Məhkəmə qərarları › İş №2-1(118)-774/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-774/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-774/2023 19.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “AR Silahlı X2nin 42-ci maddəsinə uyğun olaraq onun polkovnik hərbi rütbəsinin bərpa edilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq, “AR Silahlı X2nin 42-ci maddəsinə uyğun olaraq onun polkovnik hərbi rütbəsinin bərpa edilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə edilməsi” barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, AR Müdafiə Nazirinin 0151/rt №-li, xx.xx.2003-cü il tarixli əmri ilə iddiaçıya “polkovnik” hərbi rütbəsi verilmişdir. AR Müdafiə Nazirinin 021/rt №-li, 20. 05.2004-cü il tarixli əmri ilə intizam cəzası qaydasında “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 69-cu maddəsinə müvafiq olaraq “polkovnik” hərbi rütbəsi “polkovnik-leytenant” hərbi rütbəsinə qədər bir pillə aşağı salınmışdır. AR Müdafiə Nazirinin xx.xx.2005-ci il tarixli əmri ilə ehtiyata buraxılmış və hazırda AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsində hərbi qeydiyyatdadır. Hərbi rütbəsinin bərpa olunması üçün xx.xx.2022-ci il tarixdə ərizə ilə AR Səfərbərlik və HXÇ üzrə DX-nə və AR Müdafiə Nazirliyinə müraciət etmişdir. Ərizəsində AR Səfərbərlik və HXÇ üzrə DX-dən xahiş etmişdir ki, yuxarıda izah olunanları və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(105)-76/2022 saylı Qərardadında göstərilən hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının "polkovnik ” hərbi rütbəsinin bərpa olması üçün AR Silahlı X2nin 42-ci maddəsinin tələblərinə istinad olunmaqla AR Müdafiə Nazirliyinə təqdimat göndərilsin. Bu ərizəyə cavab olaraq AR Səfərbərlik və HXÇ üzrə DX-dən hərbi rütbəsinin bərpa olunması üçün AR Müdafiə Nazirliyinə müvafiq təqdimat göndərilmişdir. Eyni vaxta iddiaçı xx.xx.2022-ci il tarixdə AR Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək AR Səfərbərlik və HXÇ üzrə DX-dən göndərilmiş təqdimatın icra olunaraq iddiaçının polkovnik hərbi rütbəsinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh AR Müdafiə Nazirliyi xx.xx.2022-ci il tarixli məktubla imtina cavabı vermişdir. İmtina cavabı əsaslandırılmamışdır. AR Silahlı X2nin 42-ci maddəsinə görə hərbi qulluqçulara verilən intizam cəzalarını yalnız bu cəzaları verən rəislər, həmçinin intizam səlahiyyəti daha böyük olan birbaşa rəislər götürə bilərlər. Həmin maddənin tələbinə əsasən ehtiyatda, yaxud istefada olan zabitlərin hərbi rütbələrinin aşağı salındığı barədə intizam cəzası hərbi rütbələri ən azı üç ildən sonra götürülə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, birincisi, - Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 021 rt nömrəli əmri ilə N nömrəli hərbi hissədə komandanlıq etdiyi vaxtda vəzifə borclarının yerinə yetirilməsində yol verdiyi ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyinin Mülki Müdafiə idarəsinin mülki müdafiə kurslarının təlim hissəsinin rəisi-mülki müdafiə kursları rəisinin müavini polkovnik İddiaçı rütbəsi “polkovnik-leytenant” hərbi rütbəsinə qədər bir pillə aşağı salınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli 5k-130/2005 Ns-li qərarı ilə (Ağdam hərbi məhkəməsinin xx.xx.2005-ci il tarixli 09/2005 №-li hökmü) İddiaçı AR CM-nin 341.2- ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası İntizam Nizamnaməsinin 42-ci bəndinə əsasən: “hərbi qulluqçulara verilən intizam cəzalarını yalnız bu cəzaları verən rəislər, həmçinin intizam səlahiyyəti daha böyük olan birbaşa rəislər götürə bilərlər. Eyni vaxtda hərbi qulluqçuya verilmiş bir cəza götürülə bilər. Rəisin intizam cəzasını o vaxt götürməyə ixtiyarı var ki, cəza tərbiyəvi rol oynamış olsun və hərbi qulluqçu öz nümunəvi xidmətilə bunu sübut etsin.” İddiaçı verilən cəza xidmətlə bağlı ciddi nöqsanlara görə olmuşdur, buna görə də tərbiyəvi xarakter kimi qiymətləndirilə bilməz. Ağdam hərbi məhkəməsinin xx.xx.2005-ci il tarixli 09/2005 №-li hökmündən göründüyü kimi iddiaçı vəzifə borclarının yerinə yetirilməsində yol verdiyi ciddi qanun pozuntularına yol vermişdir. “Hərbi xidmətkeçmə haqqında’’ Əsasnamənin 70-ci maddəsinə əsasən, hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilirlər. İddiaçı haqqında hər hansı qeyri-qanuni hərəkətlər edilməmişdir. Yuxarıda qeyd olunmuş hökm buna sübutdur. ikincisi, - iddiaçı həm xüsusi, həm ümumi iddia müddətini ötürmüşdür. xx.xx.2004-cü ildə iddiaçının “polkovnik" rütbəsi “polkovnik-leytenant" hərbi rütbəsinə qədər bir pillə aşağı salınmışdır. İddiaçı 16-17 il keçəndən sonra müraciət etmişdir. Bununla da AR İPM-nin 38-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. (AR MPM-nin 2011-ci il tarixə kimi qüvvədə olmuş 298-ci maddəsinə görə də 1 ay göstərilmişdir.) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd olunmuşdur ki, "inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərara alınır ki, ... məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini ... yoxlamalıdırlar (2.3-cü bənd); Məhkəmənin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tututlmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (...iddianın verilməsi müddətinə əməl olunması) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)" Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia məcburetmə haqqında iddiadır, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Məhkəmə onuda qeyd edir ki, hazırkı şərtlərlə iddianın mümkünlüyü, iddiaçının əvvəlki iddiası ilə bağlı məhkəmə mübahisəsi zamanı qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-76/2022 saylı Qərardadındakı hüquqi mövqeyədə uyğundur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilmir. Belə ki, İddiaçı AR Silahlı X2nin 42-ci maddəsinə uyğun olaraq onun polkovnik hərbi rütbəsinin bərpa edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Azərbaycan Respublikası İntizam Nizamnaməsinin 42-ci bəndinə əsasən: “hərbi qulluqçulara verilən intizam cəzalarını yalnız bu cəzaları verən rəislər, həmçinin intizam səlahiyyəti daha böyük olan birbaşa rəislər götürə bilərlər. Eyni vaxtda hərbi qulluqçuya verilmiş bir cəza götürülə bilər. Rəisin intizam cəzasını o vaxt götürməyə ixtiyarı var ki, cəza tərbiyəvi rol oynamış olsun və hərbi qulluqçu öz nümunəvi xidmətilə bunu sübut etsin.” İddiaçı verilən cəza xidmətlə bağlı ciddi nöqsanlara görə olmuşdur, buna görə də tərbiyəvi xarakter kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməməsində əsaslı olmuşdur. Belə ki, işin hallarından görünür ki, İddiaçı AR Müdafiə Nazirinin 0151/rt №li, xx.xx.2003-cü il tarixli əmri ilə iddiaçıya polkovnik hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 021 rt nömrəli əmri ilə N nömrəli hərbi hissədə komandanlıq etdiyi vaxtda vəzifə borclarının yerinə yetirilməsində yol verdiyi ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyinin Mülki Müdafiə idarəsinin mülki müdafiə kurslarının təlim hissəsinin rəisi-mülki müdafiə kursları rəisinin müavini polkovnik İddiaçı rütbəsi “polkovnik-leytenant” hərbi rütbəsinə qədər bir pillə aşağı salınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli 5k-130/2005 №li qərarı ilə (Ağdam hərbi məhkəməsinin xx.xx.2005-ci il tarixli 09/2005 №-li hökmü) İddiaçı AR CM-nin 341.2- ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə əsasən törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğuna görə Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 iyun 2005-cı il tarixli əmri ilə xx.xx.2005-ci il tarixdən AR SQ-də həqiqi hərbi xidmətdən ehtiyata (istefaya) buraxılmışdır. İddiaçı onun hərbi rütbəsinin bərpa edilməsi üçün AR Silahlı X2nin 42-ci maddəsinə istinad edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 əsasən:

42. Hərbi qulluqçulara verilən intizam cəzalarını yalnız bu cəzaları verən rəislər, həmçinin intizam səlahiyyəti daha böyük olan birbaşa rəislər götürə bilərlər. Eyni vaxtda hərbi qulluqçuya verilmiş ancaq bir cəza götürülə bilər. Rəisin intizam cəzasını o vaxt götürməyə ixtiyarı var ki, cəza tərbiyəvi rolunu oynamış olsun və hərbi qulluqçu öz nümunəvi xidmətilə bunu sübut etsin. Çavuş rütbəsindən məhrum edilmə, hərbi rütbədə (vəzifədə) aşağı salınma kimi intizam cəzaları:  müddətli və müddətindən artıq xidmət hərbi qulluqçuları — çavuş rütbəsindən məhrum edildiyi, hərbi rütbədə (vəzifədə) aşağı salındığı gündən ən azı altı aydan sonra;  gizirlər və miçmanlar — hərbi rütbələri (vəzifələri) aşağı salındığı gündən ən azı altı aydan sonra;  zabitlər — hərbi rütbələri (vəzifələri) aşağı salındığı gündən ən azı bir ildən sonra;  generallar və admirallar — vəzifələri aşağı salındığı gündən ən azı bir ildən sonra;  ehtiyatda, yaxud istefada olan zabitlər — hərbi rütbələri aşağı salındığı gündən ən azı üç ildən sonra götürülə bilər. Hərbi rütbələri aşağı salınmış zabitlər, gizirlər, miçmanlar, çavuşlar və həmçinin hərbi rütbəsindən məhrum edilmiş müddətli xidmət çavuşları tutduqları vəzifələrdən asılı olmayaraq, intizam cəzasının götürülməsi ilə eyni zamanda əvvəlki hərbi rütbələrinə bərpa olunmalıdırlar. Vəzifəni aşağı salma şəklində intizam cəzası hərbi qulluqçunun üstündən götürülərkən o, əvvəlki vəzifəsinə bərpa edilməyə də bilər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən: 69. Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələri (əsgər və ya matros, kiçik gizir və ya kiçik miçman, kiçik leytenant rütbəsində olanlardan başqa) intizam cəzası tədbiri kimi və ya zabitlərin, gizirlərin, miçmanların şərəf məhkəməsinin vəsatəti əsasında Azərbaycan Respublikası Silahlı X2 ilə belə hüquq verilmiş birbaşa rəisin qərarı ilə bir pillə aşağı salına bilər. Ali zabitlərin rütbələrinin aşağı salınması və aşağı salındıqdan sonra hərbi rütbədə bərpa edilməsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular tutduqları vəzifədən asılı olmayaraq, Azərbaycan Respublikası Silahlı X2 ilə müəyyən edilmiş müddət bitdikdə, hərbi rütbənin aşağı salınması haqqında qərar qəbul etmiş, onlara bərabər və onlardan yuxarı səlahiyyətlərə malik olan rəislərin əmrləri ilə hərbi rütbədə bərpa edilirlər. Hərbi qulluqçunun əvvəlki rütbəsi bərpa edilənə və növbəti hərbi rütbə verilənə kimi hərbi rütbəsinin təkrarən aşağı salınmasına yol verilmir. 70. Hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilirlər. Hərbi xidmətdən qanunsuz buraxılan gündən hərbi xidmətə bərpa gününədək olan dövr, qeyri-qanuni həbsdə saxlanılma və qeyri-qanuni məhkumluq nəticəsində cəza çəkmə dövrü hərbi qulluqçular üçün hərbi xidmət müddətinə, hərbi rütbədə olma müddətinə, müvafiq vəzifələrdə xidmət illəri müddətinə, pensiya təyin etmək üçün lazım olan illər müddətinə, müddətli xidmət hərbi qulluqçuları üçün isə — hərbi xidmət müddətinə daxil edilir. 158. Törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar: a) həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə azadlıqdan məhrum olunanlar vəs. Qeyd edilmiş normalardan göründüyü kimi “Rəisin” intizam cəzasını o vaxt götürməyə ixtiyarı var ki, cəza tərbiyəvi rolunu oynamış olsun və hərbi qulluqçu öz nümunəvi xidmətilə bunu sübut etsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü: İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli ilə bağlı tətbiq edilməli olan normalar inzibati orqanı təmsil edən səlahiyyətli şəxsə diskression səlahiyyət vermiş, həmin səlahiyyətdən istifadə edilə bilməsini isə cəzanın tərbiyəvi rol oynamasına və hərbi qulluqçunun öz nümunəvi xidmətilə bunu sübut etməsi şərtinə bağlamışdır. Məhkəmə araşdırması zamanı İddiaçı xidmət dəftərçəsinin təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim edilmişdir. Xidmət dəftərçəsindən görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə əsasən törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğuna görə xx.xx.2005-ci il tarixdən AR SQ-də həqiqi hərbi xidmətdən ehtiyata (istefaya) buraxılmışdır. Bundan sonra isə iddiaçının hərbi xidmətə bərpa olunması müəyyən olunmur. Göründüyü kimi iddiaçı cəzasını çəkdikdən sonra xidmətini davam etdirməmişdir. Bu halda qanunvericiliklə nəzərdə tutulmuş “cəzanın tərbiyəvi rol oynamasından” başqa “hərbi qulluqçu öz nümunəvi xidmətilə bunu sübut etməsi” tələbinin həyata keçirilməsidə praktik olaraq baş verməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alarqaq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş, həmin səlahiyyətlərin məqsədinə və qanunvriciliyin tələblərinə uyğun olaraq müvafiq imtina vermişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqananın imtinası əsaslı olmuşdur və iddia rədd edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar