Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-78/2021 11.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin reyestrdən çıxarışla əvəz edilməsi, həmin evin yerləşdiyi və texniki pasportunda göstərilən 1.1556 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin reyestrdən çıxarışla əvəz edilməsi, həmin evin yerləşdiyi və texniki pasportunda göstərilən 1.1556 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış 04 iyun 2003-cü il tarixli 4Ə-149 reyestr nömrəli alqı-satqı müqaviləsininə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Yuxarıda göstərilən Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsində həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin ölçüsü göstərilmişdir. Bundan başqa X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən daşınmaz əmlakın əvvəlki mülkiyyətçisinə və mənə verilmiş evin texniki pasportunun torpaq sahəsinin planı M 1:1000 və torpaq sahəsinin şərhi hissələrində öz əksini tapmışdır. Abşeron rayonu, Masazır kəndində yerləşən yaşayış evinin qeydiyyat vəsiqəsinin reystrdən çıxarışla əvəz edilməsi, həmin evin yerləşdiyi və texniki pasportunda göstərilən 1.1556 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi ilə əlaqədar Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, bütün sənədləri həmin İdarəyə təqdim etmişdir. Lakin sənədlərin qaydasında olmasına baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi müxtəlif bəhanələr gətirərək, fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin reystrdən çıxarışla əvəz edilməsindən və həmin evin yerləşdiyi 1.1556 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 60-ci maddəsinə əsasən hər kəsin hüquq və azadliqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının,siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüquqi həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya * hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudləşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin qanunun 8.0 və 8.0.5-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasmın (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına sənədlərin təqdim edilməsi göstərilmişdir ki, göstərilən maddənin tələblərinə uyğun olaraq, tərəfimdən həmin sənədlər 4 saylı Ərazi İdarəsinə təqdim edilmişdir. Həmin qanunun 12.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmirəşdirilir. Beləliklə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin qanunsuz imtinası nəticəsində iddiaçının mülkiyyət hüququ məhdudlaşdırılmışdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2 maddəsinə uyğun olaraq inzibati akt—inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1 maddəsinə uyğun olaraq maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Cavabdehin Abşeron rayonu, Masazır kəndində fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin reystrdən çıxarışla əvəz edilməsi, həmin evin yerləşdiyi və texniki pasportunda göstərilən 1.1556 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinaya əsas kimi göstərdiklərinin heç biri Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Abşeron rayonu, Masazır kəndində yeləşən İddiaçı fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 4 saylı Abşeron Ərazi İdarəsinə 06 sentyabr 2019-cu il tarixdə etibarnamə üzrə nümayəndə X3 müraciəti daxil olmuşdur. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər araşdırma zamanı, müraciət üzrə əlavə edilmiş 29407 nömrəli qeydiyyat vəsiqəsi və 445 inventar nömrəli texniki pasportda göstərilən mülkiyyət hüququ ilə İddiaçı məxsus fərdi yaşayış evinin baxış keçirilmiş ərazidə mövcud olmadığı müəyyənləşdirilmişdir. Tərəflərindən baxış keçirilmiş ərazidə 1.1556 ha torpaq sahəsi və 1990.5 kv.metr ümumi sahəsi olan icazəsiz müxtəlf təyinatlı tikililər aşkar edilmişdir. Həmin torpaq sahəsinə və tikililərə dair hüquqmüəyyənedici və texniki sənədlər ərizəyə əlavə edilməmişdir. Habelə, sözügedən qeydiyyat vəsiqəsi və texniki pasportun baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilməmişdir. Bundan başqa, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə yaşayış məntəqələrindən kənarda ictimai tikililərin yerləşdiyi ərazi kimi qeydə alınan torpaq sahələrinin üzərində yerləşdiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. Həmçinin bildirirlər ki, İddiaçı 2019-cu il tarixdə Sumqayıt İnzibati-iqtisadi Məhkəməsində eyni məzmunlu iddia qaldırmış və Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1 (85)-1774/2019 saylı, 25.12.2019-cu il tarixli qərardadı ilə iddia məhkəmə tərəfindən geri götürülmüş sayılmış və icraaata xitam verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2015-ci il 4 iyun tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin Əsasnaməsinə görə, İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Komitə sədrinin əmr, sərəncam və göstərişlərini, Kollegiyanın qərarlarını, Xidmət rəisinin əmr və göstərişlərini, Komitə və Xidmət üzrə təlimatları, digər normativ metodiki sənədləri və bu əsasnaməni rəhbər tutur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 29407 nömrə ilə reystr kitabında qeydə alınmış Qeydiyyat vəsiqəsinə əsasən yaşayış sahəsi 29.2 kv.metr, köməkçi sahəsi 30,0 kv.metr 2 otadan ibarət yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3680 saylı, 19 mart 2021-ci il tarixli ekspert rəyinə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən “A” letirli fərdi yaşayış evinin faktiki vəziyyəti texniki pasportda qeyd olunan ölçülərə uyğun gəldiyi müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin reyestrdən çıxarışla əvəz edilməsi, həmin evin yerləşdiyi və texniki pasportunda göstərilən 1.1556 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia öhdəliyin icrasıdır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin reyestrdən çıxarışla əvəz edilməsinə dair tələbinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 29407 nömrə ilə reystr kitabında qeydə alınmış Qeydiyyat vəsiqəsinə əsasən yaşayış sahəsi 29.2 kv.metr, köməkçi sahəsi 30,0 kv.metr 2 otadan ibarət yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Eyni zamanda Eyni zamanda 445 inventar nömrəli, 29407 qeydiyyat nömrəli Fərdi yaşayış Fonduna daxil olan yaşayış evinin texniki pasportu İddiaçı adına tərtib edilmiş, digər tikililərlə yanaşı yaşayış evinin texniki göstəriciləridə qeyd edilmişdir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlərlə bağlı araşdırma zamanı, müraciət üzrə əlavə edilmiş 29407 nömrəli qeydiyyat vəsiqəsi və 445 inventar nömrəli texniki pasportda göstərilən mülkiyyət hüququ ilə İddiaçı məxsus fərdi yaşayış evinin baxış keçirilmiş ərazidə mövcud olmadığı, digər tikililərin olduğu müəyyən edilmişdir. Bununla əlaqədar olaraq iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3680 saylı, 19 mart 2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən “A” letirli fərdi yaşayış evinin faktiki vəziyyətinin texniki pasportda qeyd olunan ölçülərə uyğun gəlir. Məhkəmə hesab edir ki, mübahisələndirilən mənzil iddiaçının xüsusi mülkiyyəti olduğundan və mənzil “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minməzdən əvvəl əldə edildiyindən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları həmin Qanunun 8.0.5-ci maddəsi ilə müəyyən edilə bilər. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 29407 nömrəli Qeydiyyat vəsiqəsinə ilə yaşayış sahəsi 29.2 kv.metr, köməkçi sahəsi 30,0 kv.metr 2 otadan ibarət yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ qanunvericiliyə əsasən artıq qazanılmış hüquqdur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin reyestrdən çıxarışla əvəz edilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Məhkəmə iddianın digər hissəsinə yəni, həmin evin yerləşdiyi və texniki pasportunda göstərilən 1.1556 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi barədə hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə təmin edlməməlidir. Belə ki, həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun yaranmasının hər hansı bir hüquqi əsası mövcud deyil. İddiaçı ərizəsində qeyd edir ki, alqı-satqı müqaviləsində fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin ölçüsü göstərilmişdir, bundan başqa X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən daşınmaz əmlakın əvvəlki mülkiyyətçisinə və ona verilmiş evin texniki pasportunun torpaq sahəsinin planı M 1:1000 və torpaq sahəsinin şərhi hissələrində öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, göstərilən 445 inventar nömrəli texniki pasportda başqa tikililərdə mövcuddur. Ona görədə həmin texniki sənəd ancaq iddiaçıya məxsus evin texniki pasportu kimi qəbul edilə bilməz. Bu hal olmasa belə, qeyd edilən texniki pasport sırf iddiaçıya məxsus evin texniki pasportu olsa belə, yenədə həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması üçün hüquqi əsas mövcud deyil. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Lakin iddiaçının 445 inventar nömrəli texniki pasportda qeydedilən 1.1556 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması əsası mövcud olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqanın imtinası həmin hissədə əsaslı olmuşdur. Eyni zamanda məhkəmə tərəfindən təyin edilmiş ekspertiza zamanı ekspert iddiaçının dəlillərinə uyğun rəy verdiyi üçün 100 manat məbləğində ekspertiza xərci cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin reyestrdən çıxarışla əvəz edilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin reyestrdən çıxarışla əvəz edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. 100 manat məbləğində ekspertiza xərci cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-78/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-78/2021
11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver