Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-775/2025 24.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X2 Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun adının mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Ordusunun ehtiyatda olan zabitidir. 1993-2014-cü illər ərzində Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmiş, 2014-cü ildə Müdafiə Nazirinin müvafiq əmri ilə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusuna görə) ehtiyata buraxılmışdır.Azərbaycan Ordusunda ümumilikdə 21 (iyirmi bir) il 4 (dörd) ay müddətində fasiləsiz olaraq həqiqi hərbi xidmət keçmişdir.Şəhid ailəsinin üzvüdür, hərbi xidmət dövründə və sonradan dövlət tərəfindən mənzillə (daimi yaşayış sahəsi ilə) təmin olunmamış, öz mənzili yoxdur, hazırda 5 (beş) nəfərlik ailə üzvləri ilə birlikdə kiayədə yaşayır. Mövcud qanunvericiliyə əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq hüququ vardır. Bu hüququ gerçəkləşdirmək üçün vəkili vasitəsilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəsmi müraciət etmişdir. Lakin, cavabdeh inzibati orqan qanunla müəyyən olunmuş müddət ərzində müraciətə cavab verməmişdir. Bundan əvvəl isə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsindən şifahi şəkildə ona bildirilmişdir ki, xidmətiniz qüsurlu olduğu üçün adınız müvafiq siyahılara daxil edilməmişdir. Cavabdehin bu mövqeyini absurd, qanunsuz və əsassız hesab etdiyindən məhkəməyə müraciət edir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyində 12 avqust 1993-cü il tarixdən 04 noyabr 2014-cü il tarixədək xidmət etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur.Göründüyü kimi, fərmana əsasən, üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır:Hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməli;Hərbi qulluqçu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməli; Hərbi xidmət qüsursuz olmalıdır.İddiaçının göstərilən üç şərtlərdən biri olmadığından müvafiq siyahıya daxil edilə bilməz, çünki “hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməsi” şərti mövcud deyil. Azərbaycan Ordusunda hərbi xidmət müddəti 21 (iyirmi bir) il 4 (dörd) ay 22 (iyirmi iki) gün təşkil edir.Bakı Hərbi Məhkəməsinin 11 noyabr 1998-ci il tarixli hökümünə əsasən məhkumluq müddəti 1 (bir) il 5 (beş) ay 23 (iyirmi üç) gün təşkil edir. İddiaçının məhkumluq müddəti çıxıldıqda sonra adı çəkilən hərbi qulluqçuların Azərbaycan Ordusu sıralarında 20 xidmət təqvim ili olmadığından onun dövlət vəsait hesabına mənzil təminatı bu Fərmanın təsiri xaricindədir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsinin 02.04 2024-cü il tarixli, 22/605 nömrəli imtina məktubu, Müdafiə Nazirliyinin etiraz ərizəsi, iddiaçıya aid hərbi biletin surəti, əmrin surəti, Silahlı Qüvvələrin 95 illiyi yubiley medalı vəsiqəsinin surəti fəxri fərmanların surəti, Bakı Qarnizonu Hərbi Məhkəməsinin 11 noyabr 1998-ci il tarixli hökmünün surəti, Bakı Hərbi Məhkəməsinin 187 nömrəli, xx.xx.2021-ci il tarixli arayışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun Azərbaycan Respublikasının Silahlı qüvvələrində xidmət etdiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Müdafiə Nazirliyi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Müdafiə Nazirliyinin şəxsi heyətinə mənsub olduğu üçün bu qəbildən olan iddialara qanunvericiliklə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Belə olduğu tədqirdə Müdafiə Nazirliyi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, inzibati orqan 02.04 2024-cü il tarixli, 22/605 nömrəli imtina məktubu ilə iddiaçının tələbinin təmin etməmiş və bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının faktiki yaşadığı (məskunlaşdığı) yer Abşeron rayonu ərazisi olduğundan məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur.Fərmana əsasən, üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır:Hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməli, Hərbi qulluqçu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməli, Hərbi xidmət qüsursuz olmalıdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı 12 avqust 1993-cü il tarixdən 04 noyabr 2014-cü il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. İddiaçı hərbi xidmət dövründə Bakı Qarnizonu Hərbi Məhkəməsinin 11 noyabr 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 255-ci maddəsinin “a” bəndi ilə təqsirli bilinərək 2 il müddətində azadlıqdan məhrum edilmiş və barəsində CM-nin 42-ci maddəsinə uyğun olaraq hökmün icrası döyüş əməliyyatları qurtaranadək təxirə salınmışdır. Daha sonra həmin məhkəmənin xx.xx.2000-ci il tarixli qərardadı ilə CM-nin 42-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq N saylı hərbi hissənin vəsatəti təmin edirlərək Aydın Baxışıov cəzadan azad edilmişdir. İddiaçının Azərbaycan Ordusunda hərbi xidmət müddəti ümümilikdə 21 (iyirmi bir) il 4 (dörd) ay 22 (iyirmi iki) gün təşkil edir. Lakin, məhkəmə hökmü ilə onun məhkumluq müddəti 1 (bir) il 5 (beş) ay 23 (iyirmi üç) gün təşkil etmiş və nəticədə onun qüsursuz xidmət illəri 20 ildən az təkil etmiş olur. Belə olan halda onun dövlət vəsait hesabına mənzil təminatı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun adının mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №2-1(118)-775/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-775/2025
24.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver