Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-781/2022 18.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq islahatı zamanı ona və ailə üzvlərinə Qobustan rayon Poladlı bələdiyyəsinin 10 may 2002-ci il tarixli 05 saylı protokolunan əsasən ehtiyat fondu torpaqları hesabından verilmiş 6,2 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq islahatı zamanı ona və ailə üzvlərinə Qobustan rayon Poladlı bələdiyyəsinin 10 may 2002-ci il tarixli 05 saylı protokoluna əsasən ehtiyat fondu torpaqları hesabından verilmiş 6,2 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2-1(118)781/2022 saylı Qərardadı ilə Qobustan rayonu Poladlı bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1979-cu ildə Qobustan rayonu Poladlı (Daş Kolanı) kəndində anadan olmaqla hal-hazırda Salyan rayonu Çadırlı kəndində yaşayır. Valideyinləri və ailə üzvləri 2010-cu ilə kimi Qobusan rayon Poladlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayırlar. 2010-ci ildə ailələrinin dolanışıq vəziyyəti çətin olduğundan Salyan rayonuna köçmüşlər. 1997-ci ildə ulu öndər Heydər Əliyevin göstərişinə əsasən Respublikada gedən torpaq İslahatı ilə əlaqədar əhaliyə torpaq paylanarkən bir çox kənd sakinləri kimi onların ailəsinə də pay torpaq sahəsi ayrılmamış, sonradan Poladlı bələdiyyəsinin 10 may 2002-ci il tarixli 05 saylı qərarı ilə 5 nəfər ailə üzvlərinin hər birinə 1,24 ha olmaqla cəmi 6,20 hektar pay torpaq sahəsi ayrılmış və halhazırda da həmin torpaq sahəsi ailələrinin istifadəsində olmaqla əkib becərirlər və ailələri dolanır. Lakin son illər dövlət tərəfindən torpağa görə verilən subsidiya ilə əlaqədar müraciət edərkən onlara məlum olmuşdur ki, torpağı əkib becərsələrdə torpaq sahələri adlarına rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının “torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı məsələlər haqqında” 07 oktyabr 2021-ci İl tarixli fərmanı ilə aqrar islahat zamanı pay torpağına dair hüquq müəyyənedici sənədlərin hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 14 saylı ərazi idarəsinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi ona 16 dekabr 2021-ci il tarixdə göndərdiyi **********89 saylı məktubda göstərmişdir ki, “ailənizə məxsus 6.2Q ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinə daxil olmuş ərizənizə və ərizəyə əlavə olunmuş sənədlərə baxılmışdır. Təqdim olunmuş sənədlər araşdırılarkən məlum olmuşdur ki, Qobustan Rayon Poladlı kənd Bələdiyəsinin 10 may 2002-ci il 05 saylı protokoluna əsasən onların beş nəfərdən ibarət olan ailə üzvlərinin hər birinə 1.24 ha, ümumilikdə 6.20 torpaq sahəsi verilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparırdı. Torpaq sahəsi ayrılan zaman Qobustan rayon Aqrar İslahat Komissiyası fəaliyyətdə olmuşdur. X2 fəaliyyətlərinə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə xitam verilmişdir. Torpaq payının verilməsi üçün Qobustan rayon Aqrar İslahat Komissiyasına müraciət olunmalı idi, lakin onların ailəsinə 6,20 ha torpaq sahəsi 10 may 2002-ci il tarixli protokolla səlahiyyətsiz qurum Qobustan rayon Poladlı bələdiyyəsi tərəfindən bələdiyyənin ehtiyat fondunda olan əkin sahələrindən verilmişdir. Bələdiyyə tərəfindən qərar qəbul olunmuş, lakin Qobustan rayon Aqrar İslahat Komissiyasına məlumat verilməmişdir. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyə mülkiyyətində olan əkin torpaq sahələri bələdiyyənin qərarı ilə vətəndaşların yalnız icarəsinə verilə bilər. Bələdiyyə tərəfindən bələdiyyənin ehtiyat fondunda olan torpaq sahəsinin pay torpaq sahəsi kimi vətəndaşların mülkiyyətinə verilməsi səlahiyyəti olmamışdır. Torpaq ayırma sənədləri Torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlanmadığı üçün 6,20 ha torpaq sahəsinin üzərinə mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “pay torpaq sahələrinin verilməsinin cavabdehin üzərinə qoyulmasına dair” iddia ərizəsini əsassız hesab edirlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. İddiaçı Ərazi İdarəsinə daxil olmuş ərizəsinin araşdırılması zamanı məlum olmuşdur ki, Qobustan Rayon Poladlı kənd Bələdiyəsinin 10 may 2002-ci il 05 saylı protokoluna əsasən onun beş nəfərdən ibarət olan ailə üzvlərinizin hər birinə 1.24 ha, ümumilikdə 6.20 ha torpaq sahəsi verilmişdir. “ Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparırdı. Torpaq sahəsi ayrılan zaman Qobustan Rayon Aqrar İslahat Komissiyası fəaliyyətdə olmuşdur. X2 fəaliyyətlərinə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci İl tarixli 226 nömrəli Fərmanı ilə xitam verilmişdir. Torpaq payının verilməsi üçün Qobustan Rayon Aqrar İslahat Komissiyasına müraciət olunmalı idi, lakin iddiaçının ailəsinə 6.20 ha torpaq sahəsi 10 may 2002-ci il tarixli protokolla səlahiyyətsiz qurum-Qobustan Rayon Poladlı Bələdiyyəsi tərəfindən bələdiyyənin ehtiyyat fondunda olan əkin sahələrindən verilmişdir. Bələdiyyə tərəfindən qərar qəbul olunmuş, lakin Qobustan Rayon Aqrar İslahat Komissiyasına məlumat verilməmişdir. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Bələdiyyə mülkiyyətində olan əkin torpaq sahələri Bələdiyyənin qərarı ilə vətəndaşların yalnız icarəsinə verilə bilər. Bələdiyyələ tərəfindən bələdiyyənin ehtiyat fondunda olan torpaq sahəsinin pay torpaq sahəsi kimi vətəndaşların mülkiyyətinə verilməsi səlahiyyəti olmamışdır. Torpaqayırma sənədləri Torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlanmadığı üçün, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Qobustan rayonu Poladlı bələdiyyəsinin sədri X9 izahat verərək bildirdi ki, 1996-1998-ci illərdə torpaq islahatı zamanı 17 nəfər yaddan çıxdığından onlara torpaq ayrılmamışdır. Daha sonra Bələdiyyə tərəfindən həmin şəxslərə, eləcə də iddiaçının ailə üzvlərinə torpaq ayrılmışdır. İş materiallarında olan : - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 15 dekabr 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Qobustan rayon Poladlı kənd bələdiyyəsinin 10 may 2002-ci il 05 saylı protokolundan Çıxarışdan görünür ki, həmin qərarla Poladlı kənd sakinləri X4, X5, İddiaçı, X1 və X3 Poladlı kəndindən hər birinə 1,24 ha olmaqla, ümumilikdə 6,20 ha torpaq payı ayrılması qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı ona və ailə üzvlərinə Qobustan rayon Poladlı bələdiyyəsinin 10 may 2002-ci il tarixli 05 saylı protokoluna əsasən ayrılmış 6,2 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı və onun ailə üzvlərinə 10 may 2002-ci ildə Qobustan rayon Poladlı bələdiyyəsi tərəfindən pay torpaq sahəsi verilmişdir. Halbuki həmin dövrdə Qobustan rayon Aqrar islahat komissiyası fəaliyyətdə olmuş və Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli fərmanı ilə xitam verilmişdir. Beləliklə iddiaçıya pay torpaq sahəsi buna səlahiyyəti olmayan orqan tərəfindən ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.3-cü maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. Həmin Qanunun 4.0 və 4.0.1-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyətləri vardır. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hüquqların dövlət qeydiyyatı üçün kifayət qədər əsaslar olmadığı üçün, inzibati orqan tərəfindən qeydiyyat aparılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq islahatı zamanı ona və ailə üzvlərinə Qobustan rayon Poladlı bələdiyyəsinin 10 may 2002-ci il tarixli 05 saylı protokolunan əsasən ehtiyat fondu torpaqları hesabından verilmiş 6,2 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq islahatı zamanı ona və ailə üzvlərinə Qobustan rayon Poladlı bələdiyyəsinin 10 may 2002-ci il tarixli 05 saylı protokolunan əsasən ehtiyat fondu torpaqları hesabından verilmiş 6,2 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-781/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-781/2022
18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver