Məhkəmə qərarları › İş №2-1(118)-773/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-773/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-773/2020 16.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsi ev 10-da yaşayan), Cavabdehin nümayəndəsi X4 (Azərbaycan Respublikası DİN X8 İdarəsində baş inspektor işləyən, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küşəsi 1054, mənzil 192-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçıcavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, 1992ci ilin iyun ayında Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsində polis nəfəri kimi xidmət etməyə başlamış və 2007-ci ildə səhhətində yaranan problemlə əlaqədar təqaüdə çıxmışdır. Xidmət etdiyi dövrdə Bakı-X6 Mühafizəsi üzrə X3 xx.xx.1994-cü il tarixli 75 ş/h saylı əmri ilə xx.xx.1994-cü il tarixdən 10 gün müddətində Füzuli rayonuna ezam olunmuşdur. O, əmrdə də Füzuli rayonu yazıldığını, lakin üstündən xətt çəkilərək “Beyləqan” yazıldığını görmüşdür. İddiaçı faktiki də Füzuli rayonunda döyüş əməliyyatlarında iştirak etmişdir. O, müharibə veteranı statusunu almaq məqsədi ilə cavabdeh Azərbaycan Respubılikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Lakin cavabdeh onun Beyləqan rayonuna ezam olunduğunun, həmin bölgənin isə döyüş əməliyyatları aparılan inzibati ərazi vahidlərinin sırasına daxil edilmədiyini bildirərək ona imtina cavabı vermişdir. Bununla əlaqədar iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X5 iddianı qəbul etməyərək izah etdi ki, DİN-nin Baş Əməliyyat və X1 daxil olmuş xx.xx.2019-cu il tarixli, 012-22028-1219 saylı məktubda təqdim olunan arxiv sənədlərində İddiaçı döyüşlərdə iştirak etməsi barədə qeydiyyat aşkar edilməmişdir. Baş Mühafizə İdarəsi tərəfindən təqdim olunan arayışlarda iddiaçının xx.xx.1994-cü il tarixdən 10 gün müddətində Beyləqan rayonuna ezam olunduğu qeyd edilsə də,Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarına əsasən Beyləqan rayonu döyüş əməliyyatları aparılan inzibati ərazi vahidlərinin sırasına daxil deyildir. Bununla bağlı cavabdehon nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun Mühafizəsi üzrə Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 27 saylı arayışdan görünür ki, İddiaçı xx xxxxx 1994-cü il tarixdən 10 gün müddətinə Beyləqan rayonuna döyüş bölgəsinə ezam olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Ş.Quliev ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmiş, lakin cavabdeh özünün xx.xx.2019-cu il tarixli məktubu ilə bildirmişdir ki, arxiv sənədlərində iddiaçının döyüş əməliyyatlarına iştirak etməsini təsdiq edən məlumat olmadığından ona müharibə veteranı adı və vəsiqəsi verilməsi məqsədəuyğun deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı faktiki olaraq Füzuli rayonuna ezam olunduğunu bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına dəyişiklik edilməsi barədə xx xxxxxx 2016-cı il tarixli, 438 nömrəli qərarının 1.1.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Göründüyü kimi Beyləqan rayonunun adı sadalanan bölgələrin sırasına daxil edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin döyüş əməliyyatları zonası hesab edilən inzibati ərazi vahidinə ezam olunmasını təsdiq edən sübutun olmaması onun müharibə veteranı statusunu əldə etməməsinə səbəb olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh düzgün olaraq iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar