Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-772/2023 03.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Musatafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya üç uşağa görə xx.xx.2010-cu il tarixindən əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya üç uşağa görə xx.xx.2010-cu il tarixindən əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2015-ci il tarixdə 3 uşağa görə pensiyaya çıxmaq vaxtının 24 fevral 2010-cu ildə yaranmasının müəyyən olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir və ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə Mingəçevir şəhərində anadan olmuş, xx.xx.1985-ci il tarixdə X5 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur, birgə nikahlarından xx.xx.1986-cı il tarixdə X4, xx.xx.1989-cu il tarixdə X6 və xx.xx.1990-cı il tarixdə X7 anadan olmuşdur. O, 21 sentyabr 1976-cı ildən 01 iyul 2008-ci ilə kimi müxtəlif idarə və təşkilatlarda işləmişdir və 3 uşağa görə pensiyaya 51 yaşından çıxmalı idi. Lakin 2010-cu ildə o, Azərbaycan Respublikasında olmadığı üçün bu mümkün olmamışdır. O, şifahi olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə müraciət edərək, üç uşaq anası və lazımi qədər əmək stajı olduğu üçün 51 yaşdan ona pensiya təyin edilməsini xahiş etmiş, lakin həmin təşkilatdan hazırda üç uşaq anası kimi ona 2010-cu ildən yaşa görə pensiya təyinatının aparılması mümkün olmadığından məhkəməyə müraciət etməsi bildirilmişdir. O, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh formal mülahizələrə istinad edərək əsassız olaraq əmək pensiya təyin edilməsindən imtina etmişdir. Əmək pensiyasının təyin edilməsi üçün əmək kitabçasının olması kifayət edir. Bu əsasdan da hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə iclasın baxışında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona 3 uşağa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı təqdim etdiyi əmək kitabçasına əsasən sığorta stajı 16 il 10 ay 9 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il 10 ay 9 gün sığorta stajına uyğun olaraq 12466,19 manat, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək 793,08 manat olmaqla, ümumilikdə 13259,27 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qadınlar üçün Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Sözügedən Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2016-cı il tarixdən yaşa görə sosial müavinət təyin edildiyindən Qanunun 22-1.1-ci maddəsi tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Sözügedən Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç İl üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı xx.xx.2015-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət edərək ona üç uşaqlı ana kimi pensiya təyin edilməsini tələb etmişdir Lakin xx.xx.2009-cu il tarixdən “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununa edilən əlavə və dəyişikliyə əsasən, üç və üç uşaqlı anaların yaş həddinin dəyişdirilərək xx.xx.2010-cu il tarixdən 2016-cı il tarixədək hər il 6 ay artırılaraq 60 yaş müəyyən edildiyi, ərizəçinin müraciətinin isə həmin tarixdən sonraya təsadüf etdiyindən müraciətin müsbət həlli mümkün olmamışdır. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək “üç uşağa görə pensiyaya çıxmaq vaxtının xx.xx.2010-cu ildə yaranması faktının müəyyən edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2015-ci il tarixli 2(060)- 6607/2015 nömrəli qətnaməsi ilə (hakim İlyas Mahmudov) ərizəçi İddiaçı ərizəsi təmin edilərək, 3 (üç) uşaqlı ana kimi xx.xx.2010-cu il tarixdən pensiya hüququnun yaranması faktı müəyyən edilmişdir. Maraqlı şəxsə çatdırılması təmin olunmamış sözügedən qətnamə 6 il sonra icra edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 21 dekabr 2021-ci il tarixli 2(060)-6607/2015 nömrəli məktuba əlavə edilərək Fondun 1 saylı regional ərazi (Sumqayıt) filialına daxil olmuşdur. (daxilolma tarixi xx.xx.2021) Həmin məktubda 10 iyul 2015-ci il tarixdə qəbul edilmiş məhkəmə qətnaməsinin 11 avqust 2015-ci il tarixdə qanuni qüvvəyə mindiyi göstərilmişdir. Halbuki məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minməli idi. Zaman kəsiyindən göründüyü kimi, qətnamə maraqlı şəxsə təqdim edilməmişdir Qətnamənin məzmunu ilə bağlı araşdırılma aparılaraq tərəfimizdən müəyyən edilmişdir ki, ərizəçi İddiaçı "üç uşağa görə pensiyaya çıxmaq vaxtının xx.xx.2010-cu ildə yaranması faktının müəyyən edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmə (İlyas Mahmudov) tərəfindən xüsusi icraat qaydasında baxılmışdır. Halbuki məhkəmə qətnaməsində sözügedən hüquq münasibətləri inzibati məhkəmənin yurisdiksiyasına aid edilməli və öhdəliyin icrası qaydasında baxılmalı idi. Zərurət yarandığından həmin qətnamə üzrə arxivdə olan iş materialları ilə tanış olmaq məqsədilə tərəfimizdən xx.xx.2021-ci il tarixli **********7 nömrəli məktubla Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixdə qətnamə üzrə iş materialları ilə tanış olarkən həmin qətnamənin ilk növbədə maraqlı şəxsə göndərilmədiyi, qətnamənin qəbul edilməsində ciddi pozuntulara yol verildiyi aşkar edilmiş və işin digər faktiki hallarına dair əsaslı şübhələr yaranmışdır. İş materiallarında qətnamənin rəsmi qaydada təqdim olunmasına dair hər hansı sənəd yoxdur. Yuxarıda göstərilən səbəblərdən Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2015-ci il tarixli 2(060)-6607/2015 nömrəli qətnaməsindən qanunvericiliyin tələblərinə uyğun olaraq apellyasiya şikayəti vermək zərurəti yaranmışdır. Mülki Prosessual Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Lakin birinci instansiya məhkəməsi tərəfindən xüsusi icraat qaydasında müəyyən edilə bilməyən, hüquqi əhəmiyyəti olan faktlar sırasına daxil olmayan, inzibati orqanla vətəndaş arasında baş vermiş, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia tələbinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normalarını rəhbər tutmaqla xüsusi icraat qaydasında baxaraq qətnamə qəbul etmişdir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Göründüyü kimi, Sumqayıt Şəhər Məhkəməsi lazımi sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin qeyri-mümkün olmasını təsdiq edən sübutların əlavə edilmədiyi işə xüsusi icraat qaydasında baxılması istisna edildiyi halda ərizəyə baxaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-728/2022 №li qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2015-ci il tarixli 2(060)-6607/2015 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Əlavə olaraq bildiririk ki, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2015-ci il tarixli 2(060)-6607/2015 nömrəli qətnaməsi ilə iddiaçının üç uşaqlı ana kimi xx.xx.2010-cu il tarixdən pensiya hüququnun yaranması faktını müəyyən etmiş hakim İlyas Mahmudov barəsində aşkar edilmiş korrupsiya halları ilə əlaqədar olaraq hal-hazırda cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılmaqdadır. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı xx.xx.2010-cu il tarixdən 3 uşağa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Şifahi məhkəmə iclasın baxışında cavabdehin nümayəndəsi X8 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. - AZE seriyalı 08042171 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. - Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-6607/2015 saylı, 10 iyul 2015-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə iddia tələbinin təmin edilməsi, İddiaçı 3 (üç) uşaqlı ana kimi xx.xx.2010-cı ildən pensiya hüququnun yaranması faktının müəyyən edilməsi qərara alınmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-728/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəz Filialının apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt şəhər Məhkəməsinin 10 iyul 2015-ci il tarixli, 2(060)-6607/2015 saylı qətnməsinin ləğv edilməsi, ərizəçi İddiaçı hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi üzrə işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilməsi qərara alınmışdır. - XİV-ЖГ № 384789 saylı, 10 avqust 1989-cu il tarixli, Xİ-ЖГ № 437433 saylı, 26 iyun 1986-cı il tarixli, XV-ЖГ № 320255 saylı, 29 may 1990-cı il tarixli “Doğum haqqında şəhadətnamə”lərin surətlərindən görünür ki, X1, X2 və X3 anası İddiaçıdır.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. 5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı iddia deyildir. İddiaçı cavabdeh orqana müraciət edərək, ona üç uşağa görə xx.xx.2010-cu il tarixindən əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan isə iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən sosial sığorta stajının 16 il 10 ay 9 gün təşkil etməsi, həmçinin xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 16 il 10 ay 9 gün sosial sığorta stajına uyğun olaraq 12466,19 manat, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək 793,08 manat olmaqla, ümumilikdə 13259,27 manat təşkil etməsi, bu məbləğin iddiaçının pensiya kapitalından az olması və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan verməməsi əsasları ilə müraciətinin təmin edilməsindən imtina etmişdir. Eyni zamanda bildirilmişdir ki, xx.xx.2009-cu il tarixdən “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununa edilən əlavə və dəyişikliyə əsasən, üç və üç uşaqlı anaların yaş həddinin dəyişdirilərək xx.xx.2010-cu il tarixdən 2016-cı il tarixədək hər il 6 ay artırılaraq 60 yaş müəyyən edildiyi, ərizəçinin müraciətinin isə həmin tarixdən sonraya təsadüf etdiyindən müraciətin müsbət həlli mümkün olmamışdır. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Belə ki, cavabdeh orqanın İddiaçı ona üç uşağa görə xx.xx.2010-cu il tarixindən əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək, ona 10 noyabr 2009-cu il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanunun 14-cü maddəsinə əsasən üç uşağa görə xx.xx.2010-cu il tarixindən əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. xx.xx.2009-cu il tarixdən «Əmək pensiyaları haqqında» Qanuna edilən dəyişikliyə əsasən, üç uşaqlı anaların yaş həddi dəyişdirilərək xx.xx.2010-cu ildən 2016-cı ilədək hər il 6 ay artırılaraq 60 yaş müəyyən edilmişdir. Halbuki iş materiallarına əlavə edilmiş iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı 24 fevral 1959cu il təvəllüdlüdür və onun 51 yaşı 24 fevral 2010-cu ildə, yəni qanunvericiliyə edilən dəyişikliklərdən sonra tamam olmuşdur. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Vətəndaşların pensiya təminatı haqqında Qanunun 14-cü maddəsinə əsasən 3 uşağı olanlar - 51 yaşına çatdıqda və azı 16 il iş stajı olduqda yaşa görə pensiya almaq hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 27 oktyabr 2009cu il tarixdə edilmiş və 01 yanvar 2010-cu il tarixdən qüvvəyə minən dəyişikliyə uyğun olaraq çoxuşaqlı qadınların yaşa görə əmək pensiyası hüququnu tənzimləyən 8.1-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır”. Həmin dəyişiklik edilənədək isə Qanunun 8.1-ci maddəsi aşağıdakı redaksiyada idi: “Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda”. Sözügedən maddəyə daha sonra da dəyişiklik edilmişdir və hazırda qüvvədə olan redaksiya aşağıdakı kimidir: “8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır”. Göründüyü kimi qanunvericilik çoxuşaqlı qadınların yaşa görə əmək pensiyası hüququnun yaranması ilə bağlı fərqli tənzimləmələrə getmişdir. Hazırkı halda isə mübahisənin həlli baxımından iddiaçıya münasibətdə qanunvericiliyin 01 yanvar 2010-cu il tarixədək qüvvədə olan müddəalarının, yoxsa xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş müddəalarının, yaxud da hazırda qüvvədə olan normalarının tətbiq edilməli olduğu aydınlaşdırılmalıdır. Bunun üçün isə Azərbaycan Respublikası Konstitusiyasının və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının yaranmasına və təyin edilməsinə dair müddəalarına diqqət yetirilməlidir. Hazırkı mübahisənin hallarından isə görünür ki, iddiaçının üç uşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD saylı Qanunu qüvvəyə mindikdən sonra yaranmışdır. Məhkəmə qeyd edir ki, əgər iddiaçının 51 yaşı qanunvericiliyə dəyişiklik edilməzdən əvvələ təsadüf etsə idi, müraciəti 01 yanvar 2010-cu il tarixdən sonra (qanunvericiliyə edilmiş yeni dəyişikliklərin qüvvəyə minməsindən sonra) olsa da, bunu iddiaçının yaranmış (qazanılmış) pensiya hüququ kimi qiymətləndirilməsi mümkün olardı. Belə ki, “Əmək pensiyaları haqqında” Qanun şəxsin müraciətinin məhz ona müvafiq hüquq verən müddəanın qüvvədə olduğu müddətlərdə edilməli olduğuna dair imperativ qayda nəzərdə tutmur. Əksinə, qanunverici bunu şəxsin müraciəti ilə əlaqələndirməklə onun seçimindən asılı edir. Lakin hal-hazırki mübahisədə iddiaçının 51 yaşı qeyd olunan qanunverciliyə edilən dəyişiklikdən sonra, yəni 24 fevral 2010-cu ildə tamam olduğundan, bu hal iddiaçının yaranmış (qazanılmış) pensiya hüququ kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya üç uşağa görə xx.xx.2010-cu il tarixindən əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya üç uşağa görə xx.xx.2010-cu il tarixindən əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva