Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-774/2024 24.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 7 saylı qərarına və JN-1669 KOD 30319018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən onun mülkiyyətinə verilmiş 0,23 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon 1-ci Nügədi kəndində 0,23 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 7 saylı qərarına və JN1669 KOD 30319018 saylı Dövlət Aktı əsasən onun xüsusi mülkiyyətinə verilmişdir. Quba Rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli, 2-478/2006 saylı qətnaməsi ilə X4 iddiası təmin edilərək, digər torpaq sahələri ilə yanaşı JN 1669, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0,23 ha torpaq sahəsinin 26 noyabr 2001-ci il tarixdə iddiaçı X1 dair bağlanmış alqı- satqı əqdinin etibarlı hesab edilməsi, həmin torpaq sahələrinin X4 mülkiyyətinə verilməsi, JN 1672, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair mərhum X3 məxsus və ondan miras qalmış 0,46 ha torpaq sahəsinə vərəsəlik üzrə X4 mülkiyyət hüququnun müəyyən olunması, göstərilən həmin torpaq sahələrinin alqı-satqı və vərəsəlik üzrə X4 adına dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsi DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli, 2(105)- 258/2019 saylı qətnaməsi ilə onun və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 05 sentyabr 2006- cı il tarixli, 2-478/2006 saylı qətnaməsi qismən –ona dair hissədə ləğv olunmuş, iddiaçı X4 ona qarşı torpaq sahəsinin alqı-satqı əqdinin etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 4797/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi ilə əqd etibarlı hesab edildiyi üçün cavabdeh tərəfindən Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0.23 ha torpaq sahəsinə dair JN-1669 KOD 30319018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na Quba Rayon Məhkəməsinin 05 sentyabr 2006-cı it tarixli 2-478 saylı qətnaməsinə əsasən dövlət reyestrindən X4 adına 18 oktyabr 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********12 reyestr nömrəli çıxarış verilmişdir. Lakin həmin qətnamə ləğv edildikdən sonra B.Musayev məhkəməyə müraciət edərək Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə JN 1669, kod 30319018 saylı mülkiyyət hüququna dair dövlət aktı ilə onun mülkiyyətinə verilmiş Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsinin üzərində mövcud olan ümumi dəyəri 55440 manat 140 ədəd alma ağacının və ümumi dəyəri 17280 manat olan 12 ədəd gilas ağacının əvəzinə 72720 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi 2(103)-3737/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə bu torpaq sahəsinin ona məxsus olması və B.Musayevin həmin ərazidən özünə məxsus olaıı ağacları çıxarması qət edilmiş, qətnamə Ali Məhkəmənin Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.Göründüyü kimi qanun qüvvəsini almış məhkəmə aktları ilə qeyd edilən, torpaq sahəsinin onun mülkiyyətində olması öz təsdiqini tapmışdır. Hazırda bu torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarını təsdiqləyən Dövlət aktı mövcuddur, qüvvədədir və ləğv olunmamışdır. İddiaçı məhkəmə prosessləri başa çatdıqdan sonra cavabdeh təşkilata müraciət edərək qeyd edilən torpaq sahəsinə dair onun adına çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə onun müraciəti müsbət həll edilməmişdir.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, İddiaçı məhkəmə qətnamələri əsasında Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində yerləşən 0.23 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2023-cü il tarixli, 3-21-3- 34/2-M-0217-8/2023 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Bildiririk ki, ərizənizə əlavə edilmiş qətnamələrə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ müəyyən edilməmişdir, o cümlədən hər hansı vəzifə qoyulmamışdır. Göstərilənləri nəzərə alaraq ərizənizin icrası mümkün olmamışdır. İddia ərizəsindən göründüyü kimi “Daşınmaz əmlakın döviət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlakın hüquqi statusunu müəyyən edən, hüquqların dövlət qeydiyyatına əsas olan hüquq müəyyənedici sənədlər mövcud deyildir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Qeyd edirik ki, iddia ərizəsində mülkiyyət hüquqları tələb olunan 0.23 ha torpaq sahəsi xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********12 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən 5.410984 ha tərkibində olaraq X5 mülkiyyətinə verilmişdir. Sonradan həmin torpaq sahəsindən 0.23 ha hissəsi (tərkibində İddiaçı tərəfindən tələb olunan 0.23 ha torpaq sahəsinin bir hissəsi) Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, 4Ə-504 reyestr nömrəli alqısatqısı müqaviləsi əsasında X2 və sonuncunun adına xx.xx.2018-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Yerdə qalan 5.18098 ha hissəyə X5 adına xx.xx.2018-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmişdir”."Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, iddia ərizəsində göstərilən qətnamələrdə çıxarışların ləğvi və mülkiyyət hüquqların bərpası əks olunmamışdır.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-M-0217-8/2023 nömrəli imtina məktubu, etiraz ərizəsi, JN-1669 KOD 30319018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-1507/2024 nömrəli mütəxəssis rəyi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtıdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli 3-21-3- 34/2-M-0217-8/2023 nömrəli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Quba rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, mövcud mübahisənin ədalətli həll edilməsi məqsədilə məhkəmə tərəfindən mütəxəssis rəyi alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-1507/2024 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində torpaq sahəsi mövcud deyil, iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları naturadan (yerdən) götürülmüşdür, (sxematik xəritə və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə olundu.) JN 1669, KOD 30319018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmadığından həmin torpaq sahəsinin iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Həmçinin, iddiaçının iddia etdiyi torpaq sahəsi baza məlumatlarına əsasən **********05 reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bundan başqa iddiaçının iddia etdiyi torpaq sahəsi baza məlumatlarına əsasən Kənd Təsərrüfatı təyinatlı olub uqodiyası çoxillik əkmədir. Belə olan halda məhkəmə hesab edir ki, indiki halda iddia tələbi qanunun tələbinə əsasən təmin edilə bilməz. Göründüyü kimi məhkəmə araşdırması nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin qanunauyğun qaydada verilməməsi öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: -9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; -9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; -9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; -9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 7 saylı qərarına və JN-1669 KOD 30319018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən onun mülkiyyətinə verilmiş 0,23 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-774/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-774/2024
24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver