Məhkəmə qərarları › İş №2-1(118)-783/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-783/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-783/2021 19.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin vəkili X3, Cavabdehin nümayəndəsi X1 (2 saylı Ərazi Vergilər Departamentində hüquqşünas işləyən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 33, mənzil 20-də yaşayan) iştirakı ilə, İddiaçı «xxxx” MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 15.01.2021-ci il tarixli **********6727 saylı qərarın ləğv edilməsi və iddiaçının depozit hesabından silinmiş 17.538,63 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı «xxxx” MMC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15.01.2021-ci il tarixli **********6727 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqəşdirilməsi barədə ərizə verərək 15.01.2021-ci il tarixli **********6727 saylı qərarın ləğv edilməsi və iddiaçının depozit hesabından silinmiş 17.538,63 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC 04 sentyabr 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən istehsalat sahəsini icarəyə götürərək polietilen paketlərin istehsalına başlamışdır. Yeni müəssisə olaraq MMC istehalla bərabər öz həyətində son istehlak təyinatlı hazır məhsulların pərakəndə ticarəti ilə də məşğul olmuşdur. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 11.09.2020-ci il tarixdən 20.11.2020-ci il tarixədək olan müddət üzrə iddiaçı "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən istehsalat və satış mərkəzində 18.11.2020-20.11.2020-ci tarixləri arasında operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Bu yoxlama tədbiri nəticəsində inzibati orqan tərəfindən 01.12.2020-ci il tarixində "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qayimə-faktura əsasında alınmamasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-faktura tərtib edilməməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" seriya DVX № 001132 akt tərtib etmişdir. İddiaçı həmin aktla razılaşmadığından aktın imzalanmasından imtina edilmişdir. Həmin akt əsasında 15.01.2021-ci il tarixdə "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********6727 nömrəli qərar qəbul edilmişdir. Göstərilən qərarla "xxxx" MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə- faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 50479,6 manat məbləğində məsuliyyətə cəlb edilmiş və həmin məbləğin 25.01.2021-ci il tarixədək büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. iddiaçı həmin qərarı qanunsuz hesaгb edərək ləğv edilməsini tələb edir. Belə ki, vergi orqanı tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi ücün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsasların hər hansı biri olmadığı halda həmin fəaliyyət həyata keçirilmişdir. Nəzarəti həyata keçirən vergi əməkdaşının iddiaçıya şifahi olaraq bildirdiyi "riskli vergi ödəyicisi olması" arqumenti isə tamamilə əsassız olmuşdur. "xxxx" MMC heç bir göstəricisi üzrə Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlar"a uyğun gəlmir. Vergi orqanı Vergi Məcəlləsinin 50.4-cü maddəsini pozaraq operativ vergi nəzarətini həyata keçirən vergi orqanının qərarını cəmiyyətə dərhal təqdim edilməli olduğu halda, həmin qərar nə əvvəldə, nə yoxlama müddətində, nə də ondan sonra təqdim etməmişdir. Vergi orqanı Məcəllənin 39.2-ci maddəsinin tələblərini pozaraq, yoxlamanın nəticələri üzrə tərtib etdiyi aktda və 49-cu maddəsinin tələblərini pozaraq qəbul etdiyi qərarda yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması hallarını göstərməmişdir. Yəni, vergi uçotunda olmayan şəxsə pərakəndə satış qaydasında nəzarət-kassa aparatı vasitəsilə çek verməklə malın satışı heç bir qanunvericilik aktında pozuntu kimi müəyyən edilməmişdir. Vergi Məcəllənin 39.2ci maddəsinə əsasən isə vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Qərarda istinad edilən və yuxarıda adı çəkilən aktda inzibati orqanın müəyyən etdiyi hal, yəni, "xxxx" MMC tərəfindən bir çek üzrə dəyəri 500 manatdan artıq olan 282 çek üzrə 504796 manat məbləğin nəzarət kassa aparatına daxil edilməsindən ibarətdir. İnzibati orqanda bu əməliyyatların Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-ci maddəsinə əsasən "aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək" vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Maddənin mətnindən göründüyü kimi "elektron qaimə-faktura göndərmək" vəzifəsi yalnız "vergi ödəyicisi kimi uçotda olan şəxslərə" münasibətdə icra olunmalıdır. Digər tərəfdən, hər hansı bir pərakəndə satış nöqtəsinin alıcı-fiziki şəxslərin sahibkarlıq subyekti olub- olmaması, onların vergi ödəyicisi kimi uçota alınıb-alınmamasının yoxlamalı olması kimi bir vəzifəsi yoxdur. Eyni zamanda Vergi Məcəlləsinin 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vəzifəsi müəyyən edilmişdir. Cəmiyyət istehsalat ərazisində satış mağazası təşkil etməklə və buradan istehsal etdiyi malların eyni zamanda pərakəndə satışını təmin etməklə qanunvericiliyin tələblərini pozmamışdır. Əksinə, Cəmiyyət Vergi Məcəlləsinin 13.2.62-ci və 16.1.8-ci maddələrinin tələbləri çərçivəsində fəaliyyət göstərmişdir. Bu baxımdan da "xxxx" MMC satış mağazasında hazır məhsullarını satan zaman alıcı fiziki şəxslərin özlərini "vergi ödəyicisi kimi uçotda olan şəxs" qismində təqdim etməməsi və ya həmin uçota alınmamasına görə məsuliyyət daşıya bilməz. Beləliklə, operativ vergi nəzarəti aktından göründüyü kimi yoxlama ilə istinad edilən çeklərlə mallarrın sahibkalıq və ya qeyri-sahibkarlıq subyektlərinə satılması müəyyən edilməmiş, bununla da iddiaçının təqsirli olduğu sübuta yetirilməmişdir. İddiaçı tərəfindən həmin qərar mübahisələndirildiyi bir müddətdə, "xxxx" MMC müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmə ərizəni qismən təmin edərək, "xxxx" MMC barəsində ərizəçinin hesablarının 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 15.01.2021-ci il tarixli **********6727 saylı "xxxx" MMC-nin vergi məsuliyyətinə cəlb edilməsi barədə mübahisələndirilən qərarı əsasında hesablanmış borcla bağlı 105 faiz həcmində dondurulması xaric həmin borcla bağlı hər hansı digər sərəncamların qoyulması cavabdehə qadağan edilmişdir. Buna baxmayaraq inzibati orqan qanunvericiliyin tələblərini pozaraq, əvvəlcə mübahisələndirmə müddəti bitməmiş, daha sonra isə məhkəmə qərarı ilə müəyyən edilmiş qadağaya məhəl qoymadan "xxxx" MMC-nin depozit hesabından silinmə həyata keçirmişdir. Belə ki, 13.01.2021-ci tarixinə "xxxx" MMC-nin şəxsi hesab vərəqəsi üzrə 13.397,96 manat artıq vergi ödəməsi olmuşdur. Lakin 15.01.2021-ci il tarixdə cavabdeh inzibati orqan mübahisələndirmə müddəti keçməmiş operativ vergi nəzarətinin **********6727 qərarı üzrə 50.479,60 manat maliyyə sanksiyası üzrə hesablamanı şəxsi hesab vərəqəsinə daxil edilərək, şəxsi hesab vərəqəsində olan 13.397,96 manat artıq ödənilmiş vergi məbləği hesabına maliyyə sanksiyasının bir hissəsi silinmiş və 37.081,64 manat qalıq borc yaranmışdır. Daha sonra 17.02.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən 2021-ci ilin yanvar ayı üzrə X8 bəyannaməsi təqdim edilmiş və təqdim edilən bəyannamə üzrə dövlət büdcəsinə 3.895,67 manat vergi öhdəliyi yaranmışdır ki, həmin məbləğ də iddiaçı tərəfindən 18.02.2021-ci il tarixdə büdcəyə ödənilmişdir. Lakin ödənilən həmin pul vəsaiti də cavabdeh tərəfindən yenidən 23.02.2021-ci il tarixdə müəssisənin ƏDV-Depozit hesabındakı qüvvəyə minməmiş, əməliyyatı qadağan edilmiş maliyyə sanksiyasının qalıq məbləğdən silinmişdir. Bundan əlavə ƏDV depozit hesabından 25.01.2021-ci il tarixdən 23.04.2021-ci il tarixədək bir neçə dəfə müxtəlif vaxtlarda cəmi 244,96 manat olmaqla faiz hesablanaraq tutulmuşdur. Beləliklə, 15.01.2021-ci il tarixli **********6727 saylı "xxxx" MMC-nin vergi məsuliyyətinə cəlb edilməsi barədə mübahisələndirilən qərarın icrası qaydasında 13.01.2021-ci il tarixdən 26.04.2021-ci il tarixədək cəmi 17.538,59 manat məbləğində (13.397,96+3.895,67+244,96) vəsait vergi orqanı tərəfindən "xxxx" MMC-nin depozit hesablarından qanunsuz olaraq silinmişdir. Bununla bağlı iddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 15.01.2021-ci il tarixli **********6727 saylı "xxxx" MMC- nin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarının ləğv edilməsi və həmin qərarın icrası ilə ilə əlaqədar "xxxx" MMC-nin ƏDV depozit hesabından silinmiş 17.538,63 manat məbləğin "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və əvvəlki məjkəmə iclasında iştirak edən nümayəndəsi X5 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izah etdi ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 18.11.2020-ci il tarixli **********2282 nömrəli qərarına əsasən iddiaçının ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı tərəfindən ümumi dəyəri 504796 manat məbləğində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışının həyata keçirildiyi müəyyən edilərək qanunpozuntusu faktı 01.12.2020-ci il tarixli akt tərtib edilməklə rəsmiləşdirilmişdir. İddiaçının vergi orqanına təqdim etdiyi 07.09.2020-ci il tarixli cəmiyyətin e-qeydiyyat ərizəsinə əsasən cəmiyyətin əsas fəaliyyət sahəsi 20599 kod altında “digər qruplara daxil edilməmiş sair kimyəvi məhsulların istehsalı” kimi qeyd edilmişdir. Vergi orqanına təqdim edilmiş məlumatlardan görünür ki, iddiaçı vergi orqanında dövlət qeydiyyatına alındığı tarixdən “digər qruplara daxil edilməmiş sair kimyəvi məhsulların istehsalı” fəaliyyəti ilə məşğul olmuş, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmamışdır. Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və 01.01.2017-ci il tarixdən qüvvəyə minmiş 13.2.63-cü maddəyə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti hesab edilir. İddiaçı müəssisə Vergi Məcəlləsinin 71-1-ci maddəsinin tələblərini pozaraq topdansatış fəaliyyəti ilə məşğul olduğu halda elektron qaimə-fakturaları təqdim etməmişdir. Topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında və həmçinin də vergi uçotu olmayan alıçılara ödəniş çeki verilməklə malları təqdim etməsi istinad edilən qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı tərəfindən ümumi dəyəri 504796 manat dəyərində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala birinci dəfə yol verilməsinə görə təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında 50479,60 maliyyə sanksiyası tətbiq edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ƏDV depozit hesabından silinmiş 17538,63 manat məbləğ Vergi Məcəlləsinin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla 88.1-ci maddəsinə əsasən yaranmış borc müvafiq olaraq, yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının məbləğlərinə uyğun sıra ardıcıllığı ilə cəmiyyətin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Sumqayit inzibati Məhkəməsinin müvəqqəti xarakterli 18 fevral 2021-ci il tarixli, MXMT(118)-11/21 nömrəli qərardadı 25 fevral 2021-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin poçt ünvanına daxil olmuş və 01.03.2021-ci il tarixdə icra edilmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçı bu tələblə bağlı mümkünlük şərtlərinə əməl etmədiyindən, yəni ilkin olaraq inzibati orqana müraciət etmədiyindən iddia həmin hissədə mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş : -Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, “xxxx” MMC 03.07.2020-ci il tarixdə hüqiqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. -2 saylı Ərazi Vergilər Baş İdarəsinin 18.11.2020-ci il tarixli qərarından görünür ki, “xxxx” MMC-də 19.11.2020-ci il tarixdən 18.12.2020-ci il tarixədək növbədənkənar operativ vergi nəzarəti qaydasında yoxlama təyin edilmişdir. -sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestr məlumatından çıxarışdan görünür ki, “xxxx” MMC-də 19.11.2020-ci il tarixdən 18.12.2020-ci il tarixədək növbədənkənar operativ vergi nəzarəti qaydasında yoxlama təyin edilməsi barədə qərar vahid məlumat reyestrində qeydə alınmışdır. -operativ vergi nəzarətiinn nəticəsi haqqında 01.12.2020-ci il tarixli DVX N001132 saylı aktdan görünür ki, “xxxx” MMC 11.09.2020-ci il tarixdən 30.11.2020-ci il tarixədək vergi ödəyicisi tərəfindən bir çek üzrə dəyəri 500 manatdan artıq olan 282 sayda çek üzrə 504796 manat məbləği nəzarət kassa aparatına daxil edilmişdir. Bu da həmin əməliyyatların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tıləblərinin pozulması kimi qiymətləndirilir. Bununla bağlı vergi ödəyicisinin barəsində 50.479,60 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməyi təklif olunur. -2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********6727 saylı 15.01.2021-ci il tarixli qərarından görünür ki, “xxxx” MMC Azərbaycan respublikasl Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyekindən (obyektindən) nəqliyyat vasitəsinə yüklənməsi üçün təsərrüfatdaxili yerləşmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 50.749,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -Sumqayıt İnzibati Məhkəməsinin 18.02.2021-ci il tarixli MXMT(118)-11/2021 saylı qərardadından görünür ki, iddiaçının mübəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi qismən təmin edilərək onun hesablarının 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 15.01.2021ci il tarixli **********6727 saylı qərarı əsasında hesablanmış borcla bağlı 105 faiz həcmində dondurulması xric həmin borcla bağlı hər hansı digər sərəncamların qoyulması cavabdehə qadağan edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:..... 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Cavabdeh hesab edir ki, iddiaçının fəaliyyət növü “digər qruplara daxil edilməmiş sair kimyəvi məhsulların istehsalı” olmuşdur. İddiaçının nizamnaməsinə görə onun qanunla qadağan olunmayan bütün fəaliyyət növü ilə məşğul olmaq hüququ vardır. Məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsası kimi iddiaçı müəssisənin topdansatış qaydada satış həyata keçirdiyi halda alıcı subyektin vergi ödəyicisi olub-olmamasını yoxlamaması və malları elektron qaimə-faktura tərtib edilmədən verməsi olmuşdur. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədi. İddiaçının 500 manatdan artıq məbləğdə satlş etməsi faktı onun topdansatış fəaliyyətlə məşğul olması faktı kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə, vergi ödəyicisinin pərakəndə və ya topdansatış fəaliyyətlə məşğul olmasını müəyyənləşdirmək üçün hər hansı məbləğ nəzərdə tutulmamışdır. İddiaçının topdansatış fəaliyyətlə məşğul olması yalnız vergi orqanının ehtimalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə görə pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllnin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Məhkəmə hesab edir ki, vergi ödəyiciinin elektron qaimə faktura göndərmək vəzifəsi yalnız vergi ödəyicisi kimi uçotda olan şəxslərə münasibətdə aid edilməlidir. Bu halda iddiaçının pərakəndə satış nöqtəsi kimi alıcı - fiziki çəxslərin sahibkarlıq subyekti olubolmaması və onların vergi ödəyicisi kimi uçota alınıb-alınmamasını yoxlamaq kimi bir vəzifəsi yoxdur. Belə ki, iddiaçı pərakəndə qaydada satış həyata keçirdiyindən belə bir vəzifə daşımamışdır və kassa aparatının çekini verməklə kifayətlənmişdir. Vergi Məcəlləsinin 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Məhkəmə hesab edir ki, müəssisə istehsalat ərazisində satış mağazası təşkil etməklə və buradan istehsal etdiyi malların eyni zamanda pərakəndə satışını təmin etməklə qanunvericiliyin tələblərini pozmamışdır. İddiaçı tərəfindən satış mağazasında hazır məhsulları satan zaman alıcı fiziki şəxslərin özlərini vergi ödəyicisi kimi uçotda olan şəxs qismində təqdim etməməsi və ya həmin uçota alınmamasına görə məsuliyyət daşımamalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, operativ vergi nəzarəti yoxlaması zamanı istinad edilən çeklərə malların sahibkarlıq və ya qeyri-sahibkarlıq subyektlərinə satılması müəyyən edilməmişdir ki, bu halda iddiaçının vergi məsuliyyətinə cəlb edilərək barəsində maliyyə sanksiyasının tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Həmin Məcəllənin 53.3-cü maddəsinin dördüncü bəndində qeyd edilir ki, vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “xxxx” MMC-nin barəsində çıxardığı 15.01.2021-ci il tarixli **********6727 saylı qərarı ləğv edilməli və iddiaçının depozit hesabından silinmiş 17.538,63 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçı “xxxx” MMC-nin barəsində çıxardığı 15.01.2021-ci il tarixli **********6727 saylı qərarı ləğv edilsin və iddiaçının depozit hesabından silinmiş 17.538,63 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar