Məhkəmə qərarları › İş №2-1(118)-773/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-773/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-773/2021 30.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “Sumqayıt şəhəri, Qurd dərəsi Bağlar massivi ünvanında yerləşən 4612 saylı bağ torpaq sahəsinin (0.25 ha) üzərində mülkiyyət hüququnun təsdiq edilərək həmin bağ torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhəri, Qurd dərəsi Bağlar massivi ünvanında yerləşən 4612 saylı bağ torpaq sahəsinin (0.25 ha) üzərində mülkiyyət hüququnun təsdiq edilərək həmin bağ torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Qurd dərəsi adlanan ərazidə yerləşən 4612 saylı bağ torpaq sahəsi 1965-ci ildə Sumqayıt Bağlar İdarəsi tərəfindən iddiaçıya verilmişdir. Bağ torpaq sahəsi 0,25 ha ərazidə yerləşir. Onunla 1965-ci ildə Sumqayıt Bağlar İdarəsi arasında icarə müqaviləsi bağlanmış və həmin vaxtdan halhazıradək bağ torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı həmin ərazinin sərhədləri daxilində daşdan hasar çəkmiş, meyvə ağacları əkmiş, ailənin ehtiyacını nəzərə alaraq 2 otaqdan ibarət daşdan fərdi ev tikmişdir. Bağ torpaq sahəsinə görə torpaq vergisi və əmlak vergisini müntəzəm olaraq ödəmişdir. Bunu mədaxil orderləri təsdiq edir. Artıq 55 ildir ki, 4612 saylı bağ torpaq sahəsi iddiaçının istifasindədir. Lakin o, həmin bağ torpaq sahəsinə görə Sumqayıt Bağlar İdarəsi ilə bağladığı icarə müqaviləsini itirmişdir. Bu səbəbdən də həmin əraziyə görə hüquqmüəyyənedici sənəd əldə edə bilməmişdir. Məsələ ilə əlaqədar olaraq Sumqayıt Bağlar İdarəsinə müraciət etmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, Sumqayıt Bağlar İdarəsinin arxivi 1992-ci ildə yandığına görə iddiaçıya icarə müqaviləsinin surətinin verilməsi mümkün deyildir. İddiaçı 4612 saylı Bağ torpaq sahəsinə görə hüquqmüəyyənedici sənədlərin alınmasına köməklik göstərilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Müraciətə cavabdeh tərəfindən 3 dəfə cavab verilmişdir. Cavabdehin nəzərinə çatdırılmışdır ki, 4612 saylı Bağ torpaq sahəsinəz görə Sumqayıt Bağlar İdarəsi ilə bağlanmış icarə müqaviləsi itmişdir və Sumqayıt Bağlar İdarəsinin arxivi 1992-ci ildə yandığından icarə müqaviləsini əldə etmək mümkün olmamışdır. Qeyd edilənlərə baxmayaraq cavabdeh əsassız bəhanələrlə onun xahişini təmin etməmişdir. Həmçinin, Sumqayıt Arxivinin xx.xx.2020-ci il tarixli arayışına görə adına bağ torpaq sahəsinin ayrılmasına dair arxivdə məlumat aşkar olunmamışdır. İddiaçının 85 yaşı var, “Əmək və Silahlı Qüvvələr” veteranıdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında dinlənilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq onun tələbi aydınlaşdırılmış və ona hüquqi yardım edilmişdir. Həmin normaya əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı Sumqayıt şəhəri, Qurd dərəsi adlanan ərazidə yerləşən 4612 saylı bağ torpaq sahəsi 1965-ci ildə Sumqayıt Bağlar İdarəsi tərəfindən ona verildiyini, lakin aralarında bağlanmış icarə müqaviləsini itirdiyini və həmin idarənin arxivi yandığından icarə müqaviləsini əldə edə bilmədiyini, istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun təsdiq edilməsini və həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini istədiyini bildirdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı, xx xxxxx 2015-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının tələbi iki hissədən - 1) mülkiyyət hüququnun təsdiq edilməsi və 2) torpaq sahəsinə çıxarışın verilməsindən ibarətdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının ilkin tələbi mülkiyyət hüququnun təsdiq edilməsi ilə bağlıdır. Beləliklə iddiaçının hazırki iddianı qaldırmaqla nail olmaq istədiyi nəticə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasının təsdiq olunmasıdır. İddiaçının iddia ərizəsində qeyd olunanlardan, habelə izahatından müəyyən olunur ki, iddiaçının qeyd edilən torpaq sahəsi üzərində hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. İddiaçı belə bir sənədin, yəni həmin torpaq sahəsinə dair Sumqayıt Bağlar İdarəsi ilə aralarında bağlanmış icarə müqaviləsinin itdiyini bildirir. Bu səbəbdən qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun təsdiq edilməsini istəyir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2020-ci il tarixli, 578 nömrəli arayışında qeyd olunmuşdur ki, Sumqayıt şəhər ZDS İK-nin 1965-ci ilə dair iclas protokolarında iddiaçının adına bağ üçün torpaq sahəsinin ayrılması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Göründüyü kimi cavabdeh inzibati orqanın daşınmaz əmlakın dövlət reyestrinin aparılmasını təmin edir və qanunvericilikdə həmin orqana mülkiyyət hüququnun təsdiq edilməsi kimi bir səlahiyyət verilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən həmin Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Lakin hazırda iddiaçının qaldırdığı (icarə müqaviləsinin itdiyinə görə) mülkiyyət hüququnun təsdiq edilməsinə dair iddia inzibati orqanın hər hansı hərəkəti və ya hərəkətsizliyi ilə bağlı olmadığından inzibati hüquq münasibətlərinə aid olmamaqla publik hüquq sahəsinə deyil, xüsusi hüquq sahəsinə aiddir. Buna görə də iddiaçı qeyd edilən iddia ilə bağlı ümumi məhkəmədə iddia qaldıra bilər. İddiaçının torpaq sahəsinə çıxarışın verilməsinə dair tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı sözügedən torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı iddia qaldırsa da, bununla əlaqədar səlahiyyətli inzibati orqana müraciət etməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini qoymuş və iş materiallarına əlavə edilən sənədlərdən də görünür ki, qeyd edilən torpaq sahəsinə çıxarış verilməsi ilə bağlı iddiaçı məhz həmin orqana müraciət etmiş və onun müraciəti Xidmət tərəfindən cavablandırılmışdır. Halbuki hazırki iddiaya cavab verməli orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti deyil, həmin Xidmətin 2 saylı Sumqayıt Ərazi İdarəsidir. İddiaçı tərəfindən isə məhkəməyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin onun müraciətinin təmin edilməsindən imtina edilməsi barədə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı səlahiyyətli inzibati orqana müraciət etsə belə, onun tələbi mülki hüquq sahəsinə aid bir tələbdir. Belə ki, iddiaçı ilk növbədə sözügedən torpaq sahəsi üzərində hüququnun mövcudluğu faktının təsdiq edilməsinə nail olmalı, bundan sonra müvafiq hüquqmüəyyənedici sənədlərlə cavabdeh inzibati orqana müraciət etməlidir. Yuxarıda da qeyd olunduğu kimi mülkiyyət hüququnun təsdiq edilməsi ilə bağlı mübahisə mülki xarakterli mübahisə olmaqla, ümumi məhkəmənin araşdırma predmetinə aiddir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah olunsun ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun təsdiq edilməsinə dair iddia ilə müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar