Məhkəmə qərarları › İş №2-1(118)-7859/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-7859/2025

11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7859/2025 11.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X5 Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, (qərarın elanında iştirak etməmişdir) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “2011-2013-cü illər üzrə ona ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin - 36,450 (otuz altı min dörd yüz əlli) manat vəsaitin pul kompensasiyası olaraq cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib N8-2013-cü illər üzrə ona ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin - 64,415 (altmış dörd min dörd yüz on beş) manat vəsaitin pul kompensasiyası olaraq cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, N1-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyi, N5-ci ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirməklə zabit olaraq uzun illər Azərbaycan Orusunda xidmət etmişdir. Vətən Müharibəsinin iştirakçısıdır, bir sıra medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0546 nömrəli əmri ilə Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən polkovnik-leytenant rütbəsində hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxılmışdır. İddiaçı N8-2013-cü illər ərzində xidmətdə olduğu Salyan rayonu ərazisində yerləşən N saylı hərbi hissədən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən N saylı hərbi hissəyə hər ayı ayrı-ayrılıqda əhatə edən əmrlərlə ezamiyyətə göndərilmiş və həmin müddəti tam olaraq ezamiyyətdə keçirmişdir. Ezamiyyətdə olduğu dövrdə iddiaçıya gündəlik 5 (beş) manat olmaqla “səhra pulu” deyilən ödəniş edilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar N8-ci il tarixli, 14 nömrəli qərarı ilə nəzərdə tutulmuş (müvafiq illərə uyğun əlavələr də nəzərə alınmaqla) gündəlik ezamiyyə xərci normasını təşkil edən vəsaitlər ödənilməmişdir. İddiaçının şifahi tələblərinə baxmayaraq bu ödənişlər edilməmiş, nəticədə iddiaçı ezamiyyətdə olduğu dövrdə qanunvericiliklə nəzərdə tutulmuş ödənişi tam həcmdə almamaqla maddi ziyan çəkmişdir.İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək N saylı hərbi hissədə ezamiyyətdə olduğu N8-2013-cü illər ərzində ödənilməli olan ezamiyyə xərcləri üçün gündəlik normanı təşkil edən vəsaitlərin qeyd edilən tarixlərə uyğun olaraq hesablanmaqla maddi ziyanın əvəzi kimi pul kompensasiyası formasında ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3- 25-19/2-Ə-13xx-xx/2024 saylı məktubla iddiaçının ərizəsinin təmin olunmasından imtina edilmişdir.Aşağıdakılara əsasən ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin pul kompensasiya formasında iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır:Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar N8-ci il tarixli, 14 nömrəli Qərarının mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni N8-2011 və 2011-2013-cü illərdə qüvvədə olan 1ci bəndinə əsasən ezamiyyə xərclərinin 1 günlük norması N8-2011-ci illər üzrə Sumqayıt şəhərində 25,0 (iyirmi beş) manat, 2011-2013-cü illər üzrə isə Sumqayıt şəhərində 50,0 (əlli) manat təşkil etmişdir. Qeyd edilən müddət üzrə iddiaçıya gündəlik 5 (beş) manat vəsaitin ödənildiyini nəzərə aldıqda iddiaçıya N8-2011-ci illər üzrə ödənilməmiş ezamiyyə xərcinin gündəlik norması faktiki 20,0 (iyirmi), 2011-2013-cü illər üzrə isə faktiki 45,0 (qırx beş) manat təşkil edir. İllər üzrə hesabladıqda ümümilikdə ona 64,415 (altmış dörd min dörd yüz on beş) manat kompensasiya ödənilməlidir. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunla onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciətindən soma həmin Qanunun tələblərinə uyğun olaraq inzibati icraat aparsa da, bunu qanunvericiliyin tələb etdiyi qaydada həyata keçirməmiş, iddiaçının qaldırdığı tələbin təmin edilməsindən əsassız və qanunsuz şəkildə imtina etmişdir. İmtina üçün cavabdeh tərəfindən göstərilmiş xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş müdafiə nazirinin xx.xx.N2ci il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”nin 10-cu maddəsinin tələbləri hazırkı inzibati icraata şamil edilə bilməz. Belə ki, iddiaçı hazırda xidmətdə olan hərbi qulluqçu deyil və qeyd edilən Əsasnamə adından da göründüyü kimi Silahlı Qüvvələrin xidmətdə olan hərbi qulluqçularının pul təminatı məsələlərini əhatə edir. Digər tərəfdən aşağıda istinad ediləcək maddi hüquq normaları iddiaçıya xidmət dövründə ona vurulmuş ziyanın kompensasiya edilməsi və bununla da qanuni mənafeyini müdafiə etmək hüququnu təsbit edir. Cavabdehin imtina məktubunda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3cü maddəsinə istinad etməklə iddia müddətinin 3 il olması ilə bağlı mövqeyi də əsassızdır. Belə ki, iddiaçının cavabdeh qarşısında tələbi qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməli olan pul vəsaitinin sahibi kimi hüquqlarının pozulmasının aradan qaldırılmasına yönəldildiyindən Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbləri baxımından bu tələbə iddia müddəti tətbiq oluna bilməz. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı N8-2013-cü illərdə müxtəlif yerlərdə ezamiyyətlərdə olduğunu və ona ezamiyyə xərclərinin ödənilmədiyini bildirir.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 N-li Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların pul təminatı həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Müdafiə Nazirliyinin hərbi qulluqçularına verilən pul təminatı, Müdafiə Nazirinin xx.xx.N2-ci il tarixli 220 nömrəli əmri "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında" Əsasnamə və Müdafiə Nazirinin xx.xx.2017-ci i! tarixli 22 nömrəli Qərar ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" ilə tənzimlənir. Qeyd olunmuş Əsasnamələrin tələblərinə uyğun olaraq, hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı, əgər almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda verilmişsə, ödənilir. İddiaçı hərbi xidmətdə olduğu vaxt, eləcə də 2022-ci ildə hərbi xidmətdən ehtiyata tərxis olunana qədər müddət ərzində hüquqlarının pozulduğu barədə iddia qaldırmamışdır. İddiaçının mübahisələndirdiyi məsələ N8-2013-cü illərə aid olsa da o, 11 il keçdikdən sonra, iddia qaldıraraq 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilən Əsasnamənin tələblərinə uyğun olaraq və müddətdən 11 ildən 16 ilə qədər vaxt keçdiyini, həmçinin təsdiqedici sənədlərin (cədvəllərin) saxlama müddətinin bitdiyini nəzərə alaraq, tələbdə qeyd etdilən ezamiyyə xərclərinin ödənilib və ya ödənilməməsinin araşdırılması və baxılması mümkün deyildir.Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir.”Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.N1-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir”.Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377-ci maddəsinə görə iddia müddətinin başlanması, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(118)-6046/2024 nömrəli qərardadına əsasən iddia tələbi prosessual müddətin ötürülməsi səbəbindən mümkün sayılmamışdır.Sumqayıt Apellyasiya Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2- 1(105)-219/2025 nömrəli qərardadına əsasən Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(118)-6046/2024 nömrəli qərardadı qismən (İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “2011- 2013-cü illər üzrə iddiaçıya ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin (kompensasiyanın məbləği müəyyənləşdirilməklə) cavabdehdən tutularaq ona ödənilməsi”nə dair hissəsində) ləğv edilmiş, ləğv edilən hissədə iddiaya yenidən baxılması üçün inzibati iş həmin məhkəməyə göndərilməsi və qərardad qalan hissədə (İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “N8-2010-cu illər üzrə iddiaçıya ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin kompensasiyası olaraq cavabdehdən tutularaq ona ödənilməsi”nə dair tələb hissəsində) dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2-1(102)- 1308/2025 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2-1(105)-219/2025 nömrəli qərardadı mübahisələndirilən, yəni ““N8-2010-cu illər üzrə ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin kompensasiyası olaraq tutulub ödənilməsi”nə dair tələbin mümkün sayılmaması” hissəsində dəyişdirilmədən saxlanılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-25-19/2-Ə-13xx-xx/2024 nömrəli məktubu, Müdafiə Nazirliyinin etiraz ərizəsi, iddiaçıya aid Attestasiya vərəqəsinin surəti, MN №081954 nömrəli Pul attestatının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun Azərbaycan Respublikasının Silahlı qüvvələrində xidmət etdiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Müdafiə Nazirliyi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Müdafiə Nazirliyinin şəxsi heyətinə mənsub olduğu üçün bu qəbildən olan iddialara qanunvericiliklə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Belə olduğu tədqirdə Müdafiə Nazirliyinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, inzibati orqanın xx.xx.2024-cü il tarixli, 3-25-19/2-Ə-13xxxx/2024 nömrəli imtina məktubu ilə iddiaçının tələbinin təmin etməmiş və bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğundan məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. İşin araşdırılan hallarından görünür ki, iddiaçı N8-2013-cü illər ərazində almadığını iddia etdiyi ezamiyyə xərclərinin alınması ilə cavabdehə müraciət etmiş, işin məhkəmə icraatı zamanı məhkəmələrin hüquqi mövqeyi nəzərə alınmaqla tələbə dəqiqləşmə vermiş və 2011-2013-ü illər üçün almadığı ezamiyyə xərclərinin alınması hüququnu tələb edir. İddiaçı həmin xərcələrin ona verilmədiyini əsas gətirərək, cavabdehdən müvafiq məbləğin kompensasiyasını tələb edir. Lakin, cavabdeh təşkilat müvafiq kompensasiyanın verilməsinə etiraz edir. Belə ki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 137-ci maddəsinə əsasən hərbi qulluqçulara aşağıdakı hallarda ezamiyyətlərə icazə verilir: a) toplanışlar keçmək və kurslarda oxumaq üçün; b) döyüş hazırlığı ilə bağlı toplanış və digər tədbirləri təşkil etmək üçün; v) hərbi yüklərin, qoşunların, döyüş texnikasının əmlakının mühafizəsi və müşayiət edilməsi üçün; c) kuryerlik üçün, yaxud məxfi sənədlər aparan kuryeri müşayiət etmək üçün; d) xəstələrin və ya komandaların, məhbus və məhkumların müşayiət edilməsi üçün; e) konfranslarda, iclaslarda və s. iştirak etmək üçün; f) ordenlər və medal almaq üçün; z) məhkəmə və istintaq orqanlarında ittiham olunan zərərçəkən, şahid, ekspert, tərcüməçi kimi iştirak etmək üçün; idman və mədəni-kütləvi tədbirlərdə, habelə hərbi qulluqçuların xidməti fəaliyyəti ilə bağlı digər işlərdə iştirak etmək üçün. Həmin Əsasnamənin 138-ci bəndinə əsasən ezamiyyətlər hərbi hissə komandirinin əmri ilə hərbi hissə üzrə əmrlə elan edilməklə yerinə yetirilir. Ezamiyyətlərin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təyin edilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2012-ci il Qərarı ilə təsdiq edilmiş “X2 1, 2, 4, 5 və 6-cı bəndlərinə əsasən dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə, digər dövlət orqanlarında ezamiyyələrin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin edilir. Daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır.İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla). Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir.İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının ezamiyyətdə olduğu dövrlər üzrə ona ezamiyyə xərclərinin ödənilib-ödənilməməsi bağlı iş materiallarında sübut yoxdur. Cavabdeh orqan məhkəməyə ünvanladığı imtina məktubunda göstərmişdir ki, “...təsdiqedici sənədlərin (cədvəllərin) saxlama müddətinin bitdiyini nəzərə alaraq, tələbdə qeyd etdilən ezamiyyə xərclərinin ödənilib və ya ödənilməməsinin araşdırılması və baxılması mümkün deyildir.” Hərbi hissədən gedən (ehtiyata və ya istefaya buraxılan) hərbi qulluqçu barədə Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş Pul attestatı tərtib edilir. N nömrəli hərbi hissə tərəfindən iddiaçı barəsində MN №081954 nömrəli Pul attestatı tərtib olunmuşdur. Həmin Pul attestatının bir nüsxəsinin iddiaçıya təqdim edilməsini iddiaçı öz imzası ilə təsdiq etmişdir. Pul attestatında iddiaçının xx.xx.2022-ci il tarixədək hüququnun olduğu pul təminatı ilə təmin olunması öz əksini tapmışdır. Pul attestatında 4- cü bənddə “Almağa hüququ vardır, lakin ödənilməyib (əlavə məlumatlar)” qrafasında ezamiyyə xərclərinə dair hər hansı qeyd öz əksini tapmamışdır. İddiaçının keçən bu illər ərzində onun iddia etdiyi ödənilməyən ezamiyyə xərclərinə görə susması, o cümlədən hərbi xidmətdən ehtiyyata buraxılarkən ona ezamiyyə xərclərinin ödənilməməsini bildirməməsi, əksinə alacağının olmamasını imzası ilə təsdiq etməsi, sonradan belə bir iddia ilə çıxış etməsi ona ezamiyyə xərclərinin ödənilməməsini inandırıcı hesab etmir. Bundan başqa, məhkəmə qeyd edir ki, hətta iddiaçının iddia etdiyi şəkildə ona ezamiyyə xərcləri ödənilməsəydi (və ya tam şəkildə ödənilməsəydi) belə o, bununla bağlı iddia müddətini ötürmüşdür.Belə ki, “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1 və 13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 Nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların pul təminatı həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Müdafiə Nazirliyinin hərbi qulluqçularına verilən pul təminatı, Müdafiə nazirinin xx.xx.N2-ci il tarixli 220 nömrəli əmri "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında" Əsasnamə və Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” ilə tənzimlənir. Qeyd olunmuş Əsasnamələrin tələblərinə uyğun olaraq, hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı, əgər almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda verilmişsə, ödənilir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin “Öhdəliklərin xitamı üçün müddətlər” adlanan 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; Mülki Məcəllənin 373.1 -ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddaya etirazda iddia müddətinin keçməsinə istinad edilmiş və iddianın rədd edilməsi xahiş edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1 -ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.Həmçinin, bu zaman məhkəmə nəzərə almışdır ki, prosessual hüquq normalarından fərqli olaraq maddi hüquq normalarının tətbiqi iddianın mümkün sayılmaması üçün deyil, onun əsaslılığının qiymətləndirilməsi baxımından keçərlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “2011-2013-cü illər üzrə ona ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin - 36,450 (otuz altı min dörd yüz əlli) manat vəsaitin pul kompensasiyası olaraq cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar