Məhkəmə qərarları › İş №2-1(118)-7708/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-7708/2025

16.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7708/2025 16.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yenidən hesablanmış pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yenidən hesablanmış pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi” tələblərinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 5 avqust 2025-ci il tarixli, 3-17-1/2-İ-183555/2025 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, 4 sentyabr 2001-ci il tarixdən sabiq hərbi qulluqçu kimi xidmət illərinə görə pensiya təyin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, əmək pensiyasının faiz dərəcəsinin yenidən müəyyən edilməsi həmçinin Mərkəzi Filiala daxil olmuş müraciəti ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla pensiyasının məbləği 1.525,01 manata artırılmışdır. Qeyd olunanları nəzərə alaraq, ötən üç il üzrə ödənilməli olan 1.850,66 manat fərq məbləği müəyyən edilmişdir. Həmin fərq məbləğinin 102,82 manat hissəsi cari ilin iyun və iyul aylarında pensiyanın üzərinə əlavə edilməklə ödənilmişdir. Qalıq ödənilməli olan fərq məbləği 1.747,84 manat təşkil edir.

2. AZE seriyalı, 0******* nömrəli “Vətəndaşın şəxsiyyət vəsiqəsi”ndən görünür ki, İddiaçı 8 avqust 1955-ci il tarixdə doğulmuşdur.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialinın 7 noyabr 2025-ci il tarixli, 3-17-1/2-271163/2025 nömrəli məktubu ilə İddiaçı münasibətdə aparılmış inzibati icraatın materiallarının surəti qoşma şəklində göndərilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 5 avqust 2025-ci il tarixli, 3-17-1/2-İ-183555/2025 nömrəli İddiaçı göndərilmiş məktubu (§1); - İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət ərizəsi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 5 iyun 2025ci il tarixli, 3-17-1/3-3-11339/2025 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, İddiaçı 4 sentyabr 2001-ci il tarixdə təyin edilmiş, hazırkı pensiya məbləği 1.532,05 manat, yenidən hesablanmış pensiya məbləği 1.525,01 manat, təminat xərcliyinin cəmi 1.142,95 manat məbləğində, yenidən hesablamanın səbəbi “37.3.2-1 və artım faizi” olaraq göstərilmişdir. - pensiya işinə dair digər inzibati icraat materialları.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

4. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sentyabr ayının ödənişini nəzərdə tutaraq fərqin məbləği 1.645,02 manat tam ödənilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan hərbiçidir və aldığı pensiya məbləği 1.532 manat təşkil edir. May ayında pensiyanın yenidən hesablanması ilə əlaqədar cavabdehə ərizə ilə müraciət etmiş, bir müddətdən sonra SMS vasitəsi ilə bildirilmişdir ki, aldığı pensiya yenidən hesablanmış və məbləği 1.525,01 manat müəyyən edilmiş, iyun ayında pensiya karta 1.576,41 manat daxil olmuşdur. Cavabdeh tərəfindən izah edilmişdir ki, 3 il ərzində pensiya düz verilməmiş və yaranmış fərqi 850,66 manat təşkil edir, 36 aya bölünüb və hər ay 51,40 manat pensiyaya əlavə ediləcək. Birdəfəlik bütün məbləğinin alınmasının qanunazidd olduğu bildirilmişdir. İyul ayında 102,82 manat ümumi fərqdən çıxmaqla, qalan fərq məbləğinin tam ödənilməsini xahiş etmiş, cavabdeh tərəfindən isə imtina edilmişdir.

6. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

7. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Əmək pensiyasının yenidən hesablanması haqqında” 5 iyun 2025-ci il tarixli, 3-17-1/3-3- 11339/2025 nömrəli qərara əsasən aparılmış yenidən hesablanma zamanı yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 13 yanvar 2026-cı il tarixli protokolqərardadı ilə icraata qəbul edilmişdir.

8. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

9. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar Mərkəzi Filiala müraciət etmiş, həmin müraciət cavabdeh tərəfindən 5 avqust 2025-ci il tarixli, 3-17-1/2-İ-183599/2025 nömrəli məktubla cavablandırılmışdır. Qeyd edilən məktuba əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin hissəli şəkildə ona ödənildiyi barədə məlumat verilmişdir. İddiaçı iddia ərizəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı yaranmış fərqin birdəfəlik ödənilməsini məhkəmədən xahiş etmişdir. Lakin, iddiaçının pensiyası yenidən hesablansa belə, iddia ərizəsində qeyd edildiyi kimi, yaranmış fərqin birdəfəlik ödənilməsi mümkün deyil.

11. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8, 1.0.10, 32.1-1, 37.3.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 3 iyul 2025-ci il tarixli, 2-1(102)- 1615/2025 nömrəli qərarına, prosessual hüquqi əsası kimi İPM-in 47-ci maddəsinə istinad edilmişdir. c) Tərəflərin iştirakı və izahatları:

12. Məhkəmə iclasında iştirak.edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilmməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

14. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

15. Hazırda irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

16. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

18. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-) 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinəke çiddir; (-)

M a d d ə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri (-) 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. (-) Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları (-) 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; (-)

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-)

Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. (-)

Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-)

Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun Vİİ fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.

21. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

23. Belə ki, iddiaçı tələbinin əsası kimi bildirmişdir ki, onun yaşa görə əmək pensiyası yenidən hesablanaraq, pensiyanın səhv təyin olunduğu müəyyən edilmiş, bu səbəbdən pensiya məbləği artırılaq hissəvi ödənilir, lakin məbləğin birdəfəlik ödənilməsi ilə bağlı müraciətinə cavabdeh tərəfindən imtina edilmişdir.

24. Cavabdeh tərəf isə iddia tələbi ilə razılaşmayaraq bildirmişdir ki, əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.

25. İş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, 4 sentyabr 2001-ci il tarixdən sabiq hərbi qulluqçu kimi xidmət illərinə görə pensiya təyin edilmiş, cavabdeh orqana daxil olmuş müraciəti əsasında fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla pensiyasının məbləği 1.525,01 manata artırılmış, ötən üç il üzrə ödənilməli olan 1.850,66 manat fərq məbləği müəyyən edilmiş, aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

26. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

27. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 3 iyul 2025-ci il tarixli, 2-1(102)-1615/2025 nömrəli qərarında qeyd olunduğu kimi, “...İstinad olunan qanunun normasından göründüyü kimi ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği birdəfəlik qaydada deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.”

28. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını, həmçinin istinad edilən yuxarı instansiya məhkəməsinin mövqeyini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Bu səbəbdən iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

29. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar