Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-7856/2025 09.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı Şıxseyid oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba Rayon Məhkəməsinin (İş nömrə e-2(027)-1047/2021 saylı, xx.xx.2021-ci il tarixli) İddiaçı Şıxseyid oğluna məxsus (reyestr nömrəsi **********22) 0,72 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi, X1 adına olan JN-237F kodlu, 0,42 ha torpaq sahəsi və X2 adına olan JN- 241F kodlu, 0,30 ha torpaq sahələrinə aid çıxarışların ləğv olunması” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şıxseyid oğlu yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Şıxseyid oğlu, Quba rayonu, Küpçal kəndində ümumilikdə 0,72 ha torpaq sahəsi üzrə qanuni mülkiyyət hüququna malikəm. Bu hüquq 6 qanuni Şəhadətnamə (JN-230F-JN-235F, hər biri 0,12 ha) Notarius tərəfindən 2024-cü ildə təsdiqlənmişdir. 2004-cü ilin Şəhadətnamələri 2024-cü ildə Daşınmaz Əmlakın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ASAN Xidmət vasitəsi ilə İsbatov qardaşlarına təqdim olunmuşdur. 2024-cü ilə qədər İsbatov qardaşları, X3 və X4 ilə sənədlərin surətləri ilə məhkəmələrdə çəkişirdilər. 2024-cü ildə isbatovlara məxsus Şəhadətnamələrin əsli Daşınmaz Əmlak tərəfindən, ASAN Xidmət vasitəsi ilə təqdim olunmuşdur. Məhkəmə tərəfindən Daşınmaz Əmlaka sorğu göndərilməyib və sənədlərin kimə məxsus olduğu araşdırılmayıb. Əlavə qeyd: Hər bir Küpçal kənd sakini üçün bələdiyyə tərəfindən maksimum 0,12 ha tdrpaq sahəsi satıla bilərdi. Lakin bizim kəndə aidiyyəti olmayan Zeynalov AynurŞamil oğlu və X4 üçün əlavə olaraq iki saxta Şəhadətnamə düzəldilmişdir (iki adda 0,72 ha torpaq sahəsinin Şəhadətnamələri): JN-237F kodlu, 0,42 ha - X1 adına JN-241F kodlu, 0,30 ha - X2 adına X4 rəsmi şəkildə (imzalı ərizəsi ilə) həmin 0,30 ha torpaq sahəsinə heç bir aidiyyətinin olmadığını bildirib. Bu, saxta sənədin mövcudluğunu sübut edən ən güclü dəlildir. Əlavə olaraq, Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən gələn İki rəsmi cavab təsdiq edir ki, İsbatovlara məxsus torpaq sahələri heç bir halda başqa şəxslərə verilməyib və qeydiyyata alınmayıb. Bu cavablar göstərir ki, qarşı tərəfin təqdim etdiyi JN-237F və JN-241 F saylı Şəhadətnamələrin əsli mövcud deyil və qanunsuzdur. Heç bir araşdırma aparılmadan, İddiaçı Şıxseyid oğlunun adına olan 0,72 ha torpaq sahəsinin çıxarışı (Reyestr nömrəsi **********22) üzərinə Quba Rayon Məhkəməsi iş nömrə e-2(027)-1047/2021 saylı, xx.xx.2021-ci iltarixli qərardadla həbs qoyulmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı Quba rayon Məhkəməsinin (İş nömrə e-2(027)-1047/2021 saylı, xx.xx.2021-ci il tarixli) İddiaçı Şıxseyid oğluna məxsus (reyestr nömrəsi **********22) 0,72 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi, X1 adına olan JN-237F kodlu, 0,42 ha torpaq sahəsi və X2 adına olan JN-241F kodlu, 0,30 ha torpaq sahələrinə aid çıxarışların ləğv olunmasını istəyir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. İnzibati iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin icraatında 2-1(118)-3557/2025 saylı inzibati iş olmuş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadında iddiaçının iddia tələbinin əsasını təşkil edən hallar araşdırılmaqla münasibət bildirilmişdir. Məhkəmə bir daha qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olması qeyd edilən iddiaya baxılmasını istisna edir. Belə ki, iddiaçının mübahisələndirdiyi şəhadətnamələrin etibarsız hesab edilməsi və onların verilməsinə əsas olmuş alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası təəfindən xx.xx.2023-cü il tarixli, 2(105)-174/2023 saylı qətnaməsi ilə rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2443/2023 saylı qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 saylı Qərarında qeyd olunmuşdur ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPMin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qərarının preyudisiallığı prinsipi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı) Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı) Quba Rayon Məhkəməsinin (İş nömrə e-2(027)-1047/2021 saylı, xx.xx.2021-ci il tarixli) İddiaçı Şıxseyid oğluna məxsus (reyestr nömrəsi **********22) 0,72 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı məhdudiyyətin götürülməsi ilə bağlı müvəqqəti təminat tədbirini tətbiq edən məhkəməyə müraciət edə bilər. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-7856/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-7856/2025
09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver