Məhkəmə qərarları › İş №2-1(118)-782/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-782/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-782/2021 14.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 734b saylı bağ torpaq sahəsinə dair hüquqların qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsinin xx xxxx 1966-cı il tarixli, 7 saylı protokol qərarı əsasında “Novxanı” bağlar massivində yerləşən 1200 kvadrat metr torpaq sahəsindən ibarət “734b” saylı bağ iddiaçının iddiaçının icarəsinə verilib. Faktiki olaraq iddiaçı həmin bağın mülkiyyətiçisi kimi çıxış edir. Ətrafda yaşayan qonşular da, onu mülkiyyətçi kimi qəbul edirlər. Bu bağ sahəsi iddiaçının icarəsində olmaqla o və ailəsi burada yaşayır və ümumi təsərrüfatı bu günə kimi həyata keçirirlər. Sonuncu icarə müqaviləsi Sumqayıt Bağ təsərrüfatı tresti ilə x xxxx 1990cı il tarixdə bağlanılmış və tərəflərin imzası ilə təsdiqlənmişdir. “Torpaq islahatı Haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının İdarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı Haqqında” Qanuna müvafiq olaraq iddiaçı torpaq üzərində mülkiyyət hüququnun qeydə alınması üçün ilkin olaraq Sumqayıt Bələdiyyəsinə müraciət edib həmin torpaq sahəsinə dair müvafiq texniki pasportu aldı. Növbəti mərhələ olaraq qanunvericiliklə nəzərdə tutulmuş sənədlərlə birlikdə, onunla Sumqayıt Bağ təsərrüfatı tresti arasında x xxxx 1990-cı il tarixdə bağlanılmış müqavilənin əslini və həmin bağ torpaq sahəsinə dair texniki pasportu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim etdi. DƏDRX-dən bağ torpaq sahəsinə dair çxarışın verilməsini xahiş etdi. Həmin idarənin xx xxxxxx 2020-ci il tarixli, **********20 saylı cavab məktubunda bildirildi ki, araşdırmalar zamanı təqdim edilmiş bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə xx.xx.1990-cı il tarixli, 11246 nömrəli müqavilənin arxiv əsaslarının Sumqayıt Bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə təvhil verilməmişdir. Bu səbəbdən “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanunun 15.1.1 -ci maddəsinə istinad edərək, bağ sahəsinə dair hüquqmüəyyənedici sənədin iddiaçıya verilməsindən imtina edildi. Araşdırma zamanı “Novxanı” bağlar massivində yerləşən 734b saylı bağ torpaq sahəsinə dair “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” xx.xx.1990-cı il tarixli, 11246 nömrəli müqavilənin ona verilən əslinin olmasına baxmayaraq, Sumqayıt Bələdiyyəsindən bildirildi ki, “İddiaçı istifadəsində olan Sumqayıt şəhər Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsinin xx xxxx 1966-cı il tarixli, 07 saylı protokol qərarı əsasında ayrılmış “Novxanı” bağlar massivində yerləşən sahəsi 1200 kv.m olan ərazinin sxematik xəritəsinə əsasən 734b saylı bağ torpaq sahəsinin arxiv sənədləri 2004-cü ildə keçmiş X4 tərəfindən Sumqayıt Bələdiyyəsinə təhvil verilmiş arxiv sənədləri içərisində qeydə alınmamışdır. İnzibati orqanın rədd cavabından sonra hüquqşünas olmadığı üçün Sumqayıt Şəhər Məhkəməsinə faktın müəyyən olunması barədə iddia ərizəsi ilə müraciət etdi. Sonradan epidemiya ilə bağlı məhkəmələr fəaliyyət göstərmədiyindən, hüquqşünaslarla məsləhətdəşdikdən sonra ona məlum oldu ki, inzibati orqanın hərəkərlərindən inzibati məhkəməyə müraciət etməlidir. Bu səbəbdən məhkəməyə ərizə ilə müraciət edib, sənədlərin geri qaytarılmasını xahiş etdi. Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə sənədləri geri qaytarıldı. İnzibati orqanın rədd cavabının əsası həmin hüquqların qeydə alınmaması ilə bağlıdır. Lakin yuxarıda sadaladığı qanunlara əsasən inzibati orqan onun hüquqlarını qeydiyyatdan keçirməli idi. İnzibati orqan formal mülahizələrə əsasən iddiaçıya rədd cavabı vermişdir. Qeyd olunanlara əsasən iddiaçı Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 0.12 ha ümumi sahəsi olan 734b saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi və vəkili eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Babayev Fəzail Məsim oğlu Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən, 734B saylı, 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Babayev Fəzail Məsim oğluna bildirilmişdir ki, araşdırmalar zamanı təqdim edilmiş bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə xx xxxx 1990-cı il tarixli 11246 nömrəli müqavilənin arxiv əsaslarının Sumqayıt Bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim edilmədiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. İcarə müqaviləsinin arxiv əsasları təqdim ediləcəyi təqdirdə müraciətinin icrasına təkrar baxılacağı İddiaçı etibarnamə üzrə nümayəndəsi Babayev Fəzail Məsim oğluna bildirilmiş və bu barədə ona xx xxxxxx 2020-ci il tarixli **********20 nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinə etiraz bildirərək, iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Novxanı kəndində yerləşən 0,12 ha ümumi sahəsi olan 734 b saylı bağ sahəsinin İddiaçı Məmmədli oğluna uzun müddətli icarəyə verilməsi haqqında 11246 saylı xx xxxx 1990-cı il tarixli icarə müqaviləsi, 734 b saylı bağ sahəsinə Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş texniki pasportun surəti, Sumqayıt Bələdiyyəsinin DƏDRX-in 2 saylı ərazi idarəsinə göndərdiyi 2105 saylı xx xxxx 2020-ci il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Cavabdeh təşkilat iddia tələbinə dair məhkəməyə etiraz ərizəsi ilə müraciət etmiş və etiraz ərizəsində iddia tələbinin İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən mümkün hesab edilməməsini bildirmiş, o cümlədən iddiaçının tələbinin hansı səbəbdən həyata keçirilə bilmədiyini göstərmişdir. İlk növbədə məhkəmə iddia tələbinin mümkünlük məsələsinin araşdırmasını zəruri hesab edir. Məhkəmə cavabdeh təşkilat tərəfindən etirazında İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsaslanaraq iddianının qeyri-mümkün hesab edilməsinə dair gətirdiyi arqumenti əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Novxanı qəsəbəsində icarəsinə bağ sahəsi verilmiş və həmin bağ sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsindədir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların əmələ gəlməsinə səbəb olur. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Konstitusiyasında və Mülki Məcəlləsində öz əksini tapmış hüquqlarından yararlanaraq sahibliyində olan torpaq sahəsininin üzərində mülkiyyət hüquqlarını qeydə alınmasını istəyir. Lakin DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi X2 35-ci maddəsində qeyd olunmuş - müraciət edən şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna əsaslanmadığına istinad edir. Məhkəmə hesab edir ki, İddiaçı konstitusion hüquqlarının həyata keçirilməsində sərbəstdir və bu hüquqlardan həyata keçirilməsində maraqlarının nədən ibarət olmasını əsaslandırmağa borclu deyil. Ona görədə məhkəmə hesab edir ki, iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı cavabdeh təşkilat tərəfindən gətirilən arqument əsassızıdır və iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı hər hansı bir maneə mövcud deyil. Buna görədə məhkəmə hesab edir ki, inzibati mübahisəyə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir. Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Soveti İcrayyə Komitəsinin Bağlar təsərrüfatı İdarəsi ilə İddiaçı arasında Sumqayıt şəhəri, Novxanı bağları massivində yerləşən, 743B saylı, 0,12 ha torpaq sahəsi ilə bağlı 2000-ci il tarixinədək qüvvədə olan xx xxxx 1990-ci il tarixli 11246 nömrəli icarə müqaviləsi bağlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti” haqqında Qanunun 8.0.7-ci maddəsinə əsaən iddiaçı Xidmətə müraciət edərək, əldə etdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarını qeydə alınması üçün müraciət etmişdir. Lakin cavabdeh təşkilat Sumqayıt Şəhər Soveti İcrayyə Komitəsinin Bağlar təsərrüfatı İdarəsi tərəfindən 11246 nömrəli müqavilənin arxiv əsaslarının Sumqayıt Bələdiyyəsi tərəfindən DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə təqdim etməməsini əsas gətirərək, iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə müraciət olunaraq, İddiaçı ilə bağlanmış 11246 saylı icarə müqaviləsinə dair arxiv sənədlərinin Sumqayıt Bağlar İdarəsi tərəfindən onlara təhvil verilmədiyini və qeyd olunan bağ sahəsinin İddiaçı uzun müddətli istifadəsində olması səbəbindən həmin bağ sahəsinə dair texniki pasportun tərtib edildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, “Hüquqların dövlət qeydiyyatından imtina”-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Həmin Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh təşkilat tərəfindən gətirilən arqumentə münasibət bildirərək, məhkəmə hesab edir ki, 11246 saylı xx xxxx 1990-cı il tarixli icarə müqaviləsinin arxiv sənədlərinin dövlət qurumlarının və ya bələdiyyənin səhvi ucbatından axiv sənədlərinin DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə təqdim edilməməsində İddiaçı təqsiri yoxdur. Belə ki, iddiaçının hüquqları mötəbərlik prezumpsiyası prinsipinə əsasən qorunur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Hesab olunur ki, İddiaçı Məmməli oğlunun cavabdeh təşkilata təqdim etdiyi 11246 saylı xx xxxx 1990-cı il tarixli icarə müqaviləsinin həqiqətə uyğun olmaması sübuta yetirilmədiyinə görə həqiqi hesab edilməli və həmin müqavilənin əsasında onun sahibliyində olan 734 b saylı bağ sahəsi üzrə yaranmış mülkiyyət hüquqları cavabdeh təşkilat tərəfindən qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı adına Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 0.12 ha ümumi sahəsi olan 734b saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar