Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-774/2021 04.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 4-cü mikrorayon 27/4 saylı evin 46 saylı mənzilinin ipoteka qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Mehralıyev Saday Alı oğlunun arasında bağlanmış 02.09.2015-ci il tarixli AB/06745 saylı kredit müqaviləsinə əsasən, Kredit ittifaqı ona 12000.00 AZN kredit vermişdir. Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında İpoteka müqaviləsinə əsasən, Mehralıyev Saday Alı oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, 27/4 saylı evin, 46 saylı mənzili “xxxx” Kredit İttifaqı MMC-nin xeyrinə 36 (otuz altı) ay müddətinə yüklü edilmişdir və bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövləl reyestrindən Çıxarış verilmişdir. Mehralıyev Saday Alı oğlu ilə bağlanmış 02.09.2015-ci il AB/06745 saylı tarixli kredit müqaviləsinə əsasən, Kredit ittifaqına olan 12000.00 AZN kredit borcunu ödəyib qurtarmışdır. İddiaçı 20.02.2020-ci il tarixli ərizə ilə DƏDRX 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət edərək, mülkiyyətində olan, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 27/4 saylı evin, 46 saylı mənzilinin yüklülükdən azad edilməsini və ona bu barədə arayış verilməsini xahiş etmişdi. DƏDRX-in 2 saylı Sumqayıt Ərazi idarəsindən ərizəyə verilən 02 aprel 2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, sözügedən mənzil üzərində qeydiyyata alınmış ipotekanın dövlət qeydiyyatının ləğv olunması barədə “xxxx” Kredit İttifaqı MMC-nin elektron portal vasitəsi ilə göndərilmiş ********** qeydiyyat nömrəli ərizəsi 06.02.2020-ci il tarixdə idarəyə daxil olmuşur. Həmçinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərüfatı layihələri və Kreditlərin idarə edilməsi üzrə Dövlət Xidmətinin sözü gedən daşınmaz əmlak üzərindəki ipoteka yüklülüyü ləğv edildiyi halda Xidmətin razılığının tələb olunması barədə 16.10.2015-ci il tarixli məktubu idarəyə daxil olmuşdur. Buna görə də məxsus əmlakla bağlı Kənd Təsərrüfatlı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin idarə edilməsi üzrə Dövlət Xidmətinin, Xidmətin razılığı olmadan ipoteka yüklülüyünün ləğv olunmaması barədə məktubunun idarəyə daxil olduğu təqdirdə mənzil üzərində qeydiyyata alınmış ipotekanın dövlət qeydiyyatının ləğv olunması barədə dövlət reyestrində müvafiq qeydiyyat aparılacağı bildirilmişdir. Bundan başqa iddiaçı 29.01.2021-ci il tarixli ərizə ilə təkrar DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, mülkiyyətində olan, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 27/4 saylı evin, 46 saylı mənzilinin yüklülükdən azad edilməsini və ona bu barədə arayış verilməsini xahiş etmişdir. DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi iddiaçıya 04.02.2021 -ci il tarixli imtina məktubu göndərərək, ipotekanın dövlət qeydiyyatının ləğvinin ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin müvafiq qərarı əsasında ləğv edildiyi bildirilmişdir. Halbuki, “xxxx” Kredit İttifaqı MMC-nin elektron portal vasitəsilə iddiaçıya məxsus mənzilin üzərində qeydiyyata alınmış ipotekanın dövlət qeydiyyatının ləğv olunması barədə 2 saylı Ərazi İdarəsinə müraciət etmişdir, lakin müraciət təmin olunmamışdır. Beləliklə, DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi iddiaçını əlverişsiz vəziyyətə salmışdır. Belə ki, iddiaçı cavabdehin hərəkəti ucbatından onun mülkiyyətində olan mənzilini xeyrinə yüklü edilmiş “xxxx” Kredit İttifaqı MMC-nin kredit borcunu ödədiyi üçün yüklülükdən azad edilməsi barədə məktub verdiyi halda azad edə bilmir. Bu da onun mülkiyyətə sahib olmaq, ondan sərbəst surətdə istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Ona görə də cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 46 saylı mənzilin yüklülükdən azad edilməsinə dair 29 yanvar 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatının ləğvinin ipoteka saxlayanın ərizəsi və ya müvafiq məhkəmə qərarı əsasında mümkün olduğu bildirilmiş və bu barədə ona 04 fevral 2021-ci il tarixli, **********66 qeydiyyat nömrəli cavab göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir.Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinə etiraz bildirərək, iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: “xxxx” Kredit İttifaqı ilə X5 arasında bağlanmış 06100 saylı 31 avqust 2015-ci il tarixli kredit müqaviləsinin surəti, “xxxx” kredit İttifaqı ilə İddiaçı arasında bağlanmış 02 sentyabr 2015ci il ipoteka müqaviləsinin surəti, “xxxx” kredit İttifaqənın 01 aprel 2021-ci il tarixli 21102 saylı məktubu, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə “xxxx” Kredit İttifaqı arasında bağlanmış 27 avqust 2015-ci il tarixli müqavilənin surəti, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı 04 may 2021-ci il tarixli 22/01/06-1943 saylı məktubu, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin imtina məktubu, etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, ”xxxx” Kredit İtifaqı ilə Mehralıyev Saday Alı oğlu arasında bağlanmış 06100 saylı 31 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 56.000 manat pul X2 borca verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq “xxxx” Kredit İttifaqı ilə İddiaçı arasında Sumqayıt şəhəri, 4cü mikrorayon 27/4 saylı evin 46 saylı mənzilə dair ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən qeyd olunan mənzil ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan ipoteka müqaviləsi DƏDRX-in 2 saylı Ərazi İdarəsində 89 nömrəli reyestr kitabının 139 nömrəli vərəqində qeydiyata alınaraq əmlakın yüklü edilməsinə dair RX ******* seriyalı 10.09.2015-ci il tarixli çıxarış verilmişdir. Kredit müqaviləsi üzrə öhdəlik X5 tərəfindən icra edildiyinə görə “xxxx” Kredit İttifaqı məhkəməyə təqdim etmək üçün 01 aprel 2021-ci il tarixli 21102 saylı arayış vermişdir. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə “xxxx” Kredit İttifaqı arasında 27 avqust 2015-ci il tarixli Agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin tələblərinə görə “xxxx” Kredit İttifaqı Agentliydən götürdüyü maliyyə vəsaitinə görə illik 2 % ödəməli və borcalanlar tərəfindən krediti qaytarımasından asılı olmayaraq Agentlik qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməlidir. Hazırki iddia tələbi üzrə cavabdeh təşkilat olan DƏDRX-in 2 saylı Ərazi İdarəsi mənzilin ipoteka qeydinin ləğv edilməsindən imtinasını onunla əsaslandırır ki, mənzilin ioptekadan azad edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin etirazı var. Ona görədə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumenti araşdıraraq hesab edir ki, qeyd olunan arqument İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon 27/4 saylı evin 46 saylı mənzilin ipoteka qeydinin ləğv edilməməsinə əsas ola bilməz. İlk öncə nəzərə alınmalıdır ki, 56.000 manat pulun 36 ay müddətinə X3 borca verilməsinə dair kredit müqaviləsi Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə X6 arasında deyil “xxxx” Kredit İttifaqı ilə X6 arasında bağlanmış və həmin vəsaitin Agentliyə məxsus olması kredit müqaviləsində öz əksini tapmamışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq bağlanmış ipoteka müqaviləsidə “xxxx” Kredit İttifaqı ilə İddiaçı arasında bağlanmışdır. Hesab olunur ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə “xxxx” Kredit İttifaqı arasında bağlanmış Agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında 27 avqust 2015-ci il tarixli müqavilənin tələblərinə “xxxx” Kredit İttifaqı tərəfindən riayət olunmaması İddiaçı mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün əsas vermir. Bundan başqa oda nəzərə alınmalıdır ki, “xxxx” Kredit İttifaqı qarşısında kredit müqaviləsi üzrə öhdəliyə xitam verildiyinə görə kredit müqaviləsinin təminatı üçün bağlanmış ipoteka müqaviləsinin qüvvədə qalması mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 294.1.1-ci maddəsinin tələblərinə görə ipoteka ilə təmin edilmiş öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə İddiaçı qanuni əsaslarla əldə etdiyi hüquqlarını hıəyata keçirməkdən imtina edir. Göründüyü kimi, cavabdeh təşkilat qanunla ona verilmiş hüquqdan sui istifadə edir. Bu isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon 27/4 saylı evin 46 saylı mənzilin ipoteka qeydinin ləğv edilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-774/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-774/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver