Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-782/2025 07.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: kompensasiya verilməsi üçün tərtib edilən siyahıya salınma) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhəri, 2ci mikrorayon, 13 saylı yataqxananın söküləcəyi ilə əlaqədar olaraq yataqxanadan köçürülən sakinlərə kompensasiya verilməsi üçün tərtib edilən siyahıya salınmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı X3, Sumqayıt şəhəri, 2-ci mikrorayon, 13 saylı yataqxananın söküləcəyi ilə əlaqədar olaraq yataqxanadan köçürülən sakinlərə kompensasiya verilməsi üçün tərtib edilən siyahıya salınmağını istəyir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 13.03,2018-ci il tarixli, 59 saylı Sərəncamı ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, 13 saylı Yataqxana, ev 28. otaq 108 və 11 “A” saylı yardımçı otaq 3-cü şəxs, keçmiş arvadı Axundova Xatirə Abdulməcid qızına verilmişdir. xx.xx.2021 -ci ildə onunla rəsmi nikaha daxil olaraq Sumqayıt şəhəri, 2-ci mikrorayon, 13 saylı Yataqxana, ev 28, otaq 108-ə pasport qeydiyyatına alınmışdır. Lakin xasiyyəti tutmadığından nikah qeydi pozulmuşdur. Hazırda iddiaçı yuxarıda qeyd etdiyi yataqxananın 11 “A” saylı yardımçı otağında, 3-cü şəxs Axundova Xatirə Abdulməcid qızı isə həmin yataqxananın 108 saylı otağında yaşayır. Belə ki, nikahı pozulduğundan onunla birgə yaşamağı mümkün olmamışdır. Hal hazırda yataqxananın söküləcəyi ilə əlaqədar olaraq, orada qeydiyyatda olan sakinlər siyahıya alınmışlar. Lakin naməlum səbəbdən iddiaçının adı həmin siyahıya salınmamışdır. Daha sonra isə Sumqayıt şəhər İcra hakimiyyətinin göstərişi əsasında yaşadığı yataqxananın işığı, suyu 1 ay müddətində kəsilmiş və bununla da yataqxanadan istifadəyə qəsdən və qanunsuz olaraq maneçilik yaradılmışdır. Hazırda yaşadığı yataqxananın giriş qapısından içəridə olan pilləkəni sökülməklə, mənzilinə qalxmağa maneçilik yaradılmışdır. Bununla da mənzildən ayrı düşərək küçədə qalmağa məhkum edilmişdir. Hesab edir ki, Sumqayıt İcra hakimiyyətinin bu hərəkəti özbaşınalıq olmaqla yanaşı, həm mülki qanunvericiliyin, həmdə Konstitusiyasının maddi hüquq normalarının tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanundan göründüyü əgər vətəndaşla mülkiyyətçi arasında yaşayış sahəsindən istifadəyə dair mübahisə varsa, həmin mübahisə məhkəmə yolu ilə həll edilməlidir. Hazırda onun 11 saylı yardımçı otaqda əşyaları, xeyli miqdarda pul vəsaiti qalmışdır. Başqa yaşayış yeri yoxdur. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda əsassız olaraq göstərilir ki, qeydiyyatda olduğu Sumqayıt şəhəri, 2-ci mikrorayonu, 13 saylı yataqxana, ev 28, otaq 108 keçmiş həyat yoldaşının adına olduğu üçün, eləcədə onunla nikahı olmadığından birdəfəlik kompensasiya yalnız ona verilə bilər. İddiaçı cavabdehin bu imtinasını əsassız hesab edir. Belə ki, ASAN xidmətin “Yaşayış yeri üzrə qeydiyyat” barədə arayışından görünür ki, hazırda o, Sumqayıt şəhəri, 2-ci mikrorayonu, 13 saylı yataqxana, ev 28, otaq 108-də qeydiyyatdadır. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Axundova Xatirə Abduiməcid qızı ilə rəsmi nikah qeydi pozulmuşdur. Beləliklə hər iki sənədlə müəyyən olunur ki, 3-cü şəxs Axundova Xatirə Abduiməcid qızı ilə boşandığı üçün birgə ailə üzvü sayılmır. Yəni gələcəkdə ona veriləcək kompensasiyanın iddiaçıya aidiyyəti ola bilməz. Bununla belə həmin ünvanda qeydiyyatı olduğu üçün ona da ayrıca kompensasiya düşür. Cavabdeh isə ona düşəcək kompensasiyanı verməmək üçün əsassız bəhanələr gətirməklə, adını siyahıya salmır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (Roma, 4.Xİ. 1950-ci il.) 6-cı maddəsinin 1-ci bəndinə əsasən istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Axundova Xatirə Abdulməcid qızı ilə rəsmi nikaha daxil olmuşdur. 11”А” saylı otaq əvvəlcə sanitar qovşağı olmuş və Axundova Xatirə Abdulməcid qızının yaşayış yeri olmadığı üçün 806 saylı orderlə ona verilmişdir. Həmin yataqxananın 108 saylı otağı boşalarkən Axundova Xatirə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək yaşadığı 11”A” saylı otağın yaşayış üçün yararsız olduğunu bildirərək 108 saylı otağın ona verilməsini xahiş etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin 59 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı ilə 108 saylı otağa Axundova Xatirə Abdulməcid qızının adına kirayə müqaviləsi bağlanmış, 11”А” saylı otaq isə köməkçi sahə kimi onun istifadəsində saxlanılmaqla, adına verilmiş xx.xx.2007-ci il tarixli 806 saylı order ləğv olunmuşdur. Nikahdan sonra İddiaçı Sumqayıt şəhər Qeydiyyat idarəsinə 108 saylı otağa qeydiyyata alınması ilə əlaqədar müraciət etmiş, lakin vətəndaşın xahişi təmin olunmamışdır. Bu səbəbdən ərizəçi Sumqayıt şəhər Məhkəməsi qarşısında qeydiyyata alınması ilə bağlı iddia qaldırmış və məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 28, yataqxana 13, 108 saylı otağa qeydiyyata alınmışdır. Lakin İddiaçı və Xatirə Axundova arasıda baş tutan rəsmi nikah təxminən 4 aydan sonra pozulmuşdur. Axundova Xatirə Abdulməcid qızına 108 saylı otaq verilərkən 11 “A” saylı otaq İcra Hakimiyyəti tərəfindən №550 saylı orderlə X2 verilmişdir. Hal-hazırda Süsən Bayramova həmin otaqda ailə üzvlərilə birlikdə yaşayır. İddiaçı və Xatirə Axundova müraciətləri ilə əlaqədar Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə dəvət olunaraq onlara 11 "A" saylı otağın X2 №550 saylı, xx.xx.1996-cı il tarixli orderə əsasən məxsus olması barədə məlumat verilərkən, X.Axundova həmin yardımçı sahənin özü tərəfindən 2 hissəyə bölünərək 11 “A” və 11 “B" saylı otaq yaratdığını bildirmişdir. Qeyd olunan yataqxana binası 2022-ci ildə plana düşdüyü üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin yaratdığı komissiya tərəfindən siyahı tərtib edilərkən, 108-ci otağa Xatirə Axundovanın adı, 11 “A” saylı otağa isə Süsən Bayramovanın adı siyahıya alınaraq Nazirlər Kabinetinə göndərilmişdir. Həmin siyahıda 11 “B” saylı otaq qeydiyyata alınmamış və Nazirlər Kabinetinə göndərilən siyahıya əlavə edilməmişdir. 13 saylı yataqxana plana düşdüyü vaxtdan bütün əməliyyatlar dayandırılmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını, iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Axundova Xatirə Abdulməcid qızı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: AZ İİ 432355 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Axundova Xatirə Abdulməcid qızı arasında 13 aprel 2021-ci il tarixdə nikah bağlanmışdır. AZ İ 399584 saylı 27 fevral 2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X3 ilə Axundova Xatirə Abdulməcid qızı arasında nikah ərarvadın birgə ərizəsi əsasında pozulmuş, bu barədə akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 23 № ilə qeyd edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 13 mart 2018-ci il tarixli 59 saylı Sərəncamı ilə yaşayış sahəsi 25.0 kv.m olan 1 otaqlı 2-ci mkr, yataqxana 13, otaq 108-ə dair Axundova Xatirə Abdulməcid qızı ilə kirayə müqaviləsi bağlanmış, 11 a saylı otaq köməkçi sahə kimi onun istifadəsində saxlanılmaqla adına verilmiş xx.xx.2007-ci il tarixli order ləğv edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı kompensasiya verilməsi üçün tərtib edilən siyahıya salınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, yataqxana binası 2022-ci ildə plana düşdüyü üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin yaratdığı komissiya tərəfindən siyahı tərtib edilərkən, 108-ci otağa Xatirə Axundovanın adı, 11 “A” saylı otağa isə Süsən Bayramovanın adı siyahıya alınaraq Nazirlər Kabinetinə göndərilmişdir. Həmin siyahıda 11 “B” saylı otaq qeydiyyata alınmamış və Nazirlər Kabinetinə göndərilən siyahıya əlavə edilməmişdir. 13 saylı yataqxana plana düşdüyü vaxtdan bütün əməliyyatlar dayandırılmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Nazirlər Kabinetinin 13 sentyabr 2023-cü il tarixli, 770s nömrəli sərəncamına əsasən 1 nəfərdən 3 nəfərədək ailə üzvü olan şəxslərə 31 000 manat məbləğində kompensasiyanın ayrılması nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 13 mart 2018-ci il tarixli 59 saylı Sərəncamı ilə yaşayış sahəsi 25.0 kv.m olan 1otaqlı 2-ci mkr, yataqxana 13, otaq 108-ə dair Axundova Xatirə Abdulməcid qızı ilə kirayə müqaviləsi bağlanmış, 11 a saylı otaq köməkçi sahə kimi onun istifadəsində saxlanılmaqla adına verilmiş xx.xx.2007-ci il tarixli order ləğv edilmişdir. İddiaçı Axundova Xatirə Abdulməcid qızı ilə nikahda olmuş, nikah ər-arvadın birgə ərizəsi əsasında pozulmuş, bu barədə akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 23 № ilə qeyd edilmişdir. Cavabdeh qeyd edir ki, İddiaçı və Xatirə Axundova müraciətləri ilə əlaqədar Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə dəvət olunaraq onlara 11 "A" saylı otağın X2 №550 saylı, xx.xx.1996-cı il tarixli orderə əsasən məxsus olması barədə məlumat verilərkən, X.Axundova həmin yardımçı sahənin özü tərəfindən 2 hissəyə bölünərək 11 “A” və 11 “B" saylı otaq yaratdığını bildirmişdir. Qeyd olunan yataqxana binası 2022-ci ildə plana düşdüyü üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin yaratdığı komissiya tərəfindən siyahı tərtib edilərkən, 108-ci otağa Xatirə Axundovanın adı, 11 “A” saylı otağa isə Süsən Bayramovanın adı siyahıya alınaraq Nazirlər Kabinetinə göndərilmişdir. Həmin siyahıda 11 “B” saylı otaq qeydiyyata alınmamış və Nazirlər Kabinetinə göndərilən siyahıya əlavə edilməmişdir. 13 saylı yataqxana plana düşdüyü vaxtdan bütün əməliyyatlar dayandırılmışdır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Hazırki iş üzrə iddiaçının 11 “A” saylı otağa dair hər hansı sənədi mövcud olmamaqla 11 “A” saylı otağa Süsən Bayramovanın adı siyahıya alınaraq Nazirlər Kabinetinə göndərilmişdir. Həmin siyahıda 11 “B” saylı otaq isə qeydiyyata alınmamışdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-782/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-782/2025
07.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver