Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-772/2022 20.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “bağ sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “bağ sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, Novxanı Bağ massivi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə dair onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması niyyətindədir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı xarici ölkə vətəndaşı olduğundan onun mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilməz, ancaq həmin torpaq sahəsinə icarə hüququ əsasında çıxarış ala bilər. Bu səbəbdən də iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, iddia ərizəsinin iddiaçının nümayəndəsi tərəfindən imzalanmasına baxmayaraq, həmin şəxslə iddiaçının qohumluq münasibətlərinin müəyyən edilməsi zərurəti yaranmışdır. Mövcud qanunvericiliyin tələbləri baxımından iddiaçını məhkəmədə yaxın qohumu və ya vəkili təmsil edə bilər. Buna görə də iddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-ci maddəsinin tələblərinə uyğunlaşdırılması ilə bağlı məhkəmənin növbəti iclasına qədər yaranmış nöqsanlara aydınlıq gətirilməsi təklif olunsa da məhkəmə proseslərində iştirak etməmişdir. Belə ki, iddiaçının adından etibarnamə əsasında iddia ərizəsini imzalamış X2 iddia ərizəsində göstərdiyi ünvana, o cümlədən özünün məhkəməyə sonradan müraciət etdiyi ünvana məhkəmə bildirşi göndərilmiş, həmin şəxsin özü ilə bir neçə dəfə telefon əlaqəsi saxlanılmış, lakin o hər dəfə müxtəlif bəhanələr gətirərək məhkəmə iclasına gəlməsindən yayınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə və ya səlahiyyətli nümayəndə ilə təmsil olunmaq hüququ vardır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Göründüyü kimi qanunvericilik məhkəmədə təmsil olunan tərəfin onunla yaxın qohumluq münasibətində olmasını və iddiaçını verdiyi etibarnamədə iddia ərizəsinin imzalanması ilə bağlı nümayəndənin səlahiyyətinin xüsusi olaraq göstərilməsini imperativ olaraq müəyyən etmişdir. Qeyd olunan etibarnamədə Qurban Mustafayevin məhkəmədə təmsilçilik səlahiyyətinin göstərilməsinə baxmayaraq Mülki Prosessual Məcəllənin 69.1-1ci maddəsinin tələbləri baxımından onun məhkəmədə təmsilçilik hüququnun olmaması iddiaçının iddia tələbinin müdafiə etmədiyi anlamına, iradə ifədəsinin həyata keçirmək niyyətində olmaması anlamına gəlir. Hazırkı iddi tələbi üzrə iddianı imzalayan şəxsə belə bir səlahiyyətin verilməsi, lakin Qanunun tələbləri baxımından məhkəmədə nümayəndə ola bilməməsi iddianın məhkəmədə baxılmasını mümkün hesab etmir. Başqa sözlə desək iddia ərizəsinin nümayəndə tərəfindən imzalanması gələcəkdə həmin nümayəndənin iddiaçının adından məhkəmədə iradə ifadəsini bildirməsini Mülki Prosessual Məcəllənin 69.1-1-ci maddəsindən asılı edir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Qurban Mustafayevə təmsilçilik üçün 18 fevral 2021-ci ildə verilən etibarnamənin qüvvədə olma müddəti 6 ay olmuşdur və iddia ərizəsi məhkəməyə verilən 10 yanvar 2022-ci ildə həmin etibarnamənin qüvvədə olma müddəti bitmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi mümkün hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “bağ sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-772/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-772/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver