Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-779/2024 18.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümyəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu Fatmayı bələdiyyəsinin 02 avqust 2004cü il tarixli 08 saylı qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Fatmayı bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli 08 saylı qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Fatmayı bələdiyyəsinin xx.xx.2004cü il tarixli 08 saylı qərarı ilə Fatmayı bələdiyyəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Bundan sonra dəyəri iddiaçı tərəfindən ödənildikdən sonra torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. Faktiki olaraq həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Həmin torpaq sahəsinin iki tərəfi daş hasara alınmışdır. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayonu Fatmayı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 08 saylı qərarı ilə Fatmayı bələdiyyəsi ərazisində istifadəsinə və sahibliyinə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Bələdiyyənin müvafiq sənədləşməni qanunauyğun şəkildə aparmaması iddiaçının səhvi olmamaqla onun mülkiyyət hüququndan istifadə etməyinə maneə törətməməlidir. Alqı-satqı aktı qərar qəbul edilən vaxt tərtib edilməsə də tərəfindən torpağın dəyəri tam olaraq ödənilmiş, Fatmayı bələdiyyəsi tərəfindən isə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd olunanları müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, aparılan araşdırma zamanı Abşeron rayonu Fatmayı bələdiyyəsi tərəfindən İddiaçı 0,10 ha torpaq sahəsinin xx.xx.2004cü il tarixdə 08 saylı qərarla ayrıldığı halda alqı-satqı aktının 18 aprel 2012-ci il tarixdə verilməklə qanunamüvafiq qaydada təsdiq olunmadığı (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə), sözügedən sənədlərin arxiv arayışının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan: - Abşeron rayon Digah bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 08 saylı qərarından görünür ki, İddiaçı 0,10 ha torpaq sahəsinin satılması qərara alınmışdır. - Torpağın alqı-satqısına dair müqavilədən görünür ki, 0,10 ha torpaq sahəsi İddiaçı satılmışdır. - xx.xx.2004-cü il tarixli aktdan görünür ki, İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi ona təhvil verilmişdir. - 23 iyul 2004-cü il tarixli, 10 saylı qəbzdən görünür ki, İddiaçı bələdiyyə hesabına 840000 manat pul ödəmişdir. - DTXK-nin Abşeron rayon şöbəsinin xx.xx.2007-ci il tarixli rəyindən görünür ki, R.Kərimovaya və qeyrilərinə torpaq sahəsinin satılmasına etiraz etmir. - Abşeron rayonu Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - Abşeron rayonu Fatmayı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 064 nömrəli məktubundan görünür ki, Abşeron rayonu Fatmayı bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 08 saylı qərarına əsasən fərdi ev tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış 0,10 ha torpaq sahəsinə qanunvericiliyin tələbləri çərçivəsində dövlət reyestrindən çıxarışın verilməsinə Fatmayı bələdiyyəsi etiraz etmir. - İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi iki tərəfdən daş, iki tərəfdən şərti sərhədlənib. Texniki sənəddə göstərilən koordinatlarla uyğundur. - Məhkəmənin sorğusuna əsasən Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron rayon Fatmayı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 08 saylı qərarı və əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqı-satqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən satılması iş materialları ilə təsdiq edilir. Həmin qərar haızradək qüvvədədir, etibarsız hesab və ya ləğv edilməmişdir. Alqı-satqı aktının DTXK-nin Abşeron rayon şöbəsinin möhürü ilə təsdiqlənməməsi və ya yerquruluşu planından çıxarışın DTXK-nin Abşeron rayon şöbəsi və memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilməməsi kimi dəlillər iddiaçının müraciətinin təmin olunmasından imtina üçün əsas hesab edilə bilməz. Həmin sənədlərin düzgün və qanunauyğun şəkildə tərtib edilməsi iddiaçının deyil, bələdiyyənin və müvafiq dövlət orqanlarının vəzifələrinə aid olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayonu Fatmayı bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli 08 saylı qərar ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində İddiaçı İnizar oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu Fatmayı bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli 08 saylı qərar ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində İddiaçı İnizar oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-779/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-779/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver