Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-773/2022 21.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Cavabdeh Notariat Ofisinə qarşı “cavabdeh Sumqayıt Asan Xİdmət Mərkəzinin Notariat Ofisinin üzərinə İddiaçı vəfat etmiş qardaşı X1 birinci dərəcəli tək qanuni vərəsəsi olaraq tanınması və inzibati orqan tərəfindən iddiaçıya nümayəndəsi vasitəsilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Sumqayıt Cavabdeh Notariat Ofisinə qarşı iddia qaldıraraq “cavabdeh Sumqayıt Asan Xİdmət Mərkəzinin Notariat Ofisinin üzərinə İddiaçı vəfat etmiş qardaşı X1 birinci dərəcəli tək qanuni vərəsəsi olaraq tanınması və inzibati orqan tərəfindən iddiaçıya nümayəndəsi vasitəsilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, vəkili olaraq hüquqlarını müdafiə etdiyi İddiaçı etibarnamə əsasında nümayəndəsi vasitəsilə qardaşı X1 ölümündən sonra vərəsəliyin açılması, onun birinci dərəcəli tək qanuni vərəsəsi olaraq tanınması və miras əmlakın qəbul edilməsinə dair Sumqayıt ASAN xidmət mərkəzinə ərizə ilə müraciət etmişdir. Həmin ərizə əsasında Sumqayıt ASAN xidmət mərkəzinin notariat ofisində 27.01.2021-ci il tarixli, 8V-104 reyestrli qanun üzrə vərəsəlik işi açılmışdır. Hazırki iş üzrə əlaqədar şəxs olmasa da vərəsə İddiaçı xalası sayılan Behbudova (Əkbərova) Sona Hüseyn qızı həmin vərəsliyin açılması üçün vərəsini təmsil edən etibarnamənin etibarsız sayılması üçün Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş, lakin Sumqayıt şəhər məhkəməsinin 26.10.2021 -ci il tarixli, 2(060)-7254/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Hazırda həmin qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Vərəslik işi bu tip vərəsə kimi əlaqədar olmayan şəxslərin süni iddialarına görə indiyədək uzanmış və İddiaçı adına qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə verilməmişdir. Beləliklə, hesab edirlər ki, hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən sonra qeyd olunan vərəsəlik işi üzrə notariat hərəkətlərinin davam etdirilib tamamlanması üçün heç bir hüquqi maneə qalmamışdır. Bu məqsədlə 11.12.2021-ci il tarixdə iddiaçının adından cavabdeh Sumqayıt ASAN Xidmət Mərkəzinin Notariat ofisinə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair” ərizə ilə müraciət edilmişdir. Lakin elə həmin tarixdə - 11.12.2021-ci il tarixli, 3868 №-li məktubla müraciətlərində göstərilən xahişlərindən imtina edilmişdir. İmtinanın əsası kimi guya indiyədək “vərəsələr dairəsinin müəyyən edilməməsi” göstərilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, cavabdeh inzibati orqanın bu şəkildə imtina cavabı notariat haqqında və inzibati icraat haqqında qanunvericiliyin tələblərinə zidddir, iddiaçının mülkiyyət hüququnun kobud pozuntusudur. Bird daha bildirirlər ki, iddiaçının adından etibarnamə üzrə nümayəndəsi tərəfindən vərəsəliyin açılması, tək 1-ci dərəcəli qanuni vərəsə olaraq miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizə cavabdeh inzibati orqana 27 Yanvar 2021 -ci il tarixdə daxil və həmin tarixdə 8V-104 reyestr nömrəli vərəslik işi açılmışdır. Artıq bir ilə yaxın müddətdir ki, cavabdeh orqanın vərəsələr dairəsini müəyyən edə bilməməsi notariusun qanunla üzərinə düşən öhdəliklərini effektiv və zamanında yerinə yetirməməsinin nəticəsidir. Bu iso o deməkdir ki, cavabdeh inzibati orqan notariat hərəkətlərinin aparılmasını süni şəkildə uzadaraq qanunvericiliyin tələblərinə zidd olaraq və həddindən artıq uzun müddətə dayandırmışdır. Belə ki, bununla əlaqədar Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən notariat hərəkətlərinin aparılması zamanı Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları, habelə bu Qanuna zidd olmayan müvafiq icra hakimiyyəti orqanlarının öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar rəhbər tutulur. Qanunun 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. Qanunun 27-ci maddəsinə əsasən notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla müəyyən edilir. Yenə həmin Qanunun 34-cü maddəsinin birinci abzasına görə Azərbaycan Respublikasının qanunları ilə ayrı qayda nəzərdə tutulmadıqda, notariat hərəkətləri dövlət rüsumu və haqq ödənildikdən sonra bunun üçün lazım olan bütün sənədlər təqdim olunduğu, habelə informasiya sistemlərindən əldə edildiyi gün aparılır. Həmin maddənin ikinci abzasına görə İdarələrin, müəssisələrin və təşkilatların vəzifəli şəxslərindən əlavə məlumatlar və ya sənədlər tələb etmək, yaxud sənədləri ekspertizaya göndərmək lazım gəldikdə notariat hərəkətlərinin aparılması bir aydan artıq olmayan müddətə təxirə salına bilər. Maddənin üçüncü abzası isə göstərir ki, təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat gəldikdə notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılmalıdır. Hesab edirik ki, burada əlaqədar şəxs dedikdə mirasa şərik ola biləcək qanun üzrə vərəsəlik növbəsi ilə vərəsəlik hüququ olub birbaşa əlaqəsi olan şəxs başa düşülməlidir. İddiaçının mərhum qardaşı X1 ailəsi və övladları olmamış, atası və anası isə rəhmətə getmişdir. Hazırda yeganə vərəsəsi sağ qalmış qardaşı - İddiaçıdur. Notariat işinin materiallarında da bu müvafiq sənədlərlə təsdiq olunur, Lakin iddiaçının digər qohumları - dayıları və xalası da növbələri qanunvericiliyə uyğun gəlməsədə də mülki qanunvericilik üzrə verilmiş hüquqlardan sui istifadə edib qanun üzrə vərəsə olmağa çalışır və bunun üçün müxtəlif xarakterli süni iddialar qaldırırlar. Burada əsas məqsəd isə vərəsəlik şəhadətnaməsinin verilməsinin maksimum ləngidilməsi və iddiaçını müxtəlif mənəvi-psixoloji üsullarla onu bu hüququndan vaz keçməyə məcbur etməkdir. Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən ölənin bacı və qardaşları qanun üzrə vərəsəlik zamanı ikinci dərəcəli, 1159.4-cu maddəsinə əsasən isə xalalar və bibilər, dayılar və əmilər qanun vərəsəlikdə dördüncü dərəcəli vərəsələr hesab edilirlər. MM-nin 1160-cı maddəsinə görə isə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Mülki qanunvericiliyin qanun üzrə vərəsəliyə dair yuxarıda qeyd olunan imperativ xarakterli tələbləri inkaredilməz və müzakirəedilməz hüquqi faktlardır. Yəni cavabdeh inzibati orqan notariat hərəkətləri zamanı həmin imperativ normaları əsas tutaraq notariat haqqında qanunvericiliyin tələblərinə görə davranmalı və üzərinə düşən öhdəliyi icra etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın “vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi” məsələlərini tənzimləyən Vİ fəslinin 102-ci bəndinin 5-ci abzasında qeyd olunur ki, vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri notarius tərəfindən qanun üzrə vərəsləri müəyyən edərkən sübut qismində tanına bilər. “Notariat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin 1-ci bəndinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmalı içim əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Bu maddənin məzmunundan çıxış edib açılmış vərəsəlik işinin qanuni olmasını təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə hökmünü də nəzərə alaraq bildirirlər ki, şəhadətnamə verilməsi üçün digər qanun üzrə vərəsələrin olmadığı əsasları artıq notariat ofisi tərəfindən müəyyən edilmişdir və dünyasını dəyişmiş, ailəsi və heç bir övladı olmayan mərhum X1 qanun üzrə qardaşı İddiaçı başqa vərəsəsinin olmadığı Sumqayıt ASAN xidmət mərkəzinin notariat ofisinə toplanmış müvafiq sübutlarla bəlli olması inkar edilməz hüquqi faktdır. Həmçinin VVAQ idarəsindən təqdim edilmiş çıxarış və qeydlər də bir daha sübut edir ki, mərhum Rövşən Ərəbovun hazırda tək qanuni vərəsəsi qardaşı İddiaçıdur və buna görə də İddiaçı qanun üzrə vərəsəlik hüququnu təsdiq edən müvafiq şəhadətnamə ən qısa zamanda onun etibarnamə üzrə nümayəndəsinə təqdim edilməlidir. Həmin şəhadətnamənin verilməsindən imtina olunması vərəsə İddiaçı konstitusion hüququ olan mülkiyyət hüququnun kobud pozuntusu hesab ediləcəkdir. Həmçinin Notariat haqqında Qanunun 34-cü maddəsinin 4-cü abzasına görə təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə notariat hərəkətinin aparılması on gün müddətinə təxirə salınmalıdır. Notariat işinin materiallarında iddiaçının digər qohumlarının vərəsəlik şəhadətnaməsinin verilməsinin dayandırılmasına dair xahişini əks etdirən yüzılı müraciəti də olmamışdır. Bu da onu göstərir ki, indiyədək notariat hərəkətləri qanunvericiliyinə tələbinə zidd olaraq təxirə salnmış və dayandırılmışdır. “İnzibati orqanların Təsnifatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən Ədliyyə Nazirliyinin notariat ofisləri inzibati orqan hesab edilir. İPM-nin 2-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalı olan iddia növlərindən biri də inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair məcburetmə haqqında iddialardır (2.2.2.). İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhbəmədən tələb edə bilər. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan .inzıbati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənlərə əsasın iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil hüquqi yardım edilmiş, iddiaçının vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmədən cavabdeh Sumqayıt Asan Xİdmət Mərkəzinin Notariat Ofisinin üzərinə İddiaçı vəfat etmiş qardaşı X1 birinci dərəcəli tək qanuni vərəsəsi olaraq tanınması və inzibati orqan tərəfindən iddiaçıya nümayəndəsi vasitəsilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Göründüyü kimi mübahisənin yaranma əsasını notariat hərəkətləri təşkil edir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il, tarixli 04 saylı qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 №li Qərarına əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 6.1. 8-ci bənd aşağıdakı redaksiyada verilsin: “8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.”; Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarlarından göründüyü kimi formalaşmış məhkəmə praktikasında notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə ümumi məhkəmələrdə baxılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisənin yaranma əsasını müvafiq natoriat hərəkətləri təşkil etdiyindən notariusun hərəkətləri və onun əsasında dövlət qeydiyyatına alınmış hüquqlar mülki məhkəmə icraatında yol verilən hüquqi müdafiyə vasitələrindən istifadə edilərək həll edilməli və iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, müvafiq umumi məhkəməyə müraciət edərək, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquqi müdafiyə vasitələrindən istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-773/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-773/2022
21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver