Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-78/2024 11.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “xx.xx.2014-cü il tarixli, RX ******* seriya nömrəli çıxarışa əsasən ona məxsus Abşeron rayonu, Qobu kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin koordinatlarının faktiki vəziyyətinə uyğunlaşdırılaraq ona planölçü sənədinin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron r-n, Qobu kəndi ərazisində yerləşən 0,80 ha torpaq sahəsinin xx.xx.2014-cü il tarixli, Seriya RX ******* saylı çıxarışa və **********12 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsünə əsasən mülkiyyətində olan torpaq sahəsinin hüquqi yə texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətnin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluğun aradan qaldırılmasının cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “xx.xx.2014-cü il tarixli, RX ******* seriya nömrəli çıxarışa əsasən ona məxsus Abşeron rayonu, Qobu kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin koordinatlarının faktiki vəziyyətinə uyğunlaşdırılaraq ona plan-ölçü sənədinin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobu kəndi ərazisində yerləşən 0,80 ha torpaq sahəsi xx.xx.2014-cu il tarixli, Seriya RX ******* saylı çıxarışa əsasən onun mülkiyyətindədir. Mülkiyyətində olan həmin torpaq sahəsinə **********12 reystr nömrəli, xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin torpaq sahəsi (mişar daşı ilə) hasara alınmışdır. Ancaq mövcud vəziyyətdə həmin topaq sahəsi **********12 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsi ilə üst üstə düşmür. 2009-cu ildən bu yana torpaq sahəsi Qobu bələdiyyəsinin verdiyi və tərəflər arasında razılaşdırılmış koordinatlara əsasən hasara alınmışdır. Hal hazırda onun torpaq sahəsi yaxınlıqda yerləşən digər torpaq sahələrinə paralel yerləşir. Bu yaxınlarda torpaq sahəsində tikili etmək üçün torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak X4 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilən koordinatlarla uyğunluğunu yoxlamaq və tikiləcək evin yerini təsbit etmək istəmişdir. Məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak X4 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsinin verdiyi koordinat mövcud sahə ilə nəinki üst üstə düşmür və hətta verilən koordinata əsasən qonşu guya onun ərazisində ev tikib. Bununla bağlı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətinə baxılmış və bildirilmişdir ki, İdarə tərəfindən mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən xx.xx.2014 tarixli, **********12 reyestr nömrəli, 0.08 ha torpaq sahəsinə müayinə baxışı keçirilmiş və İdarənin elektron baza məlumatları araşdırılmışdır. Bununla da təsdiqini tapmışdır ki, sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Eləcə də qeyd edilmişdir ki, hal-hazırda müvafiq məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır və bu işlər başa çatdıqdan sonra mövcud fərqin aradan qaldırılması təmin ediləcəkdir. Bununla bağlı yenidən cavabdeh təşkilata xx.xx.2021-ci il tarixində müraciət edilmişdir. Müraciətdə bildirilmişdir ki, tərəfindən göndərilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə 21 oktyabr 2021-ci il tarixdə daxil olmuş məktubuna cavab olaraq 01 noyabr 2021-ci il tarixli, **********34 №-li məktubla bildirilmişdir ki, Ancaq məktubdan təxminən 2 ay keçməsinə baxmayaraq, hələ də iş icra edilməmişdir. Azərbaycan Respublikasının bu sahəni tənzimləyə normativ aktlarına əsasən bu cür nöqsanların aradan qaldırılması vəzifəsi aidiyyatı qurumların üzərinə düşür. Eyni zamanda ölkə rəhbərliyinin son zamanlar qəbul etdiyi sənədləşmənin sürətlənməsi, şəffaflığın təmin edilməsi, vətəndaşların hüquqlarının tanınaraq rifahının yaxşılaşdırılması, süründürməçilik və digər neqativ halların aradan qaldırılması və s. kimi bu qəbildən olan qərarlar da bunun əyani sübutudur. Odur ki, fərqin müəyyən edildiyi halda həll edilməməsi və məsələnin həllinin qeyri-müəyyən tarixə təxirə salınması sözügedən ərazi ilə bağlı qurduğu planların reallaşmasına ciddi maneə yaradır və iqtisadi vəziyyətinin olduqca pisləşməsinə səbəb olur. Bu səbəbdən də cavabdeh tərəfindən yol verilmiş qanunsuzluğun aradan qaldırılması və pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etməli olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının təyin olunması barədə iddiaçının xx.xx.2022-ci il tarixli 4 saylı Abşeron Ərazi İdarəsinə müraciəti olmuşdur. Bildiririk ki, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən xx.xx.2014-cü il tarixli, **********12 reyestr nömrəli iddiaçının mülkiyyətində olan 0.08 ha torpaq sahəsinə müayinə baxışı keçirilmiş və idarənin elektron baza məlumatları araşdırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur, ərazidə ümumi DWG uyğunsuzluğu mövcuddur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Əlavə olaraq qeyd etmək istəyirik ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərman imzalanmışdır. Hal-hazırda həmin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması istiqamətində lazımı işlər aparılır. Odur ki, uçot işləri tam başa çatdıqdan sonra hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə faktiki istifadədə olan torpağın məkan göstəriciləri arasında uyğunsuzluqların aradan qaldırılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 01 noyabr 2021-ci il tarixli və 26 yanvar 2022-ci il tarixli imtina məktubları, mübahisəli torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatlarına dair Kadastr xəritəsindən çıxarış, cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyi, məhkəməyə sorğu əsasında daxil olmuş ekspert rəyi və digər sənədlər daxildir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Abşeron İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan yaşayış sahəsi DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 01 noyabr 2021-ci il tarixli və 26 yanvar 2022-ci il tarixli məktubları ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qobu rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsinin faktiki vəziyyətinə uyğun plan-ölçü sənədinin tərtib edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında uyğunsuzluğun mövcud olması əsası ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Cavabdeh orqan öz imtinasında torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında uyğunsuzluğun mövcud olmasını bildirmişdir. Məhkəmə qeyd edilən halın araşdırılması ilə bağlı səlahiyyətli quruma ekspert rəyinin verilməsi üçün sorğu ünvanlamışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş 3-16-16/2-10/5556 saylı, 18 oktyabr 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dakı koordinatlarının onun faktiki istifadəsində olan 0.0944 ha torpaq sahəsinin koordinatları ilə naturada 0.0723 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən olunur, uğunsuzluğun cavabdehin faktiki istifadəsində olan 0.0944 ha torpaq sahəsinin cənub-qərb hissəsində olduğu müəyyən olunur, ilkin torpaqayırma sənədləri ilə RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dakı torpaq sahəsinin koordinatları üst-üstə düşdüyü müəyyən olunur. Göründüyü kimi hal-hazırda həqiqətən də, RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən İddiaçı məxsus Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, uyğunsuzluq olan hissə 0.0944 ha təşkil edir, lakin həmin torpaq sahəsinə dair hər hansı mübahisənin olması müəyyən edilməmişdir. Əgər iddiaçı sənəd üzrə göstərilmiş ölçüdən artıq torpaq sahəsindən istifadə etmiş olsaydı, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə, həmçinin artıq torpaq sahəsindən qanunsuz istifadəsi ilə nəticələnmiş olardı. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini əsassız hesab edir. Beləliklə də, cavabdeh inzibati orqanın imtina məktubunda göstərdiyi dəlil tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2014cü il tarixli, RX ******* seriya nömrəli çıxarışa əsasən İddiaçı məxsus Abşeron rayonu, Qobu kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin koordinatlarının faktiki vəziyyətinə uyğunlaşdırılaraq İddiaçı adına plan-ölçü sənədinin tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. xx.xx.2014-cü il tarixli, RX ******* seriya nömrəli çıxarışa əsasən İddiaçı məxsus Abşeron rayonu, Qobu kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin koordinatlarının faktiki vəziyyətinə uyğunlaşdırılaraq İddiaçı adına plan-ölçü sənədinin tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ41NABZ********************) köçürülsün. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva