, xx.xx.2007-ci tarixli Çıxarışın surəti görünür ki, sözügedən mənzil tam pay şəklində iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər X3 və X6 mübahisəli mənzildə yaşamamışlar, yəni mübahisəli mənzildə pasport qeydiyyatında olsalar da, onların həmin mənzildən istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun iddiaçı ilə üçüncü şəxslər arasında yaşayış sahəsindən istifadə ilə bağılı notarial qaydada yazılı razılaşma və ya hər hansı bir müqavilə olmamışdır. Mülki qanunvericilik və hazırki mübahisə ilə bağlı mənzilə dair Konstitusiya aktlarına görə mülkiyyətçinin şifahi razılığı əsasında mübahisəli mənzilə köçmə və ya həmin mənzilə qeydiyyata düşmə mənzildən istifadə hüququ əldə etməni özündə ehtiva etmir. Həmçinin məhkəmə mübahisəli mənzilin dəqiq ünvanını aydınlaşdırılması məqsədilə DƏDRX-in 2 saylı Ərazi İdarəsinə sorğu vermiş və məlum olmuşdur ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 20/47A-da yerləşən 8 saylı mənzil İddiaçı adına qeydiyyata alınmış və ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri, 1-ci mikrorayon, Nəriman Nərimanov küçəsi, ev 20/47A-da yerləşən 8 saylı mənzil X1 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X3 və X6 İddiaçıSumqayıt şəhəri, 1-ci mikrorayon, ev 20/47A-da yerləşən 8 saylı mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaları İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericiliyə əsasən, yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X3 və X4 İddiaçı məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 20/47A-da yerləşən 8 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar