Məhkəmə qərarları › İş №2-1(118)-787/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-787/2024

15.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-787/2024 15.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona Baş Leytenant rütbəsinin, “Xocavənd”in azad edilməsi, “Cəsur döyüşçü” medallarının verilməsi və Baş Leytenant rütbəsinə görə əlavə rütbə maaşının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1978-ci ildə anadan olmuş, 1996-2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində hərbi kafedranı bitirmiş və hərbi rütbəsi Leytenantdır. Bunu ona məxsus olan ZE Seriyalı ******* saylı hərbi bilet təsdiq edir. Vətən müharibəsi iştirakçısıdır. xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixinədək Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi uğrunda gedən döyüşlər zamanı yaralanmış, “Bud sümüyünün zədələnməsi. Sağ femoral və femoral kutanoz sinirlərinin postravmatik neyropatiya. Sensor-motor pozulma, funksiyanın mülayim dərəcədə pozulması” diaqnozu ilə ona xx.xx.2021 -ci ildə 3-cü dərəcəli əlillik verilmişdir. O, Vətən müharibəsi zamanı motoatıcı taqım komandiri vəzifəsini icra etmiş (N saylı h/h-nin 4-cü MAT) və hərbi rütbəsi Leytenant olmuşdur. Azərbaycan Respublikası MN-nin xx.xx.2020-ci il tarixli, 01452 saylı əmrlə səfərbərlikdən ehtiyata buraxılmış və onunla eyni vaxtda Vətən müharibəsində iştirak etmiş zabitlərə növbəti rütbələr verilsə də ona hərbi hissə komandanlığı tərəfindən Baş Leytenant rütbəsi verilməmişdir. N saylı hərbi hissənin 4-cü motoatıcı taborunun tabor komandiri mayor Elbrus Quliyev tərəfindən göstərdiyi şücaətə və qəhrəmanlığa görə həvəsləndirmə vasitəsi olaraq Baş Leytenant rütbəsi verilməsi üçün hərbi hissə komandirinə raport vermişdir. Həmçinin mayor E.Qarayev ona “Xocavənd”in azad edilməsi və “Cəsur döyüşçü” medallarının verilməsi üçün vəsadət qaldırılmışdır.Bildirir ki, “Füzulinin azad edilməsi” medalı ilə təltif edilsə də ona “Xocavənd”in azad edilməsi və “Cəsur döyüşçü” medalları verilməmişdir. Halbuki həmin medalların verilməsi üçün hərbi hissə komandanlığı qarşısında vəsadət qaldırılmışdır. Həmçinin hesab edir ki, ona Baş Leytenant rütbəsi zamanında verilmiş olsaydı xəsarətlə əlaqədar olaraq təyin edilmiş pensiyanın məbləği fərqli olardı. Yəni hazırki məbləğdən artıq olardı. Buna görə də ona Leytenant rütbəsi ilə Baş Leytenant rütbəsi arasında ödənilən rütbə maaşına görə əlavə kompensasiya ödənilməlidir. Beləliklə hesab edir ki, mənə Baş Leytenant rütbəsinin, “Xocavənd”in azad edilməsi, “Cəsur döyüşçü” medallarının verilməsi və Baş Leytenant rütbəsinə görə əlavə rütbə maaşının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin 17 may 2004-cü il tarixli 223 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimata əsasən: -hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimat birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. təqdimat bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə təqdim edilir. -kadr orqanları Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim olunmuş şəxslərin fərdi uçotunu aparır. -bütün təltif sənədləri “Silahlı Qüvvələrin şəxsi heyətinin təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə komissiya”da baxıldıqdan sonra Azərbaycan Respublikasının Müdafiə nazirinə təqdim olunur. -Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilir. Təltifi Müdafiə nazirinin səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur.Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş idarəsinin xx.xx.2023-cü il tarixli 1/3974 nömrəli məktubunda Şəxsi Heyət Baş idarəsinin Kadrlar idarəsində aparılan uçot sənədlərində İddiaçı “Cəsur döyüşçü, Xocəvəndin azad olunması görə medallarla və növbəti rütbə” təltif olunması ilə bağlı hər hansı bir rəsmi sənədin Müdafiə Nazirliyinin Təltif komissiyasına daxil olması barədə heç bir qeydiyyat aşkar olunmadığı qeyd edilmişdir. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanın üzərinə vəzifə qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 1/m-628 nömrəli imtina məktubu, iddiaçıya aid hərbi biletin surəti, medal vəsiqələrinin surəti, cavabdehin etirazı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-25-14/2-84/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ Vətən Müharibəsində iştirak etdiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Müdafiə Nazirliyi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı həmin dövrdə Müdafiə Nazirliyinin şəxsi heyətinə mənsub olduğu üçün bu qəbildən olan iddialara qanunvericiliklə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Belə olduğu tədqirdə Müdafiə Nazirliyi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, inzibati orqan xx.xx.2022-ci il tarixli, 1/m-628 nömrəli imtina məktubu ilə iddiaçının tələbinin təmin etməmiş və bu səbəbdən də iddiaçının məhkəməyə müraciət etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının yaşadığı yer Sumqayıt şəhəri ərazisi olduğundan məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin İV fəslinin tələblərinə əsasən hərbi qulluqçulara rütbələrin verilməsi həyata keçirilir. Bundan başqa Azərbaycan Respublikası Müdafiə nazirinin 17 may 2004-cü il tarixli 223 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimata əsasən hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimat birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. Təqdimat bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə təqdim edilir. Kadr orqanları Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim olunmuş şəxslərin fərdi uçotunu aparır. Bütün təltif sənədləri “Silahlı Qüvvələrin şəxsi heyətinin təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə komissiya”da baxıldıqdan sonra Azərbaycan Respublikasının Müdafiə nazirinə təqdim olunur. Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilir. Təltifi Müdafiə nazirinin səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təltif komissiyasındakı sənədlərdə İddiaçı Cəsur döyüşçü, Xocəvəndin azad olunması görə medallarla təltif olunması və növbəti rütbənin verilməsi üçün hər hansı bir rəsmi sənədin Müdafiə Nazirliyinin Təltif komissiyasına daxil olması barədə heç bir qeydiyyat və ya təqdimat mövcud deyil. Belə olan halda Müdafiə Nazirliyinin üzərinə müvafiq öhdəliklərin qoyulması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona Baş Leytenant rütbəsinin, “Xocavənd”in azad edilməsi, “Cəsur döyüşçü” medallarının verilməsi və Baş Leytenant rütbəsinə görə əlavə rütbə maaşının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar