Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-770/2022 02.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsə qarşı “xx.xx.2014-cü il “Rusiya Təhsil Akademiyasının Smolnıy İnstitu”na əyani təhsil formasında maliyyə və kredit (bakalavr) istiqaməti üzrə “İqtisadçı” ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının qərarına əsasən verilmiş 137824 ******* nömrəli xx.xx.2014-cü il tarixli mütəxəssis bakalavr diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2007-ci il tarixli P 2131 nömrəli müqavilə əsasında Rusiya Federasiyasının Sank-Peterburq şəhərində yerləşən “Rusiya Təhsil akademiyasının Smolnıy institutu”na əyani təhsil formasında maliyyə və kredit (bakalavr) istiqaməti üzrə “iqtisadçı” ixtisası üzrə təhsil almışdır. Təhsilini bitirdikdən sonra 080105 “Maliyyə və kredit” hazırlıq istiqaməti üzrə mütəxəssis proqramını dair yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçməyim barədə 137824 ******* nömrəli xx.xx.2014-cü il tarixli Dövlət Atessasiya Komissiyasının qərarı ilə “iqtisadçı” peşəsinin təltif olunması barədə mütəxəssis diplomu verilmişdir. Təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikası Bakı şəhərinə qayıtmış, təhsil diplomunun tanınması məqsədilə Azərbaycan Respublikası, Təhsil-Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinə elektron müraciət qaydasında ərizə ilə müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixdə eyni adlı diplom üzrə xx.xx.2016-cı il tarixdə imtina qərarının olması səbəbilə ərizənin icrası ilə bağlı imtina qərarı verilmişdir. Cavabdeh tərəfindən diplomun hansı əsasla ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsindən imtinanın səbəbi də məlum deyil. Tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları»nın təsbit edilən tələblərə əməl olunmuşdur.İmtina qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq ərizəçinin təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində (İ il- (məlumat yoxdur - 17 yaş), İİ il-1 ay, İİİ il-getməyib (akademik məzuniyyət), İV il-1 ay 5 gün, V il-29 gün, Vİ il-1 ay 14 gün, Vİİ il -15 gün) tədris yükünü yerinə yetirməsinin qeyrimümkün olması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat xx.xx.2016-cı il tarixində onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir.Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (2007/2008-ci tədris ili üzrə - məlumat yoxdur (17 yaş), 2008/2009-cu tədris ili üzrə -1 ay, 2009/2010-cu tədris ili üzrə - getməyib (akademik məzuniyyət), 2010/2011 -ci tədris ili üzrə - 1 ay 5 gün, 2011/2012-ci tədris ili üzrə - 29 gün, 2012/2013-cü tədris ili üzrə -1 ay 14 gün, 2013/2014- cü tədris ili üzrə -15 gün) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2021-ci il tarixli imtina qərarı, etiraz ərizəsi, diplomun və onun əlavəsinin tərcümə edilmiş surəti, Bakı Slavyan Universiteti tərəfindən verilmiş 10-18-196 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ təhsil sənədinin aldığı vaxtından yaranmış olur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, xarici təhsil müəssisələrinin verdiyi təhsil sənədlərinin respublika ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Agentliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Agentlik hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyə müraciət etmiş, inzibati orqan xx.xx.2021-ci il tarixli məktubla onun müraciətinə müsbət cavab verməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Xaçmaz rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır.Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: - 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. -29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Przidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. -2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: - 1.1-ci bəndinə görə bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. - 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.4-cü bəndinə görə isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. - 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. - 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın: - 5.5-ci bəndinə görə, ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. - 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı təhsil forması əyani, təhsil müddəti 5 il, tədris dili rus dili olmaqla Rusiya Federasiyasının Sank-Peterburq şəhərində yerləşən Rusiya Təhsil akademiyasının Smolnıy İnstitutunda təhsil almış və Dövlət Attestasiya Komissiyasının 27 oktyabr 2014-cu il tarixli qərarı ilə ona “iqtisadçı” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. İddiaçı təhsil dövründə tədris ili üçün qanunvericiliklə müəyyən edilmiş 2007/2008-ci tədris ili üzrə - məlumat yoxdur, 2008/2009-cu tədris ili üzrə - 1 ay, 2009/2010-cu tədris ili üzrə - getməyib (akademik məzuniyyət), 2010/2011 -ci tədris ili üzrə - 1 ay 5 gün, 2011/2012-ci tədris ili üzrə - 29 gün, 2012/2013-cü tədris ili üzrə -1 ay 14 gün, 2013/2014- cü tədris ili üzrə -15 gün təhsil aldığı müəssisənin yerləşdiyi ölkədə olmuş, həmçinin aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmamışdır. Həmçinin, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsindən də müəyyən olunur ki, iddiaçının ümumi dil biliyi aşağı səviyyədədir. Məhkəmə qeyd edir ki, iddiaçının ali təhsil sahəsində ixtisas almaq üçün müəyyən olunmuş ümumi tədris müddəti ərzində davamiyyətli olaraq tədrisdə iştirak etməməsi və təhsil aldığı dili bilməməsi onun ixtisasının tanınması zamanı mənfi rəyin verilməsi üçün zəmin yaradır. Belə ki, iddiaçının tədris dilini bilməməsi və qısa müddət ərzində tədris prosesində iştirak etməklə müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş tədris proqramını mənimsəməsi qeyri-realdır. Bundan əlavə yuxarıda sadalanan normalardan göründüyü kimi xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır və bu hal Qaydalarda nəzərdə tutulmuş ixtisasın tanınmasından imtina üçün nəzərdə tutulmuş 3.7-ci bəndin geniş təfsirinə əsas verir. Cavabdeh orqanın isə diplomun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirmək hüququ «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»na uyğun olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçıya Rusiya Federasiyasının Sank-Peterburq şəhərində yerləşən Rusiya Təhsil akademiyasının Smolnıy İnstitutu tərəfindən verilmiş qeydiyyat nömrəsi 137824 ******* olan, xx.xx.2014-cu il tarixli diplom üzrə ali təhsilə aid kvalifikasiyanın tanınmasından cavabdehin imtinası işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olduğundan iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Ona görə də iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsə qarşı “xx.xx.2014-cü il “Rusiya Təhsil Akademiyasının Smolnıy İnstitu”na əyani təhsil formasında maliyyə və kredit (bakalavr) istiqaməti üzrə “İqtisadçı” ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının qərarına əsasən verilmiş 137824 ******* nömrəli xx.xx.2014-cü il tarixli mütəxəssis bakalavr diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-770/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-770/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver