Məhkəmə qərarları › İş №2-1(118)-768/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-768/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-768/2022 20.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonunun Vələmir kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinasını əsassız hesab etməklə, qeyd olunan 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********24 saylı imtina məktubu ilə iddiaçının Xaçmaz rayonu, Vələmir kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün müraciəti əsasında hüquqlarının qeydiyyata alınmasından imtina olunmuşdur. Həmin imtina əsassızdır, bu səbəbdən də cavabdehin üzərinə Xaçmaz rayonu, Vələmir kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki pasportun hazırlanması öhdəliyi qoyulmalıdır. Cavabdehin məktubunda göstərilir ki, ərizəyə əlavə edilmiş Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 526 saylı arayışında Qusar rayon Avaran kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Vələmir kəndi üzrə 05 nömrəli təsərrüfat başına kitabında iddiaçının adına təsərrüfatın şəxsi mülkiyyətində 1996-2000-ci illərdə 0.12 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısın”da dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanına əsasən həmin siyahıya əlavə edilmiş 2.3-cü bəndinə əsasən “kəndlərdə, o cümlədən, statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci ilin yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Bundan əlavə bələdiyyə tərəfindən təsdiq edilmiş sxemlərdə göstərilən və faktiki istifadə edilən torpaq sahəsi elektron məlumat bazasında xəritəyə əsasən digər şəxsə məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinə aiddir. Yuxarıda qeyd olunanları nəzər alınaraq ərizənizin icrasından imtina olunur. Məhkəmənin nəzərinə çatdırılır ki, Xaçmaz Rayon Dövlət Arxivinin 07 may 2021-ci il tarixli, 526 nömrəli Arxiv arayışından görünür ki, Xaçmaz Rayon Dövlət Arxivində saxlanılan Müqtədir kənd İnzibati Ərazi Vahidi nümayəndəliyinin 1996-2000-ci illərə aid Vələmir kəndi üzrə 05 saylı təsərrüfatbaşına kitabında İddiaçı (yəni iddiaçı) təsərrüfat başçısıdır, təsərrüfatin şəxsi mülkiyyətində cəmi torpaq hektarın yüzdə biri ilə 0,01 dəqiqliklə 1986-1998-ci illərdə 0.12 ha torpaq sahəsi qeyd olunmuşdur. Göründüyü kimi, Dövlət Arxivinin verdiyi arayış Xaçmaz rayon Müqdətir kənd İƏV nümayəndiliyində tərtib edilmiş və sonradan Dövlət Arxivinə təhvil verilmiş təsərrüfatbaşına kitablar əsasında hazırlanmışdır. Bu da Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanına tam uyğundur. Xaçmaz rayon Müqdətir qəsəbə Soveti İcraiyyə Komitəsinin 23 mart 1990-ci il tarixli, 38 nömrəli protokolundan çıxarışda göstərilir ki, rayonun 18-ci Partiya Konfransı adına sovxozun direktoru M.Nurullayevin 25 yanvar 1990-ci il tarixli 10 nömrəli əmri ilə torpaq sahəsi ayrılan vətəndaşların siyahısında iddiaçının da adı göstərilir. Xaçmaz rayon İstisu qəsəbəsi (keçmiş Müqtədir qəsəbəsi) İstisu bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışında göstərilir ki, iddiaçıya məxsus 0.12 ha həyətyanı torpaq sahəsi ilə bağlı bələdiyyə xəritələrində göstərilmiş X1 ilə heç bir mübahisə yoxdur, sonuncu torpaq sahəsində çoxdan ev tikmişdir. Başqa sözlə iddiaçıya ayrılmış 0.12 ha torpaq sahəsi naturada mövcuddur. Qeyd olunan torpaq sahəsinin sxemi çəkilmiş və İstisu bələdiyyəsinin sədri və Rayon Memarlıq Şöbəsinin Baş Memarı tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Göründüyü kimi, qeyd olunan 0.12 ha həyətyanı torpaq sahəsi qanunu əsaslarla əldə edilmiş əmlakdır və cavabdeh həmin əmlaka mülkiyyət hüququnu əsasız olaraq qeydə almamışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Xaçmaz rayonu, Vələmir kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Ərizəyə xx.xx.2021-ci il tarixli **********24 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilən torpaq sahəsinə dair Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Bildirilir ki, ərizəyə əlavə edilmiş Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 526 saylı arayışında Xaçmaz rayon Müqtədir kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996- 2000-ci illərə aid Vələmir kəndi üzrə 05 nömrəli təsərrüfatbaşına kitabında iddiaçının adına təsərrüfatın şəxsi mülkiyyətində 0.12 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanına əsasən həmin siyahıya əlavə edilmiş 2.3-cü bəndinə əsasən “kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Bundan əlavə, bələdiyyə tərəfindən təsdiq edilmiş sxemlərdə göstərilən və iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsə məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən cavabdeh təşkilat iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X1 hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazla eyniməzmunlu izahat verərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclası barədə məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil edilməmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara aiddir: • Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********24 nömrəli imtina məktubuna əsasən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. • İşdə olan Xaçmaz rayon dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, Xaçmaz rayon dövlət arxivində saxlanılan Müqtədir kənd İnzibati Ərazi Vahidi nümayəndəliyinin 1996-2000-ci illərə aid Vələmir kəndi üzrə 05 saylı təsərrüfatbaşına kitabında İddiaçı təsərrüfat başçısıdır, təsərrüfatın şəxsi mülkiyyətində cəmi torpaq hektarın yüzdə biri ilə 0,01 dəqiqlikdə 1996-1998-ci illərdə 0,12 ha torpaq sahəsi qeyd olunmuşdur. • İş materiallarına Xaçmaz rayonu İstisu bələdiyyəsinin yerquruluşu xəritəsindən çıxarış da əlavə edilmişdir. • Məhkəmə baxışı zamanı tədqiqat obyektinə baxış keçirilməsinin təşkil olunması, elektron baza məlumatlarının və mütəxəssislər tərəfindən tərtib olunacaq mütəxəssis rəyinin əldə oluması üçün cavabdeh orqana sorğu göndərilmiş və cavabdeh orqan tərəfindən mütəxəssis rəyi və sxemlər məhkəməyə daxil olmuşdur. Həmin mütəxəssis rəyinə əsasən Xaçmaz rayonu, Vələmir kəndində yerləşən 0,12 ha torpaq sahəsinin faktiki yerinin koordinatları yerində dəqiq müəyyən edilmiş və müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi hər hansı bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin mülkiyyət sənədinin alınması ilə əlaqədar olaraq cavabdehə müraciət etmişdir. Araşdırmanın nəticəsi olaraq məlum olmuşdur ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi digər vətəndaşın mülkiyyət sənədi ilə üst-üstə düşür. Lakin vətəndaşların birgə razılığı əsasında mülkiyyət sənədlərini faktiki istifadə etdikləri torpaq sahələrinə texniki düzəliş edilmişdir. Hal-hazırda vətəndaşların faktiki istifadə etdikləri torpaq sahələri mülkiyyət sənədləri ilə eynilik təşkil edir və bir-biri ilə üst-üstə düşmür. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və s. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki (Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 526 saylı arayışı ilə) Vələmir kəndi üzrə 05 nömrəli təsərrüfat başına kitabında iddiaçının adına təsərrüfatın şəxsi mülkiyyətində 1996-2000-ci illərdə 0,12 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. İddiaçı Vələmir kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir. Cavabdeh təşkilat isə həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinası aşağıdakılardan ibarətdir: 1) Hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması; 2) Bələdiyyə tərəfindən təsdiq edilmiş sxemlərdə göstərilən və faktiki istifadə edilən torpaq sahəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsə məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinə ad olması. Məhkəmə cavabdeh orqanın imtinasını araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmaması ilə bağlı cavabdehin imtinası əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Cavabdeh təşkilatın birinci imtinasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanına əsasən həmin siyahıya əlavə edilmiş 2.3-cü bəndinə əsasən “kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Göründüyü kimi işdə olan Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 526 saylı arayışına əsasən Xaçmaz rayon dövlət arxivində saxlanılan Müqtədir kənd İnzibati Ərazi Vahidi nümayəndəliyinin 1996-2000-ci illərə aid Vələmir kəndi üzrə 05 saylı təsərrüfatbaşına kitabında İddiaçı təsərrüfat başçısı olması, habelə təsərrüfatın şəxsi mülkiyyətində cəmi torpaq hektarın yüzdə biri ilə 0,01 dəqiqlikdə 0,12 ha torpaq sahəsinin mövcud olması qeyd olunmuşdur. Həmin arayış Xaçmaz rayon Dövlət arxivinin müdiri tərəfindən imzalanmaqla rəsmi olaraq möhürlə təsdiqlənmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddia tələbinə dair gətirdiyi ilkin imtinası əsassızdır. Cavabdeh təşkilatın imtinasında gətirdiyi ikinci məsələ ilə bağlı, yəni bələdiyyə tərəfindən təsdiq edilmiş sxemlərdə göstərilən və faktiki istifadə edilən torpaq sahəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2 və 45.1-ci maddələrinə əsasən cavabdehin inzibati orqan kimi inzibati araşdırma aparmaq və sübutları təqdim etmək vəzifələri vardır. Məhkəmə baxışı zamanı Xaçmaz rayonu Vələmir kəndində yerləşən 0,12 ha torpaq sahəsinin faktiki yerinin koordinatlarının yerində dəqiq müəyyən edilməsi ilə bağlı mütəxəssislər tərəfindən tədqiqat obyektinə baxış keçirilməsinin təşkil olunması və həmin torpaq sahəsinin faktiki yerləşdiyi hissəsinin hər hansı bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi barədə (koordinatlarının elektron məlumat bazasında hansı şəxsə məxsus torpaq sahəsinin koordinatları ilə üstüstə düşməsi) sənədlərin əldə olunması üçün mütəxəssis rəyi əldə edilmiş və mütəxəssis rəyinə əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hər hansı bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən edilmişdir. Belə ki, araşdırmanın nəticəsi olaraq məlum olmuşdur ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi digər vətəndaşın mülkiyyət sənədi ilə üst-üstə düşür. Lakin vətəndaşların birgə razılığı əsasında mülkiyyət sənədlərini faktiki istifadə etdikləri torpaq sahələrinə texniki düzəliş edilmişdir. Hal-hazırda vətəndaşların faktiki istifadə etdikləri torpaq sahələri mülkiyyət sənədləri ilə eynilik təşkil edir və bir-biri ilə üst-üstə düşmür. “İnzibati İcraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Xaçmaz rayonunun Vələmir kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinasını əsassız hesab etməklə, qeyd olunan 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət sənədlərinin hazırlanıb verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar