Məhkəmə qərarları › İş №2-1(118)-7681/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-7681/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7681/2025 27.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə (Açar sözlər: kompensasiya ödənilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X2 və X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, 111 900 manat məbləğində kompensasiya məbləğinin Sosial Xidmətlər Agentliyindən tutularaq İddiaçı ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı xx.xx.2023-cü il tarixində tələb edilən bütün sənədləri toplayaraq həyat yoldaşı Günay Həşimovanın əvvəlki nikahından olan 2 övladı xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X4 övladlığa götürməklə bağlı Sosial Xidmətlər Agentliyinə müraciət etmişdir. Uşaqların bioloji atası Rasim Hüseynov övladlarının İddiaçı tərəfindən övladlı götürülməsinə razı olduğu üçün notarial qaydada təsdiq edilmiş müvafiq razılıq ərizəsi imzalamışdır. Lakin müraciət etdiyi tarixdən etibarən Agentlik İddiaçı və ailəsinə qarşı saysız özbaşınalıq və qanunsuzluq törədərək övladlığa götürmə prosesinə mane olmağa çalışmışdır. İlk növbədə Agentlik 2 ay ərzində, ümumiyyətlə, ərizəni qəbul etməyərək sistemə daxil etməmişdir. Bununla da iddiaçının ən fundamental konstitusion hüquqlarından olan müraciət hüququ pozulmuşdur. Dəfələrlə vəkillərin işə cəlb olunmasına, iddiaçının şəxsən özünün Agentliyə gedərək ərizə götürüb onlara müvafiq rəsmi cavab verilməsini tələb etməyinə baxmayaraq İddiaçı ailəsi 2 ay süründürməçiliyə məruz qalmışlar. Nəhayət, ərizə qəbul edilən kimi dərhal xx.xx.2023-cü il tarixində imtina verilmişdir. Səbəb olaraq övladlığa götürülən uşaqların ana babasının və ana nənəsinin sağlamlıq haqqında arayışlarının olmaması göstərilmişdir. Agentlik tərəfindən süni maneələr yaradılaraq övladlığa götürmənin Sözügedən mübahisə üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli. e-2(060)- 4766/2024 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə üzrə ərizə təmin edilmişdir. Süni maneələr və çoxsaylı qanunsuzluqlar, özbaşınalıqlarla prosesi əsassız yerə yubatması уetməzmiş kimi Sosial Xidmətlər Agentliyi tərəfindən həmin qətnamədən həm apellyasiya, həm də kassasiya şikayətləri verilmiş və heç biri yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmişdir. (Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli. 2(105)-143/2025 saylı qətnaməsi və AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-1803/2025 saylı qərarı) Göründüyü kimi, xx.xx.2023-cü il tarixindən bəri başlayan proses Sosial Xidmətlər Agentliyinin fəaliyyəti nəticəsində 2 il 3 aylıq müddətə uzadılmış, yubadılmışdır. İddiaçı və onun ailəsi üçün maddi çətinliklərlə yanaşı, mənəvi əzab və stress də yaratmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd edir ki, “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxs yaradılmış və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi təsdiq edilmişdir. Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə himayədar ailə və övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.22-ci, 3.1.23-cü və 3.1.24-cü yarımbəndlərinə əsasən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin), habelə himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun elektron qaydada aparılmasını təmin etmək, övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini təmin etmək və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanın müəyyənləşdirilməsini, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsini, övladlığagötürmə sahəsində vahid nəzarəti, eləcə də əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərini həyata keçirmək Sosial Xidmətlər Agentliyinin vəzifələrinə aiddir. Bildiririk ki, xx.xx.2023-cü il tarixində İddiaçı arvadı X5 X10 ilə birgə nikahından olan övladları X9 və X4 övladlığa götürmək üçün “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi üzərindən müraciət edərək, övladlığa götürən şəxs kimi uçota alınması üçün qeydiyyatdan keçmişdir. Belə ki, İddiaçı uçota alınması məqsədi ilə uçot məlumatları təhlil edilərkən müəyyən edilmişdir ki, notarial ərizədə onunla birgə eyni ünvanda yaşayan şəxs kimi təqdim etdiyi X19 və X8 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə” 2000-ci il 15 avqust tarixli 141 nömrəli Qərarında qeyd edilən xəstəliklərin olub-olmaması ilə bağlı müayinələrdən keçməmiş və bu barədə tibbi arayış təqdim etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 120.6-cı maddəsinə əsasən övladlığa götürməyə, himayədar ailə olmağa, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklərin olmaması ilə bağlı tələb eyni zamanda uşağı övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərə münasibətdə də tətbiq edilir. Həmçinin İddiaçı təqdim etdiyi Sumqayıt Şəhər Bələdiyyəsinin 20-ci mikrorayon üzrə 1 saylı Məhəllə Komitəsinin 06 mart 2023-cü il tarixli 39 nömrəli ailə tərkibi haqqında arayışına əsasən X19 və X3 onunla birgə eyni ünvanda yaşamadığı məlum olmuşdur. X17 Muhsin və X3 onunla birgə eyni ünvanda yaşayan şəxs kimi təqdim etmədən yeni ərizə ilə müraciət edilməsinin zəruri olduğu bildirilsə də, qarşı tərəf bundan imtina etmişdir ki, bu da öz növbəsində müraciətin uçota alınması və digər mərhələyə keçməsinə imkan verməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra- Nazirlik) valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumataxtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu elektron formada aparır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın 2.16-cı və 2.17-ci bəndlərinə görə övladlığa götürmək istəyən şəxslər müvafiq notariusda ərizə doldurmaqla, onların notarial qaydada təsdiq edilən ərizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra övladlığa götürmək istəyən şəxslər övladlığagötürmə ilə bağlı müraciət etmək üçün Nazirliyin “e-sosial” internet portalında qeydiyyatdan keçməklə öz şəxsi kabinetini yaradır, habelə onların ərizəsində qeyd etdiyi məlumatlarda, o cümlədən ailə tərkibində, eləcə də onların faktiki yaşadığı ünvanda dəyişiklik olduqda, məlumatlar yenilənməklə övladlığa götürmək istəyən şəxslərin yeni ərizəsi sözügedən Qaydanın 2.16-cı bəndinə uyğun olaraq notarial qaydada təsdiqlənərək 10 gün müddətində altsistemə ötürülür. Övladlığa götürmək istəyənlər şəxslər qanunvericilikdə müəyyən edilmiş tələblərə cavab verdikdə Nazirlik tərəfindən uçota alınır və digər mərhələyə buraxılırlar. Qeyd olunanları və ailə tərkibində baş vermiş dəyişiklikləri, habelə Ailə Məcəlləsinin 119.6-cı maddəsinə əsasən tibbi arayışlar övladlığa götürmək istəyən şəxs tərəfindən təqdim edildiyi halda həmin məlumatların 6 ay müddətində etibarlı olduğunu nəzərə alaraq, vətəndaşın yeni tibbi arayış və yeni notarial ərizə ilə “ASAN Loqin” vasitəsilə Nazirliyin “esosial.az” internet portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığa götürmə” altsistemində qeydiyyatdan keçməklə şəxsi kabinet yaradaraq müraciətini təsdiq etməsinin zəruri olduğu və yalnız bundan sonra Nazirlik tərəfindən müraciətə baxılıb övladlığa götürmək istəyən şəxslərin uçotunun aparılması, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi və müvafiq rəyin verilməsinin təmin edilə biləcəyi bildirilmişdir. Bu səbəbdən də İddiaçı övladlığa götürmə ilə bağlı yeni müraciətini “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemində təsdiq etməməsi Nazirlik tərəfindən müraciətə baxılmasını və müvafiq rəyin verilməsini, nəticədə də məhkəmə qərardadının icrasını mümkünsüz etmişdir. Qeyd olunanları nəzərə alaraq Agentliyin İddiaçı müraciətindən qanunvericiliyin tələbinə uyğun olmaması səbəbindən imtina edilməsi barədə qərar kompensasiyanın ödənilməsinə əsas deyildir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Sözügedən Plenuma görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndələri X2 və X6 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(105)-692/2024 saylı qərardadı, Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-4766/2024 saylı qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2(102)-1803/2025 saylı qərarı, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(105)- 143/2025 saylı qətnaməsi iş materiallarına əlavə edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati kompensasiya tələbi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçların prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı 111 900 manat məbləğində kompensasiya məbləğinin Sosial Xidmətlər Agentliyindən tutularaq İddiaçı ödənilməsini istəyir. İddiaçı xx.xx.2023-cü il tarixində tələb edilən bütün sənədləri toplayaraq həyat yoldaşı Günay Həşimovanın əvvəlki nikahından olan 2 övladı xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X4 övladlığa götürməklə bağlı Sosial Xidmətlər Agentliyinə müraciət etmişdir. Uşaqların bioloji atası Rasim Hüseynov övladlarının İddiaçı tərəfindən övladlı götürülməsinə razı olduğu üçün notarial qaydada təsdiq edilmiş müvafiq razılıq ərizəsi imzalamışdır. Lakin müraciət etdiyi tarixdən etibarən Agentlik İddiaçı və ailəsinə qarşı saysız özbaşınalıq və qanunsuzluq törədərək övladlığa götürmə prosesinə mane olmağa çalışmışdır. İlk növbədə Agentlik 2 ay ərzində, ümumiyyətlə, ərizəni qəbul etməyərək sistemə daxil etməmişdir. Bununla da iddiaçının ən fundamental konstitusion hüquqlarından olan müraciət hüququ pozulmuşdur. Dəfələrlə vəkillərin işə cəlb olunmasına, iddiaçının şəxsən özünün Agentliyə gedərək ərizə götürüb onlara müvafiq rəsmi cavab verilməsini tələb etməyinə baxmayaraq İddiaçı ailəsi 2 ay süründürməçiliyə məruz qalmışlar. Nəhayət, ərizə qəbul edilən kimi dərhal xx.xx.2023-cü il tarixində imtina verilmişdir. Səbəb olaraq övladlığa götürülən uşaqların ana babasının və ana nənəsinin sağlamlıq haqqında arayışlarının olmaması göstərilmişdir. Sözügedən mübahisə üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli. e-2(060)- 4766/2024 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə üzrə ərizə təmin edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh qeyd edir ki, Agentliyin İddiaçı müraciətindən qanunvericiliyin tələbinə uyğun olmaması səbəbindən imtina edilməsi barədə qərar kompensasiyanın ödənilməsinə əsas deyildir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, cavabdeh tərəfindən qanunvericiliyin tələbinə uyğun prosedur qaydalar tətbiq edilmiş, iddiaçının hüquqlarının pozulma halı aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər:

1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;

2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;

3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İddia ərizəsində sadalanan hallar digər məhkəmə icraatları daxilində işə baxılarkən məhkəmə araşdırmasının bir hissəsi olaraq çıxış etmiş, məhkəmə prosesi çərçivəsində cavabdeh orqan öz hüquq və vəzifələrini həyata keçirmiş, cavabdehin hərəkət və ya hərəkətsizliyinə müvafiq hüquqi qiymət verilmiş, sonda mübahisələr yekun məhkəmə qərarları ilə öz həllini tapmışdır. Hazırki halda cavadeh orqan tərəfindən hüquqa zidd əməlin həyata keçirilməsi, həmin hüquqazidd əməl nəticəsində iddiaçıya zərər, ziyan vurulması halı müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar